Şrift:
Diplomatiyamızın və diasporumuzun uğuru
28.02.2018 [13:28] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Millət vəkillərinin fikrincə, dünya mətbuatının Xocalı faciəsinə yer ayırması səbəbsiz deyil

Xocalı soyqırımına dünyanın müxtəlif ölkələrindən reaksiyalar gəlməkdədir. O cümlədən müxtəlif ölkələrin kütləvi informasiya vasitələri Xocalı hadisələri ilə bağlı obyektiv reallığı əks etdirən məqalələr dərc edirlər. Türkiyə mətbuatın mütəmadi olaraq bu cür yanaşması təbiidirsə, Rusiya KİV-lərinin bu il nümayiş etdirdiyi yenilikdir. Artıq şimal qonşumuzun mediası da Xocalı faciəsində yazmağa xəsislik etmir. Bütün bunlar təbii ki, Xocalı faciəsinin bir reallıq olması, bir çox dövlətlər və təşkilatlar tərəfindən tanınması ilə əlaqədardır. Eyni zamanda, Azərbaycan dövlətinin rəsmi səviyyədə və vətəndaş cəmiyyəti institutlarının apardığı işlər də xüsusi qeyd edilməlidir.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirdi ki, Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı Türkiyə, Rusiya və bir çox dünya ölkələrinin mətbuatında xeyli sayda materiallar dərc edildi, verilişlər efirə getdi: "Təbii ki, qardaş Türkiyə mətbuatında hər il olduğu kimi, bu dəfə də Qarabağ həqiqətləri, Xocalı soyqırımı ilə bağlı məqalələr yer aldı. Eyni zamanda, Rusiyanın "Rosiya 24” telekanalında və digər media orqanlarında da faciə ilə bağlı verilişlər, yazılar öz əksini tapdı. Onu da qeyd edim ki, Avropa və digər ölkələrin kütləvi informasiya vasitələri tərəfindən də analoji addımlar atıldı. Ümumiyyətlə, bütün bunlar Azərbaycanla bağlı həqiqətlərin xaricdə yayılması istiqamətində müsbət addımlardır. Bu onu göstərir ki, haqq incələr, amma üzülməz. Doğrudan da Xocalıda insanlığa sığmayan cinayət hadisəsi baş verib. Bu şəhərin insanları yalnız milli xüsusiyyətinə, azərbaycanlı olduğuna görə qətlə yetiriliblər. Hesab edirəm ki, artıq dünyanın ayrı-ayrı aparıcı informasiya vasitələri həqiqətləri görür. Lakin biz dayanmalı deyilik, kifayət qədər iş aparmalıyıq, Azərbaycan həqiqətlərini xaricdə geniş yaymalıyıq. Dünyanın aparıcı informasiya vasitələrinə Azərbaycanla bağlı həqiqəti əks etdirən materialları təqdim etməli və onlarla işləməliyik. Bu istiqamətdə işlərimizi yüksək səviyyədə qurmalıyıq”.
Ə.Amaşov əlavə etdi ki, ölkəmiz indi 90-cı illərdəki Azərbaycan deyil: "O cümlədən ölkədəki vətəndaş cəmiyyəti institutları öz fəaliyyətlərini aktiv şəkildə qura biliblər. İnternetdə müəyyən araşdırmalar aparılsa, "Xocalı” və "genosid” sözlərinin yanaşı yazıldığına xeyli sayda rast gəlinər. Bu da məhz vətəndaş cəmiyyəti və medianın birgə apardığı işlərin nəticəsidir. Avropanın, Amerikanın ayrı-ayrı şəhərlərində Xocalı soyqırımını yerli sakinlərə çatdırmaq üçün xeyli sayda tədbirlər oldu və burada diaspor və qeyri-hökumət təşkilatlarının rolu çoxdur. Düşünürəm ki, bütün bu görülən işlər Azərbaycanın uğurudur və amma bununla kifayətlənməli deyilik”.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev bildirdi ki, Xocalı soyqırımı həqiqətlərinin yayılmasında Türkiyəni Rusiya ilə müqayisə edə bilmərik: "Çünki Rusiya Xocalı soyqırımında iştirak edən bir dövlətdir. Milli Məclisdə bu soyqırımla bağlı bəyanat qəbul ediləndə də mən kəskin şəkildə etiraz etdim ki, Rusiyanın adı çəkilməlidir. Çünki orada 366-cı alayı SSRİ-yə məxsus bir hərbi birləşmə kimi təqdim etdilər. Hər kəs bilməlidir ki, ermənilər Xocalı faciəsini 366-cı alayla birgə törədib. Elə bu günlərdə həmin hərbi birləşmənin komandiri çıxış edərək, baş verənlərə görə üzr də istədi. Xocalıdan sonra məhz Rusiya mətbuatının bunu gündəmə gətirməsi bizim diplomatiyamızın uğuru sayıla bilər. İndi onlar sadəcə mövqelərində gerçəyi ifadə eləmək müstəvisinə gəlib çıxıblar. Təbii ki, Rusiya mətbuatı indiyədək nə baş verdiyini bilirdi və amma susurdu. Fikrimcə, günün birində rəsmi Moskva o dövrdəki Rusiya hakimiyyətinin məsuliyyət daşımasını da etiraf edəcək. Bu, indiki hakimiyyətin və rus xalqının günahı deyil”.

F.Quliyev qeyd etdi ki, Türkiyə tərəfi ermənilərin soyqırımı törədib bunu türk xalqlarının üzərinə atmasını çox yaxşı bilir: "Halbuki ermənilərin Güney Azərbaycandan tutmuş bizim ərazilərə qədər soyqırımı törətdiyi hər kəsə bəllidir. Elə Türkiyənin özündə türkləri qətlə yetiriblər. Avropada, Amerikada Xocalı soyqırımının tanınması isə birmənalı şəkildə Azərbaycan diplomatiyasının və diasporunun uğurudur”.

BƏXTİYAR

Bu xəbər oxucular tərəfindən 1201 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed