Şrift:
Gənc Tamaşaçılar Teatrı aprel şəhidlərinin xatirəsini anıb
07.04.2018 [09:54] - Gündəm, Hərb
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aprel döyüşlərində həlak olan şəhidlərin xatirəsinə həsr olunan tamaşa nümayiş olunub.

Teatrdan verilən məlumata görə, “Yarımçıq qalmış” adlı tamaşa aprel ayında cəbhə xəttində gedən döyüşlər zamanı şəhid olan Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakültəsinin məzunu Samir Kaçayevin xatirəsinə həsr olunub.

Tamaşadan əvvəl teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov, teatrın baş rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov, tamaşanın rejissoru , Xalq artisti Vaqif Əsədov səhnəyə çıxıblar. Torpaqlarımız uğrunda şəhid olan vətən oğulları bir dəqiqəlik sükutla yad edildikdən sonra teatrın direktoru bildirib ki, 2016-cı ilin apel ayında Azərbaycanın növbəti qəhrəmanları doğulduar. Düşmən hücumlarına layiqli cavab verən igidlərimiz torpaqlarımızın sahibsiz olmadığını bir daha sübut etdilər. Dörd günlük aprel döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin gücünü, qüdrətini, ordumuzun peşəkarlığını o qədər də geniş şərh etməyə yəqin ki, ehtiyac yoxdur. Yüksək peşəkarlıq, ciddi nizam intizam, lazımi səviyyədə təchizat, yetərli maddi-texniki baza, şəxsi heyətin ruh yüksəkliyi, sağlam zabit - əsgər münasibəti, hərbi və əməliyyat tapşırıqlarının yerinə yetirilməsində elmi və praktiki təcrübə kimi halları ordumuzun ünvanına qürur hissi ilə ünvanlaya bilərik. Azərbaycan ordusu xalqımıza məxsus olan zəngin hərbi ənənələri böyük məsuliyyət və şərəflə davam etdirir. Azərbaycan ordusunun qüdrətlənməsi və inkişafı ilə bağlı ən önəmli və danılmaz fakt isə ondan ibarətdir ki, dövlət ordu quruculuğuna xüsusi diqqət və qayğı ilə yanaşır.

Tamaşanın rejissoru Vaqif Əsədov çıxışı zamanı qeyd edib ki, teatr hər zaman vətənpərvərlik ruhunda tamaşalara xüsusi yer ayırır. Bu gün gənc nəslin vətənpərvərlik ruhunda tərbiyələnməsində teatrın repertuarında yer alan tamaşalar yetərincədir. Rejissor əsərin müəllifi Y.Abramovun bu əsəri əsl vətənpərvərlik hissləri ilə qələmə aldığını vurğulayaraq bu gün Azərbaycandan kənarda yaşayan müəllifə təşəkkürlərini ünvanlayıb. Teatrın baş rejissoru Bəhram Osmanov əsərin teatrın repertuarında baxımlı tamaşalar sırasında olduğunu vurğulayaraq, diqqətə çatdırıb ki, aprel döyüşlərində şəhid olan igid oğullarımız vətən üçün yaşadılar, ömürləri kimi arzuları yarımçıq qalsa da xalq tərəfindən hər zaman xatirələri əziz tutulur. Şəhidlər hər bir Azərbaycanlının qəlbində sevgi ilə qorunan abidədir. Tamaşa gənc nəslə vətənə sədaqət hissinin aşılanmasına xidmət edir.

Daha sonra tamaşa nümayiş olunub. Y.Abramov və Leyla Bəyimin “Yarımçıq qalmış...” (Xəyalpərvər oğlan”) əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın səhnə əsərinin quruluşçu rejissoru, Xalq Artisti Vaqif Əsədov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, rejissoru Gülnar Hacıyeva, plastik səhnələrin rejissoru Pərviz Məmmədrzayev, musiqi tərtibatçısı Ramiq Nəsirov, rejissor assistenti isə Sevda Hacışəmiyevadır. Tamaşada əsas obrazları Əməkdar artistlər Leyli Vəliyeva, Elşən Rüstəmov, Rasim Cəfərov, aktyorlar Elnur Kərimov, Bəhram Həsənov, Günel Məmmədova, Asya Atakişiyeva, Səbinə Məmmədova, Zemfira Əbdülsəmədova, Elnur Hüseynov, Vahid Orucoğlu, Ramil Məmmədov və başqaları ifa edirlər.
Bu xəbər oxucular tərəfindən 605 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed