Şrift:
Avtobusda dil dərsi
27.06.2012 [16:33] - Sosial
Məşədi Cəfər

DAVAM.AZ: Avtobuslarda Azərbaycan Türkcəsində "ən gözəl" yazı - "Özünüzü cibəgirənlərdən QORUYUN". Bunun əvəzinə "Bizim hamımız oğruyuq" yazılsa daha yaxşı olar və ya "bu ölkədə qanun, polis, dövlət YOXDU" yazılsa da pis olmaz.

Uca millətimin doğma ana dilinə münasibəti məni üzən məsələlərdəndi. İctimai nəqliyyatda, toyda, yasda insanlarımızın öz ləhcəsinə rus, fars, ingilis sözü qatıb danışmasından çox dilxor oluram. Əvvəllər buna etiraz da edərdim. Amma bir ara soydaşlarımın mənə çəp-çəp baxmasından ehtiyat elədim və dil məsələsinə aşkar etiraz eləməyi buraxdım. Çox aludə olmuşdum bu işlərə, məzhəb haqqı. Toyda gözəl xanım görəndə qarnını bir az da irəli verib forslanan, pafosun dozasını artıran tamadaya, yasda mollaya irad tuturdum. Deyirdim, a tamada, Müzəffər SNQ nədir, heç olmasa Müzəffər MDB qoy təxəllüsünü. Və ya a molla, xüftən namazı deyil, işa namazıdır, düz danış. “Vızov atdım”, “postoyannı klient” demə, ana dilində danış. Bir də görürsən ömrü boyu rus dilində bir kitab üzü açmayan, 4 cümlə bilməyən rayonlu balası danışır: “Ayə, ora mənim postayannı getdiyim yerdi. Hər dəfə zemlyakımla gedirəm. Brat, qorxub eləmə, get. Vseravno başqa yerə gedirsən də”. Və ya bir kubinkalı başqa bir məələ uşağına deyir: “Dedim, alə çuşka, nol şest nə vaxtdan maşın oldu? Yenə nolyeddi olsa hə. Məələdə biri var, rayon uşağıdı, kəndçi baladı. Alə, deyir ki, ən yaxşı vratar, Rüşdüdü. Dedim, brat, çaşmısan? Rüşdünün hay-hayı gedib e. Ən yaxşı vratar Buffondu. Alə, görürsən ştrafnoylardan vurulan udarları necə qaytarır?” Məhlə qədeşini qınaya da bilmirsən. Liderin şərhçisi “Çeşiya hücumu” (çexlər hücum etdi demək istəyir) deyirsə, qədeşbala da gərək belə danışsın.
Bu günlərdə Bütöv və Demokratik Azərbaycan Uğrunda İrəliyə Hoppanış Təşkilatının gənc liderlərindən biri ilə həmsöhbət oldum, vətənpərvərlik damarım yerindən oynadı. Avtobusa mindim ki, evə gələm. Sakitcə oturub bəyin laflarını beynimdən keçirir, türk olmağımın qürurunu yaşayırdım. Birdən sürücünün deyinməsinə diksindim: “Alə, bu dispetcer də lap “mozqimi” xarab edib. Neçə dəfə demişəm, görürsən pasajir yığıram, pul istəmə. Dayanıb ostanovkada, üzümə baxır”. Qayıtdım ki, a qağa, pasajir yox, sərnişin. Mozqimi yox, beynimi. Ostanovka yox, dayanacaq, ya da duracaq. Sürücü üzümə tərs-tərs baxıb dedi: “Alə, işin-gücün qurtarıb sənin? Nəqliyyat qoçuları mozqimizi elə zad eləyir ki, dədəmin adı yadımdan çıxr. Sən də başlamısan, ki milli dildə danış”. Üzündən Elçin Bayramlının marksist yazılarının təsirinə düşdüyü o dəqiqə bilinən gənc oğlan replika atdı: “Heyf deyildi, Sovet vaxtı. Adını imperiya qoyub dağıtdıq. Rusun dövründə ana dili daha təmiz idi”. Arxada əyləşmiş dindar cavan da dilləndi: “Ana dili nədi e? Əsas odur, insan namaz qılsın, oruc tutsun, pirə nəzir aparsın. Onsuzda o dünyada farsca danışacaqlar-Ocaqnejad ağadan şəxsən eşitmişəm. Gedin farsca öyrənin”. Bir nəfərin qəzəblə “əstəğfurulllah” deməsindən bildim ki, vəhabidir. Qaqam lap gül vurdu: “Ana dili, millət zad haqqında düşünmək hamısı haramdır. Saqqalınızı uzadın, dilinizi qısaldın!. Gedin namaz qılın, Həci Qamətin moizələrini dinləyin”. Saçını Eurovisona gəlmiş irlandiyalı bambılı gədələr kimi qırxdırmış bir oğlan da saqqız çeynəyə-çeynəyə hırıldayıb belə dedi: “Alə, gedün ingilis dili öyrənün! Dayanacağa astanofka desəm nə olacaq, duracaq desəm nə?”
Gördüm, təklənəcəm, sürücüyə yaxınlaşıb dedim: “Qaqa, semiçka satan arvadın yanında saxla. Arxa oturacaqda əyləşmiş qonşum Bikə xala burda dilləndi: “Məşədi, semickasatan yox, tumsatan”. Matım-qutum qurudu. Həm utandım, həm də sevindim. Utandım, ona görə ki, mən də səhvən rus kəlməsi işlətmişdim. Sevindim, ona görə ki, yolboyu danışdıqlarım heç olmasa bircə nəfərə təsir etmişdi.
Bu xəbər oxucular tərəfindən 1675 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed