Şrift:
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Yunus Əmrə İnstitutunun rəhbəri ilə görüşüb
19.04.2018 [10:13] - Gündəm, Türk dünyası-Turan
Türkiyədə səfərdə olan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Yunus Əmrə İnstitutunun rəhbəri Şərəf Atəşlə görüşüb.

Fonddan bildirilib ki, G.Əfəndiyeva rəhbərlik etdiyi qurum barədə söz açaraq, həyata keçirilən layihələrin türk dünyasının zəngin tarix və irsinin araşdırılması və türkdilli xalqlar arasında əlaqələrin möhkəmləndirilməsinə xidmət edəcəyini vurğulayıb. O, həmçinin Fond tərəfindən türkdilli xalqların mədəni irsinin tanıdılması istiqamətində aparılan işlər barədə məlumat verib.

G.Əfəndiyevanı Yunus Əmrə İnstitutu ilə tanış edən Ş.Atəş ona institutun həyata keçirdiyi tədbir və proqramlar barədə məlumat verib. O, Fondun fəaliyyətinin türk dünyasında əməkdaşlığın artırılmasında əhəmiyyətini yüksək qiymətləndirib. Tərəflər arasında müxtəlif sahələrdə bir sıra layihələrin o cümlədən “Yeni İpək Yolu 4.0” layihəsinin icrası və gələcək perspektivləri müzakirə edilib.

Qeyd edək ki, bu çərçivədə aprelin 16-17-də Yunus Əmrə İnstitutunda “Yeni İpək Yolu 4.0” layihəsinin işçi qrupunun görüşü keçirilib. Sözügedən layihə Türkiyə və İtaliyanın müvafiq qurumların, eyni zamanda, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun iştirakını nəzərdə tutur. Toplantı tərəflər arasında əməkdaşlıq quraraq Yeni İpək Yolunu əhatə edən birgə mədəni və elmi tədbirlərin həyata keçirilməsinə həsr olunub.

İclasda çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun beynəlxalq əlaqələr üzrə katibi Rüstəm Məmmədov, türkdilli xalqların, xüsusilə də Fondun üzv dövlətlərin, İpək Yolunun siyasi, iqtisadi və mədəni proseslərində tarixən vacib rol oynadıqlarını və verdikləri töhfələri barədə söz açıb. O, Yeni İpək Yolunda da mədəniyyətlərarası dialoqun önəmli olduğunu və türkdilli ölkələrin burada mühüm yer aldıqlarını qeyd edib. Toplantının sonunda tərəflər arasında anlaşma memorandumun imzalanması və birgə əməkdaşlıq imkanları müzakirə olunub.
Bu xəbər oxucular tərəfindən 662 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed