Şrift:
“Nobel” mənim üçün ithürən tərəfdən gələn işıqdır” – Tural Turan (Gənc yazar və jurnalist Tural Turanla müsahibə)
21.05.2018 [09:52] - Gündəm, Mədəniyyət, Müsahibə
Bu dəfə gənc şair Tural Turanla söhbətləşdik. Yaradıcılığından danışdıq. Şeirdən nəsrə, nəsrdən mütaliəyə keçdik. Ədəbi auranı “bədəvi mühit” adlandıran şairin nədən razı, nədən gileyli olduğunu bilmək istəyirsinizsə, onda yaxın əyləşin.

-Tural bəy, yaradıcılığınızda nə kimi yeniliklər var?

- Yaradıcılıq sarıdan hələ ki, durğunluqdur. Demək olar ki, son vaxtlar işləyə bilmirəm. Peşə fəaliyyətimə daha çox zaman ayırıram. Bədii yaradıcılığa demək olar ki, vaxt qalmır. Daha doğrusu, düşünməyə, orijinal məhsul ortaya qoymağa zamanım qalmır. Amma beşinci kitaba gedəcək şeirlərimi bir yerə toplayıram. Sonuncu şeir kitabımı çapa hazırlamaq fikrim var. Yəqin ki, bu il nəşr etdirərəm. Təki sağlıq olsun.

-Sonuncu kitib? Olmaya ədəbiyyatdan gedirsiniz?

-Xeyir, mən ədəbiyyatla yaşayıram. Bunu bir dəfə də demişəm, içimdəki şeir yataqları tükənib. Mövzu qıtlığı da yaşamıram. Sadəcə olaraq nəsrə keçəcəyəm. Nəsr mənim üçün yeni qapıdır. Gələn il hekayələrlə oxucularımın görüşünə gəlmək istəyirəm. Roman üçün hələ tələsmirəm. Dünya ədəbiyyatına çıxmaq, ölkə sərhədlərini aşacaq təhkiyə və üslub dilini deyəsən tapmışam. Əvvəllər tərəddüd içərisində idim deyə, nəsrə keçməyə ehtiyat edirdim. Amma indi bu fikrimi qətiləşdirmişəm.

-Şeirdən nəsrə keçmək çətin olmayacaq ki?

-Məncə yox. Ədəbiyyatda çətin olan səndən asılı olmayan səbəblərə uyğunlaşmaqdır. Nəsrə keçidlə bağlı qərar isə şüurlu bir prosesdir.


-Sirr deyilsə, dünyanın yönünü Azərbaycan nəsrinə hansı üslubla, hansı yazı dili ilə yönəltmək istəyirsiniz?

-Təbii ki, sadə və orijinal bir dillə. Dünya yeni üslub və yeni yanaşma istəyir. Bunun üçün yaşadıqlarını dünyanın anlayacağı bir dildə, olduqca sadə bir üslubla, yüngül və qısa cümlələrlə, ən əsası orijinal ifadə formaları ilə oxuculara çatdırmaq kifayətdir. Nəql etdiyin hadisə, obrazlarının düşüncəsi, onların danışıq tərzi də orijinal olmalıdır.

-İndiyə qədər ancaq şeirləriniz yayımlanıb. İndiyə kimi nəsrlə məşğul olmusunuzmu?

-Ara-sıra cızma-qaralar eliyirdim. 2009-cu ildə bir romana başlamışdım. Dönüb-dönüb onu işləyirdim. Sonra gördüm ki, zəifdir. Həmin romanı yandırdım. Bir tələbənin həyatından bəhs edirdi. Dili çox ağır gəldi, özümün oxumağa hövsələm çatmadı. Elə bilirdim ki, ağır cümlələr insanı düşündürür. Sonralar yanıldığımı anladım. Romandan başqa, esselər, qısa hekayələr də yazmışam. Bir ara esseləri də kitab şəklində çap etdirməyi düşünürdüm. Esselərimi oxuyan bəzi dostlar deyir ki, səndə alınır. Bilmirəm, gələcəkdə onlara yenidən baxıb, əl gəzdirib bəlkə də çap etdirdim. Hələ ki, tələsmirəm. Orta məktəb dövründən esse yazıram. Esse yazmağın texnikasına universitet vaxtı yiyələnməyə çalışdım. Türkiyə türkcəsində “deneme sanatı” ilə bağlı bəzi kitablar oxudum. Bizdə esse o qədər də populyar olmadığı üçün onları bir araya yığıb nəşr etdirməyi hələ ki, fikirləşmirəm.

-Bizim ədəbi mühitdə nə çatışmır?

-İlk növbədə səmimiyyət. Səmimi deyilik. Paxıllığımız çoxdur. Kiminsə uğurunu gözümüz götürmürük. Bizdə ədəbi mühit anlayışını ancaq lokal çərçivələrdə görmək olar. Ədəbi yox, bədəvi mühit anlayışı indiki vəziyyətə daha çox uyğun gəlir. Ədəbiyyatımızın üzdə olan gəncləri kafe və çayxalardadır. Özümü də onlardan ayırmıram. Amma ən azından mənim mütaliə saatlarım var. İki-üç saatımı çayxanada keçirə, kafedə kiminləsə dərdləşə bilərəm. Amma sonra özümü “artırmaq” üçün oxuyuram. Çayxanalarda kiminsə “uğuru yuyulur”; bir gəncin kitabı çapdan çıxır, ətrafındakılar qonaqlıq istəyir. Belə yerə gəlib-gedən adamlar heç uğur qazanmaq da istəmir (gülür). Biri gəlir ki, pulum yoxdur, mənə çay al. Bəlkə mənim cibimdə elə bircə manat pul var? Adamı pis vəziyyətdə qoyurlar. Bu ədəbi dilənçilikdir, ədəbsizlikdir.

-Mütaliəyə nə qədər vaxt ayırırsınız?
-Ən azından gündə bir-iki saat oxuyuram. Bu kitab da ola bilər, elektron əsər də. Əvvəllər daha çox oxuyurdum. İndi iş-güc başımı qatıb. Çox vaxt ayıra bilmirəm.

-Şeirlərinizin ilk oxucusu kimdir?

-Təbii ki, özüm. Elə son oxucusu da özüm oluram. Hər zaman yazıdığım şeirlərə yenidən qayıdıram. Xoşuma gəlməyən yerlərini dəyişirəm.

-Bəs sonra?

-Sevdiyim, ruhuma yaxın, yazdıqlarımı anlaya bilən insanlar.

-Çoxdurmu belə insanların sayı?

-Xeyr, üst-üstə heç beş-altı nəfər deyil.

-Jurnalist fəaliyyətinizdə də ədəbi istedadınızdan istifadə edirsinizmi?

-Çalışıram. Nə qədər alınır, bilmirəm. Bunu oxucular daha yaxşı deyə bilər. Tam səmimi deyirəm, təvazökarlıq zad deyil. Yazılarımı bəyənən də var, bəyənməyən də. Hər iki halda üzümə deyənlər çox olub. Normal qəbul etmişəm. Tənqidə açıq adamam. Təki tənqid etsinlər, bilim ki, məni oxuyurlar. Yəni, üstümdən keçmirlər.

-İndiyə qədər təsirindən çıxa bilmədiyiniz kitab varmı?

-Var, Kreyq Silveyin “Tanrının unudulan uşaqları” romanı. Hardasa iki il əvvəl oxumuşam. Hələ də təsirindəyəm.

-Xanım oxucularınız çoxdurmu?

-(Gülür) Var, nə bilim, çox saymaq olar. Bəli, bəylərə nisbətən xanım oxucularım üstünlük təşkil edir. Mən elə də yaraşıqlı deyiləm, yəqin şeirlərimi çox sevirlər (gülür).

-Ən yaddaqalan avtoqrafınızı harada imzalamısınız?

-Bilənlər bilir ki, hündürlükdən qorxuram. Bakıda bir dostumgilə qonaq getmişdim. Qapılarında usta işləyirdi. Ustalardan biri Qazaxdan idi. Saza-sözə bağlı adam təsiri bağışlayırdı. Dostum dedi ki, şair gətirmişəm. Dedi ki, kitabı varmı, dostum da mənə göz vurub üstümdə kitab olub-olmadığını soruşdu. Başımı yellədim ki, var. Usta mənə dedi ki, çıx yuxarı, üçüncü mərtəbəyə. Dedim ki, qorxuram. Əl çəkmədi. Axır ki, nərdivana dırmaşıb qalxdım yuxarı. Yarımçıq villanın üçüncü mərtəbəsində həmin usta üçün avtoqraf imzaladım. O, da mənə termosun qapağında qara dəmli çay süzüb təşəkkür elədi. Ən yadda qalan avtoqrafım budur. Amma qızlara yox, bir ustaya imzalamışam (gülür).

-Son olaraq bir sual vermək istəyirəm, “Nobel” sizin üçün nədir?

-Səmimi cavab vermək istəyirəm. “Nobel” mənim üçün ithürən tərəfdən gələn işıqdır. Vəssalam.

Elşən İsmayıl
Gənc ədib və kino insanı
Bu xəbər oxucular tərəfindən 1286 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed