Şrift:
Azərbaycanla Monteneqro arasında dörd sənəd imzalanıb
16.09.2011 [13:51] - Gündəm
Sentyabrın 16-da Azərbaycan prezidenti İlham Əliyev və Monteneqro prezidenti Filip Vuyanoviçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olub.

APA-nın məlumatına görə, İ. Əliyev bildirib ki, bu səfər tarixdə qalacaq, çünki birinci rəsmi səfərdir: “Mən əminəm ki, səfər çox uğurlu keçəcək və səfərin nəticələri çox müsbət olacaq. Bizim ikitərəfli münasibətlərimiz çox uğurla və deyə bilərəm ki, çox böyük sürətlə inkişaf edir. Qısa müddət ərzində həm siyasi, həm iqtisadi sahələrdə məsləhətləşmələr aparılıb. Hər iki tərəf bu əlaqələrin inkişafı üçün dəyərli töhfələrini verir. Mən əminəm ki, bu gün aparılan və aparılacaq danışıqlar ölkələrimizi daha da yaxınlaşdıracaq”.

Öz növbəsində, F. Vuyanoviç xarici işlər nazirlərinin qarşılıqlı səfərlərinin həyata keçirildiyini xatırladıb, Azərbaycan səfərinin əlaqələrin bundan sonra dərinləşməsinə və inkişaf etdirilməsinə öz müstəsna töhfəsini verəcəyini bildirib: “Hesab edirəm ki, iki ölkə arasında siyasi əlaqələr iqtisadi əlaqələrin bünövrəsini qoyacaq və inkişaf edəcək”.

Geniş tərkibdə danışıqları başa çatdıqdan sonra Azərbaycan-Monteneqro sənədlərinin imzalanması mərasimi olub.

“Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Monteneqronun Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Monteneqronun mədəniyyət naziri Branislav Miçunoviç, “Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Monteneqronun iqtisadiyyat naziri Vladimir Kavariç, “Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş”i Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev və Monteneqronun iqtisadiyyat naziri Vladimir Kavariç, “Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev və Monteneqronun iqtisadiyyat naziri Vladimir Kavariç imzalayıblar.
Bu xəbər oxucular tərəfindən 1245 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed