Şrift:
Eldar Mahmudov və MTN-nin keçmiş idarə rəisi məhkəməyə verilib
21.04.2018 [10:34] - Hüquq
Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov və ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi vəzifəsində çalışmış Mövlan Şıxəliyev məhkəməyə verilib.

"MTN işi"ndə zərərçəkmiş qismində tanınan Mətləb Mustafayev hər iki şəxslə bağlı məhkəməyə müraciət edib.

O, E.Mahmudova qarşı Yasamal Rayon Məhkəməsində iddia qaldırıb. M.Mustafayev iddia ərizəsində sabiq nazirin sifarişi ilə şərlənərək həbs edildiyini yazıb və E.Mahmudovun ona 100 min manatdan çox pul təzminatı ödəməsini tələb edir.

Bu iddia ərizəsi baxılması üçün hakim Sərdar Mehrəliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası isə aprelin 24-nə təyin edilib.

M.Mustafayev M.Şıxəliyevə qarşı qaldırdığı iddia ərizəsini isə Səbail Rayon Məhkəməsinə göndərib. O, iddia ərizəsində şərlənərək həbs edilməsindən sonra barəsində olan cinayət işi üzrə istintaqın M.Şıxəliyevin rəhbərlik etdiyi idarədə aparıldığını bildirib. M.Mustafayev sabiq idarə rəisindən 63 min manat təzminat tutularaq ona ödənilməsini istəyib.

Bu iddia ərizəsi üzrə hazırlıq iclası mayın 1-ə təyin olunub. İşə hakim Nurəddin Bağırovun sədrliyi ilə baxılacaq.

Bundan başqa, M.Mustafayev hər iki iddia ərizəsində Maliyyə Nazirliyini də cavabdeh kimi göstərib. O, buna səbəb kimi isə həm E.Mahmudov, həm də M.Şıxəliyevin vaxtilə dövlət orqanlarında rəhbər şəxs olmalarını qeyd edib.

Xatırladaq ki, M.Mustafayev əvvəllər Dövlət Əmlak Komitəsində müxtəlif vəzifələrdə, həmçinin 2014-cü ilədək "Azərsu" ASC-də iqtisadçı işləyib. O, 2014-cü ilin sentyabrında MTN-in keçirdiyi əməliyyat nəticəsində həbs edilib. M.Mustafayev Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsi ilə ittiham edilib və 2015-ci il aprelin 24-də Nəsimi Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi isə hökmü qüvvədə saxlayıb. Ali Məhkəmə isə Bakı Apellyasiya Məhkəməsinin qərarını ləğv edib.

Bundan sonra Bakı Apellyasiya Məhkəməsi M.Mustafayevin işinə yenidən baxaraq onun barəsində bəraət hökmü çıxarıb.

Qeyd edək ki, M.Mustafayev MTN-in Antiterror Mərkəzinin sabiq rəisi Elçin Quliyev və Azər Mehdiyevin cinayət işində zərəçəkmiş qismində tanınır. Bakı Hərbi Məhkəməsinin hökmü ilə E.Quliyev 10 il 6 ay, A.Mehdiyev isə 8 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb.

M.Mustafayevin MTN-də 31 il xidmət etmiş qardaşı, polkovnik Malik Mustafayev onun həbsindən bir neçə gün sonra özünü asaraq intihar edib.
Bu xəbər oxucular tərəfindən 868 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed