Şrift:
Eks-prezidentlər və onların ailəsinin aylıq pensiyası 7500 manat olacaq
26.06.2012 [23:44] - Sosial
Azərbaycanda sabiq prezidentlər və onların ailə üzvlərinin təminatını nəzərdə tutan Konstitusiya qanununu təsdiqlənib.

Qanuna görə, keçmiş prezidentə, habelə onun vəfatından sonra ailəsinə müxtəlif təminatlar verilir. Bu təminatlardan biri də keçmiş prezidentə, onun vəfatından sonra ailəsinə Azərbaycan Respublikasının fəaliyyətdə olan prezidentinin aylıq vəzifə maaşının 50 faizi məbləğində aylıq pensiyanın verilməsidir.

Maraqlıdır, keçmiş prezidentə və ya onun vəfatından sonra ailəsinə veriləcək aylıq pensiyanın məbləği nə qədər olacaq?

Məlumatlara görə, Azərbaycan prezidentinin maaşı təxminən 15000 manatdır. Azərbaycan prezidenti öz maaşının artırılmasını 2005-ci ildə dayandırıb. Onun təşəbbüsü ilə Azərbaycan prezidentinin «minimum əmək haqqının 600 misli» qədər maaş alması müddəası Seçki Məcəlləsindən çıxarılıb və dövlət başçısının maaşı 15 min manat müəyyən edilib. Həmin dövrdən bəri ölkədə minimum əmək haqqı dəfələrlə artırılsa da, bu, prezidentin maaşına təsir etmir.

Bu isə onu deməyə əsas verir ki, keçmiş prezidentə və ya onun vəfatından sonra ailəsinə veriləcək aylıq pensiyanın məbləği təxminən 7500 manat edəcək (ölkə prezidentinin maaşının 50 faizin qədər).

Qeyd edək ki, müstəqillik dövründə Azərbaycanın 3 keçmiş prezidenti olub: Ayaz Mütəllibov, Əbülfəz Elçibəy və Heydər Əliyev. Nəzərə alsaq ki, mərhum eks-prezident Heydər Əliyevin özü və həyat yoldaşı sağ deyil, oğlu isə hazırki dövlət başçısıdır onda belə demək olar ki, eks-prezidentlərə dair qanunun verdiyi təminatlardan daha çox hazırda həyatda olan Ayaz Mütəllibov və mərhum dövlət başçısı Əbülfəz Elçibəyin ailəsi faydalanacaq.

Adəm Qorxmaz
Bu xəbər oxucular tərəfindən 1379 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed