Şrift:
Hakimiyyət siyasi məhbus məsələsini qapadır – iddia
27.02.2018 [09:57] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
“Bir dəfə siyasi məhbusları azad edib Avropa Şurasına daxil olduq, indi də addım atıb Avropa İttifaqı ilə saziş imzalayacağımıza inanıram”
Azərbaycan hökumətinin 11 apreldə keçiriləcək növbədənkənar prezident seçkiləri ərəfəsində və ondan sonrakı qısa müddət ərzində siyasi məhbus məsələsini tamamilə həll edəcəyi barədə məlumatlar var. Xəbərdə qeyd edilir ki, iqtidar əslində bunu problem kimi deyil, iddia kimi qəbul edir. Amma onun da fərqindədir ki, beynəlxalq təşkilatlar onlara təqdim edim edilmiş siyahılar üzrə davamlı olaraq Azərbaycana təzyiqlər göstərməyə çalışırlar. İddia edilir ki, iqtidar qısa zaman kəsiyində siyasi məhbuslarsız bir dönəmə başlamaq siyasəti həyata keçirəcək.

Hökumətin mart ayında - seçkiöncəsi veriləcəyi anons edilən geniş əfv sərəncamı və may ayında qəbul ediləcəyi gözlənilən amnistiya aktı ilə bu problemi aradan qaldırmaq və Avropa ilə münasibətləri tamam yaxşılaşdırmaq niyyətində olduğu iddia edilir.

“Siyasi məhbuslarsız Azərbaycan” dönəmində bütün sahələrdə müsbət yöndə ciddi dəyişikliklərin olacağı da vurğulanır.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat, keçmiş siyasi məhbus Fərəc Quliyev bildirdi ki, Azərbaycanda sırf siyasi fəaliyyətlə bağlı həbs edilən şəxslər yoxdur: “Mənim həbs edildiyim dönəm tamam fərqli idi. Mənim və Arif Paşayevin o dönəmdə azadlığa buraxılması üçün bir milyondan artıq imza toplanmışdı. Amma indi istər jurnalist, istərsə də başqa sahələrdən olsunlar, konkret ittihamlarla həbs olunublar. Beynəlxalq qurumlardan siyasi məhbus kimi təqdim olunan şəxslər var. Bu da anormal hal yaradır. Belə şəxslərin yaratdıqları əngəlləri aradan qaldırmaq üçün onların azad edilməsi normal hal olacaq. Parlamentin sonuncu iclasında da anons oldu ki, geniş bir əfv olacaq. Hətta spiker də bu barədə danışdı. Bu baxımdan veriləcək əfv və qəbul olunacaq amnistiya az adama şamil olunmayacaq. Kiminsə əlinə bəhanə verməmək üçün müxtəlif kateqoriyalardan olan, bizim QHT-lərin beynəlxalq təşkilatlara siyasi məhbus adı ilə təqdim etdikləri məhbusların azad edilməsi gözlənilir”.

İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Novella Cəfəroğlu qeyd etdi ki, “Siyasi məhbuslarsız Azərbaycan” ideyası çox gözəldir: “Biz Avropaya çox gedirik, hər dəfə də bizə siyasi məhbuslarla bağlı suallar verirlər. Siyasi məhbuslarsız dövlət olduqda, Dağlıq Qarabağ məsələsini bizlər daha ciddi şəkildə qaldıra bilərik. Bu, bizim üçün ”yaşıl işıq"dır. Hər dəfə bizə Ermənistan və Gürcüstandan olanlar deyirlər ki, sizlərdə siyasi məhbuslar var. Halbuki onlarda da var, sadəcə, üzə çıxarmırlar. Prezident seçkisindən sonra siyasi məhbus problemini tamam aradan qaldırsaq, Azərbaycan üçün Avropa İttifaqı arasında hazırda gedən danışıqların nəticəsi tezliklə olar və saziş imzalanar. Daha sonra isə Aİ-yə girməyə bir addım qalar. Bunların olacağına inanırıq. Uzun illərdir bu işlərlə məşğuluq, inamla insanları azad etdiririk. Doğrudur, azad etdirdiklərimizin bəziləri ölkədə qalıb normal fəaliyyətlə məşğul olurlar, amma bəziləri də xaricə qaçıb hakimiyyəti söyür. Lakin əslində səni, məni və başqalarını söyürlər. Biz bütün məhbusların müdafiəsinə qalxırıq. Vaxtilə 716 nəfərlik siyahı var idi. O zaman həmin siyasi məhbusları azad edib, Avropa Şurasına daxil olduq, indi də addım atıb Avropa İttifaqı ilə saziş imzalayacağımıza inanıram. Əslində bütün dövlətlərdə siyasi məhbuslar var, sadəcə, Azərbaycana qarşı bir qərəzli yanaşma mövcuddur. Biz bu bəhanələri onların əlindən almalıyıq".

Cavanşir ABBASLI
Bu xəbər oxucular tərəfindən 698 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed