Şrift:
Nəriman Nərimanovun bir amalı vardı - Bu da azərbaycançılıq, türkçülük, millətsevərlik idi
02.05.2018 [10:31] - Gündəm, DAVAMın yazıları
Nəriman Nərimanov ictimai həyatını axtarışlarla başlamışdır. O, böyük maarifpərvər, yazıçı-dramarurq, publisist, alim-müəllim, Azərbaycanda ilk ali təhsilli həkimlərdən biri, görkəmli ictimai və siyasi xadim olaraq çox keşməkeşli həyat yaşamışdır. Nərimanov xalqın savadlanması üçün bütün sahələrdə xalqına qulluq etməyə hazır olmuş və həmişə xalq arasında maarifçiliyin yayılmasını düşünmüşdür. Bu məqsədlə “Nadanlıq” pyesini və dinin cəmiyyətdə yerinə yeni baxış naminə “Pir” əsərini yazmışdır. 1924-cü ilin fevralında Moskvada Şərqşünaslıq İnstitutunda keçirilən toplantıda “bir fransız yoldaş öz dilində yoldaş Nərimanovun Fransa klassik ədiblərinə musavi bir mühərrir olduğunu qeyd etmiş və onun “Pir” adlı əsərini məşhur Emil Zolyanın “Lord” əsərilə müqayisə etmişdir”. Bakının imkansız fəhlələri üçün açdığı xəstəxana N.Nərimanova ömürlük olaraq xalq tərəfindən “Bizim doktor” adını qazandırmışdır. Bakıda açdığı kütləvi milli qiraətxana “Nərimanov qiraətxanası” adı ilə bütün Rusiya və Şərq ölkələrində rəğbətlə qarşılanmışdır. Onun yazdığı kitablar minlərlə gəncin savadlanmasına yol açmışdır. Siyasətə qoşularkən xalqının dövlətçilik şüurunun formalaşmasını düşünmüş və bu məqsədlə “Nadir şah” pyesini yazmışdır. O, “Bahadır və Sona” əsərini yazarkən ümid etmişdir ki, bu əsər azərbaycanlılarla ermənilərin mehriban yaşamalarına kömək edər. Amma həyat onun bu ümidini heçə çıxarmışdır. N.Nərimanov azərbaycanlıları yeni yaranmaqda olan sosial yönümlü ideologiyaya cəlb etmək məqsədi ilə “Hümmət” təşkilatının yaradılmasını vacib bilmiş və bu təşkilatın fəallarından olmuşdur.

N.Nərimanovun milli təmayüllü düşüncəsinin güclənməsi XX əsrin əvvəllərində dəbdə olan millətçiliyin ikili təbiətindən irəli gəlmişdir. Bir var, istismar edən xalqın millətçiliyi, bir də var, istismar olunan xalqın millətçiliyi. İstismar edən xalqın millətçiliyinin mahiyyəti daim istismar etdiyi xalqı dilindən, dinindən və tarixindən uzaqlaşdırmaqdır. İstismar olunan xalqın millətçiliyi isə öz dilini, dinini və tarixi yaddaşını qoruyub saxlamaqdan ibarətdir. Onun kökləri ilk əvvəl XIX əsrin ortalarından başlanmışdır. XX əsrin əvvəllərinə qədər inkişaf edən milli maarifçilik, milli düşüncə və milli azadlıq ideyasının inkişafı kimi proseslərdən doğan bir ideologiya yaranmışdı. N.Nərimanovun özü də kommunist-bolşevik ideologiyasından daha çox bu proseslərdən doğulan bir ictimai xadim olmuşdur. Məhz milli problemlərin həllinin tələbləri onu bolşevizmə gətirmişdir. O bu ideologiyada millətin qarşısında duran problemlərin daha sürətlə həllinə inanmışdır.

N.Nərimanovun milli təmayüllü kommunist ideologiyası təsadüfdən, səbatsızlıqdan deyil, milli məfkurənin inkişafı cərəyanından doğulan bir ideologiya idi. Milli təmayüllü kommunist məfhumunu məhz N.Nərimanovun anlayışında qəbul etmək lazımdır, yəni azərbaycanlılar başqa xalqların hüququna toxunmadan Azərbaycanda tam milli inkişaf və hakimlik hüququna malik olmalıdırlar. N.Nərimanovun çox aydın amalı var idi ki, bu da azərbaycançılıq, türkçülük, millətsevərlik idi. O, insanın insan tərəfindən əsarətinin əleyhinə idi, bəşəriyyətin tezliklə nadanlıqdan və köləlikdən azad olması üçün yollar axtarırdı. Amma onun yaşadığı dövrdə bu amallar hələ formalaşmaqda olan dünyagörüş idi. Fikrimizcə, N.Nərimanovun siyasi mövqeyinin daim axtarışda olmasını da elə bununla izah etmək olar. Onun həyatda və siyasi fəaliyyətində nümunə götürə biləcəyi bir şəxs yox idi, çünki o da bir çox XIX-XX əsr Azərbaycan siyasətçiləri və ziyalıları kimi xalqımızın tarixində ilk cığır açanlardan idi.
N.Nərimanov hələ 1896-cı ildə müsəlmanların maariflənməyə doğru getməsini, bunun üçün isə ana dilində qəzet nəşr olunmasını vacib bilmişdir. 1899-cu ildə “Dilimiz haqqında” yazıda milli dilə münasibətin konsepsiyasını belə vermişdir: “Dilin qrammatikası müəyyənləşməli və dilin yayılması üçün qrammatikası və leksikası sadələşdirilməlidir. Azərbaycan dilini çətinləşdirən yazı qrafikamızda saitlərin olmamasıdır. N.Nərimanov belə fikirləşirdi ki, Azərbaycan dilini çətinliyə salan ərəb mənşəli sözlərdir. O deyirdi: “Savadlılarımız mollalardır, onların da əksəriyyəti ana dilində yaza bilmirlər. Onlar fars dilində savad alıblar və ərəb dilini çox aşağı səviyyədə bilirlər. Ayıb deyilmi? Belə halda biz özümüzə niyə türk deyirik, elə fars deyək, farslaşaq, ya da azərbaycanlı qalaraq öz ana dilimizi öyrənək”. O qeyd edirdi ki, “rus dilində də çoxlu yunan mənşəli sözlər vardır. Lakin ruslar yunan sözlərini öz milli qrafikaları ilə yazırlar və öz dillərinin qanunlarına tabe edirlər. Biz isə ərəb mənşəli sözləri ərəb qrafikasına əsasən yazırıq, lakin türkcə ifa edirik. Bu da səhvlərə gətirib çıxarır”.

N.Nərimanov məktəblərdə ana dilinin tədrisini çox vacib sayırdı. O, bir məqaləsində dilimizə hörmətin əsas təzahürü kimi sözlərin düzgün ifadə olunmasını qeyd edirdi. 1906-cı ildə “Həyat” qəzetində çıxmış “Bu gün” adlı məqaləsi onun milli ədəbiyyatımızda ana dilində ifadə olunmuş ən ali hissləridir. N.Nərimanov 1916-cı ildə deyirdi: “Bir millət özünü tanımayınca hüququnu düşünməz. Tanımaq üçün də milli dil, milli məktəb, milli mətbuat, milli ədəbiyyat lazımdır. Bunların da meydana gəlməsi və tərəqqisi bizim üçün hürriyyətə bağlıdır...”. N.Nərimanov hələ çarizm dövründə türkdilli xalqlara qarşı yönəlmiş “assimilyasiya”, “ruslaşdırma”, “xristianlaşdırma” siyasətini açıq-aydın tənqid etmişdir. 1905-ci il inqilabının gətirdiyi dəyişikliklər arasında Rusiyanın türkdilli xalqlarının öz milli düşüncələrinə qayıdışını xüsusi vurğulamışdır: “1905-ci ildə “bahar” gəldi. İlminskilərin qələmləri sındı, ağızları yumuldu, illərlə bəslədikləri acı, zəhərli, vicdansız fikirləri məhv oldu”. Rusiyada türkdilli xalqlara rus dilində təhsil verməklə və onları xristianlaşdırmaqla məşğul olan ruslaşdırma siyasətinin ideoloqu və təşkilatçısı. İlminskinin tələbələrindən Smirnovun Qori seminariyasının inspektoru vəzifəsinə təyin olunmasına qarşı N.Nərimanov öz etirazını bildirmişdi. O, “Həyat” qəzetində silsilə məqalələrlə çıxış edərək Qori seminariyasının Azərbaycan bölməsini azərbaycanlılar yaşayan ərazilərə keçirmək məsələsini qaldırmışdır. Odessada universitet tələbəsi olarkən etdiyi çıxışların birində demişdir ki, millətinin maariflənməsi yolunda çalışmayan şəxs xalqının vicdansız və qeyrətsiz düşməni sayılmalıdır. N.Nərimanov ardıcıl olaraq məktəblərimizdə ana dilinin tədrisini, dərsliklərin hamısının ana dilində tərtib olunmasını tələb etmişdir. O, 1906-cı ildə “İrşad” və “Həyat” qəzetlərində silsilə məqalələrlə çıxış edərək fəal siyasi-publisistik fəaliyyətini davam etdirmişdir. Kommunist ideologiyasında N.Nərimanovun milli təmayülünün mənbələrindən biri də 1904-cü ildə yaradılmış “Hümmət” təşkilatında aktiv fəaliyyəti olmuşdur. Düzdür, “Hümmət” təşkilatı milliyyətcə azərbaycanlı fəhlələrin arasında kommunist ideologiyasını yaymaq və onları bu siyasi cərəyana cəlb etmək üçün yaradılmışdı. Amma bununla yanaşı, başqa sosial-demokrat təşkilatlarından fərqli olaraq bu təşkilatın məqsədi həm də kommunist təbliğatında və siyasətində Azərbaycanın milli və dini adət-ənənələrini qorumaq idi. 1905-ci il hadisələri Rusiyada demokratikləşmə proseslərinə, 1917-ci ildə baş verən fevral inqilabı isə milli hərəkatlara böyük təkan verdi. Maraqlıdır ki, hümmətçi bolşeviklər nəinki Cənubi Qafqaz müsəlmanlarının milli komitəsinə üzv oldular, hətta sədrliyə də bolşevik Sultan Məcid Əfəndiyev seçildi. Daha bir amil də N.Nərimanovun milli təmayülçü kommunist kimi formalaşmağında böyük rol oynamışdır. O da 1918-ci ildə Bakıda milli qarşıdurma hadisələri olmuşdur. N.Nərimanovun fikrini cəlb edən hadisələrin ən vaciblərindən biri erməni və rus bolşeviklərinin erməni daşnakları ilə türklərə və müsəlmanlara qarşı ittifaq yaratmaları, yəni birgə cəbhə təşkil etmələri idi. N.Nərimanov bu hadisələrdə özünü sadəcə sovet hakimiyyəti uğrunda mübarizə aparan bir bolşevik kimi deyil, milli təəssübkeş olan bir siyasətçi kimi göstərmişdir. Bu haqda onun müasirləri konkret olaraq yazırdılar ki, N.Nərimanov həbs olunmuş Azərbaycan zabitlərindən əksinqilabçı kimi qiymətləndirilən general Talışinskinin və polkovnik Səlimovun bolşeviklərin həbsindən azad olunmalarına cəsarətlə nail olmuşdur. Sonralar N.Nərimanov mərkəzlə və solçu kommunistlərlə mübahisələrində Azərbaycanın milli maraqlarını qoruyarkən tez-tez xatırlayırdı ki, bizim siyasətimiz 1918-ci il hadisələrinin bir daha baş verməməsinə yönəldilmişdir. 1918-ci ilin mart qırğını bütün Azərbaycan ziyalılarında olduğu kimi, hümmətçi kommunistlərdə də milli təmayüllü ruhu inkişaf etdirmişdir. Ə.Əhmədovun fikrincə, 1917-ci ilə qədər Azərbaycan fəhlələrində milli həmrəylik sinfi həmrəylikdən, 1918-ci il hadisələrindən sonra isə milli həmrəylik partiya həmrəyliyindən üstün idi. 20-ci illərə qədər isə hümmətçi bolşeviklər bir çox hallarda Azərbaycanın liberal-demokratik burjua partiyaları ilə birgə cəbhədən çıxış etməyə üstünlük verirdilər. Belə ənənələrə əsaslanan N.Nərimanov hakimiyyətə gəlmiş və milli təmayülçü adı ilə tarixdə qalan siyasətini həyata keçirmişdir.

Bu bir tarixi həqiqətdir ki, N.Nərimanov kommunist ideologiyasına, sosialist sisteminə, Rusiyada baş vermiş 1917-ci il oktyabr hadisələrinin vədlərinə inanmış və bunların nəticəsi olaraq Leninlə əməkdaşlığa girmişdir. Sonrakı siyasi proseslər N.Nərimanovun siyasi baxışlarını dəyişmişdir.
Avropada yaranmış sosial yönümlü kommunizm ideyası və onun real təcəssümü olan sosialist sisteması nəzəriyyə şəklində yayıldıqca N.Nərimanov bunlara inanmış və Azərbaycan xalqının mənafeləri naminə istifadə etməyi düşünmüşdür. Rusiya bolşevikləri tərəfindən bu ideyalar ilk əvvəl Türküstanda, sonra isə Azərbaycanda reallaşmağa başladıqda N.Nərimanov onlarla yollarının ayrıldığını görərək öz yolunu müəyyənləşdirməyə çalışmış və bunu rəsmi bəyan etmişdir. Beləliklə, N.Nərimanov sovet hakimiyyətinin və bolşevizmin mənfi keyfiyyətlərini tez üzə çıxararaq mübarizəsinə başlamışdır. Azərbaycanda yaranmaqda olan sovet hakimiyyətinə başçılıq etməyə razılaşarkən o, xalqını baş verə biləcək qanlı-qadalı hadisələrdən qurtarmağı və dövlətçiliyin dönməzliyini düşünmüşdür.

Bəs, N.Nərimanov nəyə əsaslanaraq Leninə inanmış və onunla əməkdaşlığa girmişdir? N.Nərimanov vəziyyəti bütün dərinliyi ilə qiymətləndirmişdir. Tarixi sənədlərin araşdırılması sübut edir ki, N.Nərimanov bolşeviklərin hiylələrindən də xəbərdar olmuşdur. Bəs, onda N.Nərimanovun inamı nə üzərində qurulmuşdu? N.Nərimanovun əsas məqsədi, imkan daxilində Azərbaycanı bolşevik inqilabının qanlı-qadalı hadisələrindən xilas etmək, Rusiyada yaranmış sinfi mübarizədən doğan vətəndaş müharibəsinin Azərbaycanda təkrarlanmasına yol verməmək, sovet sistemini dinc yolla qurmaq, Azərbaycan neftinə sahib olmaq, Rusiya ilə ittifaq bağlayıb Azərbaycanın müstəqilliyini qorumaq, Azərbaycanın xarici dövlətlərlə, xüsusilə də Türkiyə ilə əlaqələrini yaratmaq olmuşdur. Bütün bunları həyata keçirmək üçün N.Nərimanov özünə güvənir, hökumətə daxil olan həmkarlarına və xalqının iradəsinə inanırdı. Aparılan təhlil göstərir ki, hakimiyyətə gəldiyi ilk gündən N.Nərimanovun əsas məqsədi Azərbaycan xalqında geniş təfəkkür, vətənə sahiblik, milli özünüdərketmə kimi keyfiyyətləri tərbiyələndirmək olmuşdur. Hakimiyyətin dəyişməsinə baxmayaraq, N.Nərimanov Azərbaycanın müstəqil olaraq qalacağına ümidini itirməmişdir.

N.Nərimanovun tarixi missiyasını o dövrdə Azərbaycanda və dünyada mövcud olan iqtisadi, siyasi və hərbi vəziyyəti nəzərə almadan qiymətləndirmək mümkün deyildir. M.Qasımov şəraiti təhlil edərək yazır ki, bu zaman Azərbaycanın beynəlxalq vəziyyəti bütövlükdə beynəlxalq vəziyyətin tərkib hissəsi idi. Belə bir tarixi şəraitdə dünyanın aparıcı dövlətlərinin dəstəyinə baxmayaraq Azərbaycan Xalq Cümhuriyyətinin çıxılmaz vəziyyətə düşdüyünü nəzərə almadan N.Nərimanovu bolşeviklərlə razılaşıb hakimiyyətə gəldiyinə görə günahlandırmaq tarixi gerçəkliyi özündə əks etdirmir. Sual olunur: O, hakimiyyətə gəlməsəydi rus qoşunu Azərbaycana gəlməyəcəkdimi, yaxud bolşeviklər Azərbaycanı bolşevikləşdirmək fikrindən və ya Azərbaycan neftinə sahib olmaq arzusundan əl çəkəcəkdilərmi? Ə.Qarayev, M.Hüseynov, yaxud hər hansı başqa azərbaycanlı bolşevik-kommunist hakimiyyətə gəlsəydi, Azərbaycan xalqı üçün dahamı münasib olacaqdı, yaxud qan tökülməyəcəkdimi? Həmin məqamda kimsə tarixi məsuliyyəti öz boynuna götürməli və xalqını, vətənini daha ağır bəlalardan qorumalı idi. Bütün bunları bilərək N.Nərimanov ağır və ziddiyyətli bir missiyanı öz boynuna götürmüşdür.
Həm N.Nərimanov, həm də AXC rəhbərləri belə düşünürdülər ki, söhbət müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin dağılmasından deyil, sadəcə bir hökumətin o biri hökumətlə əvəz olunmasından gedir. Elə bu səbəbdən AXC rəhbərləri öz hökumətlərini mübarizəsiz və qan tökmədən təhvil verdilər. Onlar siyasi fəaliyyətlərini müxalifətdə qalaraq davam etdirmək fikrində idilər, lakin real həyat buna imkan vermədi. AXC rəhbərlərinin bəziləri - F.Xoyski, N.Usubbəyov, H.Ağayev elə 1920-ci ildə, bəziləri isə bir qədər sonra qətlə yetirildilər.

N.Nərimanov İnqilabi Komitənin sədri olaraq hakimiyyətə gəlsə də tam səlahiyyətlərə malik deyildi. O, əslində bolşeviklərin içində müxalifətə çevrildi. Azərbaycanda N.Nərimanovun rahat fəaliyyət dövrü çox qısa olmuşdur. Sovet Azərbaycanında hakimiyyətdə N.Nərimanovun başçılıq etdiyi Müvəqqəti İnqilab Komitəsi və Xalq Komissarları Soveti olsa da, qısa bir müddətdən sonra hökmranlıq Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin əlinə keçmişdir. Lenin və Stalinin yaratdıqları sosialist dövlətinin xüsusiyyəti ondan ibarət idi ki, bu, qanunlardan daha çox partiya iradəsinə əsaslanırdı. Azərbaycanda da məhz Kommunist Partiyası 1920-ci ildən 1930-cu illərin ortalarına qədər rusların və ermənilərin əlində idi. 1920-ci il fevralın 11-də keçirilən Azərbaycan Kommunist Partiyasının təsis qurultayında M.Hüseynov partiyaya rəhbər seçildi. Lakin qurultaydan sonra partiyanın fəaliyyət strukturları yaranmadı. Bu iş Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra baş verdi. Partiyaya isə M.Hüseynov deyil, başqaları rəhbərlik etdilər. Partiya rəhbərləri içərisində azərbaycanlılar, demək olar ki, yox idi. ARSPİHDA-nın məsul işçilərinin topladıqları sənədlərə görə, Azərbaycan Kommunist Partiyasına M.C.Bağırova qədər aşağıdakı şəxslər rəhbərlik etmişlər - V.İ.Naneyşvili (23 iyul - 8 sentyabr 1920), E.D.Stasova (9 sentyabr - 15 sentyabr 1920), V.E.Dumbadze (15 sentyabr - 24 oktyabr 1920), Q.N.Kaminski (24 oktyabr 1920 - 24 iyul 1921), S.M.Kirov (24 iyul 1921 - 20 yanvar 1926), L.İ.Mirzoyan (21 yanvar 1926 - 11 iyul 1929), N.F.Qikalo (11 iyul 1929 - 4 avqust 1930), V.İ.Polonski (18 avqust 1930 - 6 fevral 1933), R.Q.Ruben (6 fevral 1933 - 10 dekabr 1933) (261).

P.S. Yazı Həsən Həsənovun “Nəriman Nərimanovun milli dövlətçilik baxışları və fəaliyyəti” əsərindən götürülüb.

Davamı var...
Bu xəbər oxucular tərəfindən 926 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed