Şrift:
Lavrov və Jirinovski kimilərin anti-Azərbaycan açıqlamaları - təpkimiz necə olmalıdır...
19.02.2018 [10:28] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Vətəndaşlar özləri Rusiya səfirliyinə, başqa qurumlara etiraz etməlidir”;

Nəzakət Məmmədova: “Rusiyaya qarşı ən yaxşı etiraz piket, mitinq yox, güclənməkdir”
Rusiyada hökumətdə təmsil olunan, eləcə də Kremlin əlaltıları sayılan şəxslərin dilindən Azərbaycana yönəlik, etiraz doğuran fikirlərin səslənməsi mütəmadi hal alıb. Belə şəxslərin önündə Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin getdiyi hər kəsə məlumdur.

Kremlin “danışan dil”i sayılan və hazırda prezidentliyə namizəd olan Jirinovski növbəti dəfə ölkəmiz barədə sərsəmləyib. Rusiya Dumasında təşkil edilən “Vmeste” Rusiya-Ermənistan sərgisində çıxışı zamanı bildirib ki, Qarabağ konfliktinin həlli onun Rusiyanın tərkibinə daxil olması ola bilər. O hətta daha irəli gedərək söyləyib ki, Ermənistan ölkədə Rusiya hərbçilərinin sayını artırmalıdır.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov da daim ermənipərəst mövqeyi ilə gündəmdə olması ilə yanaşı, Jirinovski sayağı fikirləri ilə də Azərbaycanda hər zaman müzakirə mövzusudur. Üzdə özünü Azərbaycana strateji tərəfdaş qismində göstərən Rusiya əslində Lavrov, Jirinovski kimilərinin dilə ilə öz gerçək niyyətini ortaya qoyur.

Bununla belə, Azərbaycan tərəfdən Lavrov, Jirinovski kimilərinin mövqeyinə sərt reaksiya verilməməsi sual doğurur. Dövlət səviyyəsində bunun çətin olduğu məlumdur. Lakin ən azından Rusiyanın Azərbaycandakı səfirliyi qarşısında müxtəlif formalarda etiraz aksiyaları təşkil oluna bilər ki, bunu da görmürük.

MDHP sədri, deputat Fərəc Quliyev hesab edir ki, belə şəxslərin danışıqları fərdi münasibət sayıla bilməz: “Bunların hər ikisi dövlət adamıdır, Lavrov XİN rəhbəridir, Jirinovski də Dumada təmsil olunur. Bu cür çağırışlar ilk dəfə deyil. Günlər öncə Rusiyanın Ermənistandakı səfiri demişdi ki, Qarabağ münaqişəsinin tənzimlənməsində ATƏT-in Minsk qrupu məsuliyyət daşıyır. Hər addımda bunlar münaqişənin həllinin açarı əlimizdədir kimi mesajlar verirlər. Rusiya böyük dövlət ola bilər, amma bu o demək deyil ki, bizim şərəfimizə toxunan hərəkətlər etməlidir. Avropa dövlətlərinin birindən Azərbaycanın icazəsi olmadan işğal edilmiş ərazilərə gələnlər olur, biz də etiraz edirik. Yaxınlarda Rusiya Dumasının rəhbərlərindən biri Ermənistan üzərindən gəlmişdi, lakin etiraz olmadı. Biz Rusiyaya adekvat cavablar verməliyik. Başqa bir məsələdə razılaşıram ki, partiyalar, ictimai təşkilatlar, vətəndaşlar özləri belə məsələlərdə Rusiya səfirliyinə və başqa qurumlara etirazlarını bildirməlidirlər. Mən bir dəfə parlamentdə belə bir təklif verdim. Normal qarşılanmadı. Hərtərəfli təpkilər olmalıdır. Çünki belə fikirlər fərdlərin yox, Rusiyanın mövqeyidir”.


Politoloq Nəzakət Məmmədova Rusiyanın bu mövqeyinə etiraz aksiyaları formasında deyil, başqa yollarla cavab verməyi vacib sayır: “Ermənistan hələ də ümid edir ki, Rusiya onun ”Böyük Ermənistan" planlarına kömək edəcək, onu Türkiyədən nəinki qoruyacaq, hətta Türkiyənin 6 vilayətini ona qaytarmağa kömək edəcək. Putin İrəvana səfəri zamanı 1-ci Pyotrun ermənilərə himayəçiliyə dair vəsiyyətini xatırlatmışdı və onun yerinə yetirildiyini bəyan etmişdi. Azərbaycan buna reaksiya verib nə edə bilər? Bu, Rusiyanın imperiya təfəkküründən doğan siyasətinin təzahürüdür, bunu yaxşı başa düşürük. Bizim buna etiraz aksiyası və digər yollarla reaksiya verməyimiz heç nəyi dəyişdirməyəcək. Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlət səviyyəsində dəfələrlə Moskvaya nota verib, bir çox məsələlərə etirazını bildirib. Lakin bu, Rusiyanın Ermənistan siyasətini dəyişdirməyib. Çünki bu, onun qlobal və regional imperialist siyasətinin bir hissəsidir. Rusiya onsuz da yaxşı bilir ki, onun Ermənistanı himayə etməsinə Azərbaycanın, həm rəsmi şəkildə, həm də ictimai rəyin münasibəti necədir. Sadəcə, Rusiya nə daxildə öz əhalisi ilə, nə də keçmişdə nəzarətində olan ölkələrin ictimai rəyi ilə hesablaşmağa və onunla işləmək istəməyən dövlətdir. 1956-ci ildə Macarıstanda, 1968-ci ildə Çexoslovakiyada, sonralar Qazaxıstanda, Azərbaycanda ictimai narazılıqların qoşun yeridilməklə yatırılması bunu deməyə əsas verir.
Biz etiraz etsək də, etməsək də Rusiyanın nə qədər ki, gücü yetir, imkanı çatdığı qədər öz siyasətini və şovinist maraqlarını həyata keçirməyə çalışacaq - həm postsovet məkanında, həm də dünyanın digər bölgələrində. Rusiyada yaşayan azərbaycanlıların etiraz aksiyası keçirmək və s. nəyisə dəyişməyəcək. Çünki məsələn, Britaniya yaxud Osmanlı imperiyasından fərqli olaraq - hansılar ki, keçmiş metropoliyadan olan insanları indi də öz cəmiyyətlərinə inteqrasiya edirlər və onlara siyasi elitaya qoşulmaq üçün şərait yaradırlar, - Rusiyada bu proses zəif gedir. Orada hansısa bir azərbaycanlının yüksək vəzifə tutub Azərbaycan üçün işlər görməsi mümkün deyil. Onlar hətta Belarus və ukraynalılar kimi slavyan kökündən olanlara belə həmişə şovinist nəzərdən yanaşıblar, nəinki azərbaycanlılara. Lakin azərbaycanlılar yüksək savadlı, olduğu cəmiyyətin kriteriyalarına uyğunlaşmalı və nələrisə dəyişməyə çalışmalıdırlar. Düşünürəm ki, Rusiyaya qarşı ən yaxşı etiraz piketlər, mitinqlər yox, potensialımızı ölkəmizin güclənməsinə və müstəqilliyinin möhkəmlənməsinə sərf etmək olardı. Eyni zamanda dünyanın digər güc mərkəzləri ilə qarşılıqlı faydalı, bərabərhüquqlu əməkdaşlıq Rusiyanın bizə olan təsirini və təzyiqini zəiflədir, onun Ermənistana dəstəyinin nəticələrini bizim üçün daha az təhlükəli edir. Hazırda Azərbaycan bu siyasəti yeridir. Məsələn, bir çox layihələr var ki, onlar heç də Rusiyanın maraqları nəzərə alınmadan, müstəqil şəkildə Azərbaycan tərəfindən irəli sürülüb və həyata keçirilib. Azərbaycanın müstəqilliyi möhkəmləndikcə, iqtisadi potensialı gücləndikcə, dünyada siyasi mövqeləri daha da möhkəmlənəcək və Rusiya-Ermənistan əməkdaşlığı bizim üçün problem olaraq əhəmiyyətini itirəcək".

Cavanşir ABBASLI
Bu xəbər oxucular tərəfindən 695 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed