Şrift:
Moskvada Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı olub
19.10.2011 [19:09] - Mədəniyyət
Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Azərbaycan Mədəniyyət Mərkəzinin açılış mərasimi olub.

APA-nın Moskva müxbirinin verdiyi məlumatına görə, Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasında yerləşən mərkəzin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Arzu Əliyeva, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, ABŞ, Fransa, Bolqarıstan, Niderland, Latın Amerikası və Avropa Birliyi ölkələrinin mədəniyyət və informasiya mərkəzlərinin, eləcə də Rusiya ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Açılış mərasimində çıxış edən Leyla Əliyeva bildirib ki, Azərbaycan Mədəniyyət Mərkəzinin başlıca fəaliyyət prinsipi iki ölkə arasında mədəniyyət sahəsində əlaqələri daha da inkişaf etdirməkdir: “Ümid edirəm ki, bu mərkəz yaşından asılı olmayaraq hamı üçün maraqlı olacaq. Moskva sakinləri burda Azərbaycanın mədəni irsi ilə yaxından tanış olacaqlar. Mərkəzdə mədəniyyətimizi təbliğ edən sərgilər, təqdimatlar keçiriləcək. Burada eyni zamanda Azərbaycan dili tədris ediləcək”.

P. Bülbüloğlu isə çıxışında bu günün çox mühüm bir gün olduğunu söyləyib: “Kitabxanada MDB ölkələrindən ilk olaraq Azərbaycanın mədəniyyət mərkəzinin açılması bizim üçün fəxrdir. Burada Azərbaycanın mədəni irsinin təbliğ olunması çox böyük hadisədir”.

Mərkəzin direktoru Nisə Mustafayeva mərkəzin gələcəkdə görəcəyi işlərdən danışıb. O, burada daimi və birdəfəlik layihələrin keçiriləcəyini söyləyib: “Bunlar əsasən Azərbaycan dilinin tədris olunması və Azərbaycanın müasir tarixi ilə bağlı layihələr olacaq”.

Açılış mərasimində azərbaycanlı rəssam Əşrəf Heybətovun əsərlərindən ibarət sərgiyə baxış keçirilib.
Bu xəbər oxucular tərəfindən 1225 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed