Şrift:
Milli Məclisin iclasında ombudsmanın illik məruzəsi dinlənilib
25.04.2018 [10:16] - Hüquq
Aprelin 24-də Milli Məclisin növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə keçirilmiş prezident seçkilərindən sonra formalaşdırılmış yeni hökumətdə rəhbər vəzifələrə təyin olunmuş deputatlara təbriklərini çatdırıb. Bildirib ki, Milli Məclis deputatlarının hökumətdə yüksək vəzifələrə təyin olunması Prezident İlham Əliyevin parlamentə etimadının göstəricisidir. Sədr buna görə Milli Məclis adından Prezident İlham Əliyevə minnətdarlıq edib.

Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanılıb. Əvvəlcə “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu (ikinci səsvermə) barədə hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Bildirib ki, muxtar respublika Konstitusiyasının altı maddəsi üzrə edilən dəyişikliklər ötən ilin sentyabrında referendum yolu ilə Azərbaycan Konstitusiyasına olunan dəyişikliklərdən irəli gəlir. Layihə birinci dəfə Milli Məclisdə təsdiq olunub və qanunvericiliyə görə altı aydan sonra ikinci səsverməyə çıxarılır. Qanun layihəsi səsə qoyularaq təsdiqlənib.

Sonra Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova ombudsmanın 2017-ci il üçün illik məruzəsini təqdim edib.

Bildirib ki, məruzədə müvəkkilin Azərbaycan Respublikasının Konstitusiyasında və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş, dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxslər tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpası, insan hüquqlarının müdafiəsi və pozulmasının qarşısının alınması, habelə insan hüquqlarının təmin edilməsi sahəsində fəaliyyəti, hüquqi maarifləndirmə və elmi-analitik işin nəticələri, onun dövlət qurumları, ictimaiyyətlə və kütləvi informasiya vasitələri ilə əməkdaşlığı, beynəlxalq əlaqələri, həmçinin insan hüquq və azadlıqlarının daha etibarlı təmin edilməsinə yönəlmiş təklif və tövsiyələri öz əksini tapıb.

Qeyd olunub ki, 2017-ci ildə Azərbaycan vətəndaşı olan 53 həbs edilmiş şəxs və məhkum xarici dövlətlərdən təhvil alınıb, 81 həbs edilmiş şəxs və məhkum isə xarici dövlətlərə göndərilib. Bundan başqa, Bakı şəhərində bəzi tikinti şirkətləri tərəfindən inşa edilərək istifadəyə verilmiş və tikilməkdə olan müasir çoxmərtəbəli yaşayış binalarındakı mənzillərin hər birinin şirkət rəhbərliyi tərəfindən ən azı 2-3 adama satılması ilə bağlı Ombudsman Aparatına müraciətlər olunub.

Məlumat verilib ki, ombudsmana edilən bəzi müraciətlərdə bir sıra mənzil-tikinti kooperativləri tərəfindən Tarif (qiymət) Şurasının tələblərinə zidd kommunal normativlərin müəyyən edilməsi, sakinlərlə bağlanılmış müqavilənin şərtlərinə əməl olunmaması və onların aldadılması kimi hallar yer alıb. İqtisadiyyat və Vergilər nazirlikləri, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən MTK-larda birgə monitorinqlərin aparılması, qeyd edilən qanunsuzluqların aşkar edilərək qarşısının alınması üzrə qanun çərçivəsində tədbirlər görülməsi məqsədə müvafiqdir. Həmçinin hesabatda sosial şəbəkələrdən istifadə zamanı özgə adlar altında qeydiyyatdan keçərək və cəzasızlıq mühitindən istifadə edərək başqalarının şərəf və ləyaqətinə xələl gətirən, işgüzar nüfuzunu ləkələyən ifadə, habelə audio və ya video görüntülərdən istifadə hallarına yol verilməsi məsələsi qeyd olunub.

Sənəddə göstərilir ki, qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan izlənilə bilməz, video və ya foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula, həmçinin informasiya texnologiyalarından şəxsi həyata, əqidəyə, dini və etnik mənsubiyyətə dair məlumatların açıqlanması üçün istifadə edilə bilməz. Vətəndaşların şəxsi həyatına qanunsuz müdaxilələrin qarşısının alınması, onların şərəf və ləyaqətinin, hüququnun daha etibarlı müdafiəsi və pozulması hallarının qarşısının alınması məqsədilə informasiya texnologiyalarından, sosial şəbəkələrdən istifadənin hüquqi tənzimlənməsinə ehtiyac var.

Müzakirələrdən sonra illik məruzə səsə qoyularaq nəzərə alınıb.

Sonra elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli “Peşə təhsili haqqında” qanun layihəsinin üçüncü oxunuşu barədə məlumat verib. Bildirib ki, peşə təhsili ölkəmizdə prioritet istiqamətlərdən biridir. Müzakirəyə çıxarılan bu qanun layihəsinin hazırlanması zamanı bir sıra ölkələrin bu sahədə təcrübəsi öyrənilib və nəzərə alınıb. Peşə təhsili Azərbaycan Respublikasında fasiləsiz təhsil sisteminin pilləsi kimi fərdin, cəmiyyətin və dövlətin maraqları nəzərə alınmaqla davamlı inkişaf etdirilən və təhsilalanların bilik, bacarıq və vərdişlərinin mənimsənilməsini, ixtisaslarının daim artırılmasını, eyni zamanda, onların zəruri əmək bacarıqlarına yiyələnmələrini təmin edən prioritet fəaliyyət sahəsidir. Peşə təhsili təhsilalanların milli-mənəvi və bəşəri dəyərlər ruhunda, milli dövlətçilik marağı və azərbaycançılıq məfkurəsi əsasında formalaşdırılmasını təmin edir.

Deputatlar “Peşə təhsili haqqında” qanun layihəsini üçüncü oxunuşda səsə qoyaraq təsdiqləyiblər.

Milli Məclisin deputatları “Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə məsələyə müsbət münasibət bildiriblər.

Sonra hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik barədə məlumat verib. Bildirib ki, bu dəyişikliklərə əsasən sosial evlərin tikintisini həyata keçirən MİDA publik hüquqi şəxsin sərəncamına verilmiş torpaq sahəsində bu qurumun icazəsi alınmadan özbaşına tikinti aparmağa görə inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyətinin rayon (şəhər) məhkəmələrinin aidiyyətinə verilməsi təklif edilir. Təklif olunan dəyişiklik səsə qoyularaq təsdiqlənib.

Sonra Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli gündəlikdəki 13 qanuna təklif olunan dəyişikliklər barədə məlumat verdi. Bildirib ki, Cinayət, İnzibati Xətalar və Vergi məcəllələrinə, “Dövlət qulluğu haqqında”, “Əmək pensiyaları haqqında”, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında”, “İcra haqqında”, “Könüllü fəaliyyət haqqında”, “Sosial müavinətlər haqqında”, “Sosial sığorta haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” qanunlara edilən dəyişikliklər “İşsizlikdən sığorta haqqında” Qanuna uyğunlaşdırma xarakteri daşıyır.

Təklif olunan bu dəyişikliklər də ayrı-ayrılıqda səsə qoyularaq təsdiqlənib.

İclasda “Müflisləşmə və iflas haqqında” Qanuna təklif olunan dəyişiklikləri iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə diqqətə çatdırıb. Bildirib ki, layihə borclunun ləğv edilməsinə maksimum yol verməmək üçün sağlamlaşdırma tədbirlərinin tətbiqinə imkanlar və mexanizmlər yaratmaq məqsədilə hazırlanıb. Qanun layihəsi sağlamlaşdırma haqqında məhkəməyə verilən ərizənin məzmununa dair tələbləri və ərizəyə əlavə olunan sənədlərin dairəsini müəyyən edir, o cümlədən borclunun sağlamlaşdırılmasının plan əsasında həyata keçirilməsini və bu planın tərtibi, hazırlanması, təsdiqi və sağlamlaşdırma prosesinə başlanılmasının yaratdığı hüquqi nəticələri təsbit edir. Layihədə qeyd olunur ki, sağlamlaşdırma borclunun ödəmə qabiliyyətinin bərpası üsuludur. Milli Məclisin deputatları bu qanun layihəsini də səsə qoyaraq təsdiqləyiblər.

Sonra Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli “Məşğulluq haqqında” qanun layihəsini birinci oxunuşda təqdim edib. Bildirib ki, bu sahəni tənzimləyən qanun olsa da, müasir dövrdə yeni qanunun hazırlanmasına ehtiyac yaranıb. 5 fəsil, 34 maddədən ibarət olan yeni qanun layihəsində özünüməşğulluq, peşə standartları, vakansiya bankı, sığorta və digər sosial məsələlər ilk dəfə olaraq yer alıb. Yeni qanun layihəsi məşğulluğa kömək sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını, eləcə də işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi sahəsində dövlət təminatlarını müəyyən edəcək. Bildirilib ki, bu qanun qüvvəyə mindiyi gündən “Məşğulluq haqqında” 2001-ci ildə qəbul olunmuş əvvəlki qanun ləğv edilir.

Deputatlar qanun layihəsini konseptual baxımdan yüksək qiymətləndiriblər və birinci oxunuşda səsə qoyaraq qəbul ediblər.

Bununla da Milli Məclisin iclası başa çatıb.
Bu xəbər oxucular tərəfindən 769 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed