Şrift:
Nuri Paşaya Bakıda yer tapılmadı...
03.07.2012 [23:39] - DAVAMın yazıları
Aqil Camal

Yola saldığımız həftə Türkiyənin Azərbaycandakı Səfirliyinin həyətində 1918-ci ildə Azərbaycanı rus-erməni qırğınlarından qurtaran, Bakını yadellilərdən azad edib Azərbaycan türklərinə bəxş edən müzəffər Qafqaz İslam Ordusunun komandanı Nuri Paşanın büstünün aşılışı oldu.

Açılış törənində çıxış edənlər abidənin qoyulmasını əlamətdar hadisə kimi qiymətləndirərək gələcəkdə Azərbaycanın başqa yerlərində də xilaskar Nuri Paşaya abidə qoyulmasının gərəkliyi haqda fikirlər söylədilər.

Ancaq Azərbaycandan tədbirdə çıxış edənlərin üzlərində gizli bir utancaqlıq hissi vardı.Səbəb, Nuri Paşanın büstünün qoyulduğu ərazi - səfirlik, diplomatik qaydalara görə Türkiyənin ərazisi sayılır. Bu mənada, həmin büstün Türkiyə ərazisində qoyulduğunu hesab etmək olar. Elə toplantıda bəzi dostlar da öz aralarında, “İnşallah bundan böyük abidə Azərbaycanda da qoyular” deyirdilər...
Bu fikri ciddiləşdirən başqa bir fakt. Abidənin bütün memari işləri, maliyyəsi türkiyəli mütəxəssislər, iş adamları tərəfindən həllini tapıb. Yəni, bu büstün qoyulmasında Azərbaycanın hər hansı formada iştirakı yoxdur.

Zaman-zaman qalib sərkərdəyə Azərbaycanda heykəl qoyulması gündəmə gətirilsə də, hələ ki, bir nəticə yoxdur. Bundan öncə, cəmiyyətdə belə fikir yayılmışdı ki, Nuri Paşaya “Qurd Qapısı”nda heykəl qoyulsun. Amma ortalıqda bu yöndə heç bir iş yoxdur. Türkiyə Səfirliyinin həyətində qoyulan büstü isə çarəsizlikdən atılmış addım kimi qiymətləndirmək olar. Çünki, bu işi Azərbaycan adına uyğun dövlət qurumları görməli idilər.

Bəziləri, Bakıdakı Türk Şəhidliyini göstərib “Qafqaz İslam Ordusunun şərəfinə abidə qoyulub” deyirlər. Birincisi, nəzərə almaq lazımdır ki, ora şəhidlikdir. Orada Azərbaycanın azadlığı yolunda canını fəda etmiş mindən artıq türk şəhidi uyuyur.
İkincisi, isə Bakıda “dövlətlərarası münasibətlər”ə görə hər tində bir heykəlin qoyulduğu bir vaxtda bu şəhərin xilaskarına bir guşədə abidə qoymaq nədən problem olmalıdır? Və Azərbaycan toplumundan da bu yöndə davamlı istəklər səsləndirilirsə...

Yəqin ki, nə zamansa, dövlət rəhbərliyi bu haqda bir qərar qəbul edəcək. Ancaq hansısa səviyyədə, hansısa “rusbaşın” inadı Azərbaycanın xilaskarına paytaxtda abidə qoyulmasını müşkülə çevirib.

Yazımı hər zaman məmurların istinad etdikləri Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin Qafqaz İslam Ordusu və Nuri Paşa haqda dediklərini çatdırmaqla bitirirəm.

Heydər Əliyev: "Onlar gəlməsəydilər, bəlkə də bu gün Azərbaycan yox idi"

Türk Şəhidliyindəki abidənin açılışındakı nitqindən:“Bu abidənin açılması böyük bir hadisədir. Yəni bu, Azərbaycan-Türkiyə əlaqələrinin qədimliyini göstərir və Türkiyənin vaxtilə Azərbaycanı erməni qırğınından xilas etməsini xatırladır.
Ümumiyyətlə, 1918-ci ildə Azərbaycanı dağıdırdılar, parçalayırdılar. Əgər bu olmasaydı, Azərbaycan ayaq üstə durmasaydı, bəlkə də bu gün Azərbaycan yox idi. Başa düşürsünüz, o vaxtlar Azərbaycanı dağıtmaq istəyirdilər".

* * *

Heydər Əliyev 2000-ci il avqustun 15-də Türkiyə Cümhuriyyətinin qazilərini Prezident Sarayında qəbul edərkən:

“Bilirsiniz ki, 1918-ci ildə də Azərbaycan müstəqillik əldə etdi. Amma burada ermənilər yenə də azərbaycanlılara qarşı böyük ədalətsizliklər, savaşlar edirdilər. Onda hələ Osmanlı ordusu idi. Osmanlı ordusunun böyük bir hissəsi, böyük bir korpusu Nuru Paşanın rəhbərliyi altında buraya gəldi. Onlar burada - Bakıda, Gəncədə ermənilərin törətdiyi qırğınların qarşısını aldılar, şəhid oldular…”.

"Azərbaycan" qəzeti, 16 avqust 2000-ci il
Bu xəbər oxucular tərəfindən 1452 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed