Şrift:
Türk insanının gözündə Elçibəy
12.06.2018 [11:40] - Xəbərlər, DAVAMın yazıları
Rumiyyə MİRASLAN

Əminəm ki, Əbülfəz Elçibəyin 80 illik yubileyi ilə bağlı müsabiqəyə çoxları qoşulacaq, onun haqqında müsbət fikir yazanlar çox olacaq. Hətta bir zamanlar Bəyə daş atanlar, barəsində hədyan yağdıranlar belə, olacaq onların arasında.

Çünki o zaman haqqa atdıqları daş öz başlarını yarıb deyə indi Elçibəyin yolunun haqq yolu olduğunu dərk ediblər. Və ya bir zamanlar əyri yolla çapdıqları “at”larından yıxılaraq, düzdə qalıblar deyə Elçibəyin yolunun düz olduğunu anlayıblar. Olsun, buna bir sözüm yox, əksinə Elçibəy yolunu anladıqları, haqqa gəldikləri üçün şadam.

Ancaq bu gün daha çox şadam ki, mən Elçibəyin qədrini sonradan bilənlərdən, onun müqəddəs haqq yolunda olduğunu düzdə qalandan sonra dərk edənlərdən, haqqa daş atdığını başı daşa dəyəndən sonra anlayanlardan deyiləm. Çox xoşbəxtəm ki, Elçibəylə eyni davanın, eyni yolun yolçusu olan, eyni dəyər uğrunda mücadilə aparan, onunla əqidədaş, könüldaş, yoldaş olan bir kişinin qızı olmuşam. Mutluyam ki, o kişinin sayəsində Elçibəy davasının müqəddəs yol olduğunu dərk edərək böyümüşəm. Lazım gəldiyində o yola baş qoymağın vacib olduğunu anlamışam. Xəmirim Elçibəy sevgisi ilə yoğrulub, damarımda axan qan Əbülfəz Elçibəy sevgisi ilə vəcdə gəlib. Necə ki, Elçibəy Atatürk əsgəriydi, eləcə də mən Elçibəy əsgəri kimi yetişdirilmişəm.

Türk insanının gözündə Elçibəy


Hər gün qrup yoldaşım Lalə ilə AzTV-dən təcrübədən çıxıb üz tutardıq Fəxri Xiyabana. Saatlarla Bəyin məqamında dərdləşərdik…


Amma bu gün çox təəssüf içindəyəm. Elçibəy sağ ikən onun varlığının bu xalq üçün necə böyük xoşbəxtlik olduğunun fərqindəydim. Ancaq bu gün Bəyin yoxluğunun bu xalq üçün necə böyük itki olduğunun təəssüfünü yaşayıram. Çünki hələ uşaq ikən Elçibəylə bağlı formalaşmış arzularım ancaq xəyallarımda ilişib qaldı, heç biri gerçək olmadı. Bütöv Azərbaycanı, Böyük Turanı qurmağa müvəffəq olmuş Əbülfəz Elçibəylə həmsöhbət olmaq, onunla üz-üzə oturub Turan mücadiləsində yaşadıqlarını dinləməyə müvəffəq ola bilmədim. Qərara gəldim ki, müsabiqə bəhanəsi ilə həmin arzularımın təsəllisi olaraq Əbülfəz Elçibəyi Türk coğrafiyası insanlarının gözü ilə təqdim edim. “Türkün tarixini qəlbində Türklük ruhu daşıyan Türk yazmalıdır” deyən Elçibəyi. Turan coğrafiyasının fəxarət ünvanını.

62 illik həyatı ilə Türkün tarixini həm bir siyasi-ideoloji lider, dövlət başçısı kimi yaradan, həm də tarixçi, elm adamı kimi yazan Elçibəy Türklüyün gələcəyinin parlaq olacağını söyləyir və tarixin inkişaf qanununa əsaslanaraq göstərirdi ki: “Türk yenidən gücünü toplamaqdadır. O, yeni bir kimliklə yenidən doğulacaqdır. Yeni Türk kimliyinin 500 il öncəki Türk kimliyindən fərqi çox böyük olacaqdır. Türkün sözü olmadan dünya öz başına yaşayıb durmayacaq, dünya Türksüz davrana bilməyəcək, Türkün sözü ilə hesablaşacaqdır. Bax, onda yeni Turan məfkurəsi meydana çıxacaq”.

Türk insanının gözündə Elçibəy

Türkmən Elindən: “Elçibəy Atatürkün cümhuriyyət ülküsündən yola çıxmışdı”

Bu gün Türk aydınları isə Elçibəyi belə təqdim edir:

İraq – Türkmən Eli, Kərkük Mədəniyyət Dərnəyinin sədri Dr. Şəmsəddin Küzeci Əbülfəz Elçibəyi həyatını millətinin aydın sabahına həsr etmiş Atatürkün davamçısı kimi qiymətləndirir:

“Elçibəy Türk dünyası liderləri arasında Türklük davasına könül vermiş, Azərbaycanın inkişafı üçün mübarizə aparan bir lider idi. Quzey Kıbrısda Rauf Denktaş, Krımda Mustafa Cemil Kırımoğlu, Türkiyədə Alparslan Türkeş, Qərbi Frakiyada Sadiq Əhməd, Şərqi Türküstanda İsa Yusuf Alptekin, Kərkükdə Necet Koçaq kimi milli şüuru prinsip hesab edən Elçibəy həyatını millətinin bakasına həsr etmiş və bu mübarizə yolundan heç vaxt geri dönməmişdir. Milli Qurtuluş Mübarizəsi və Türkiyə Cümhuriyyətinin quruluş prosesini ətraflı şəkildə araşdırmış və bu, onun Atatürkə duyduğu heyranlığı daha da artırmışdır”.

Şəmsəddin Küzeci Əbülfəz Elçibəyin Azərbaycan-Türkiyə münasibətlərindəki müstəsna xidmətlərini də yada salır: “Bu gün Azərbaycan ilə Türkiyə arasındakı əlaqələrin əsasını Elçibəy atmışdır. Atatürk Türkiyə Cümhuriyyətini qurduğu zaman bəziləri onun bu Cümhuriyyəti ayaqda tuta bilməyəcəyini düşündü. Amma Atatürk bütün dünyaya göstərdi ki, Türk Milləti cümhuriyyət rejimi də qura və bu rejimdə yaşaya bilər. Məhz Elçibəy bu fikirlərlə yola çıxaraq Azərbaycanın Türkiyə kimi böyük bir dövlət olmasına səy göstərmişdir. Bu gün “Bir Millət İki Dövlət” şüarı Türkiyə ilə Azərbaycan arasında Turanın gələcəyinin ilk addımlarının siqnalını verir. Bu gün iki dövlət, yeddi dövlət sabah, o biri gün 27 dövlət, əlbəttə ki, olacaqdır”.

O, Elçibəyin xatirəsinə bütün Azərbaycan xalqını, Türk dünyasını, Turan ellərini Kərkük-Türkməneli Türkləri adından salamlayır və fikrini belə bitirir: “Turana doğru yolumuz açıq olsun. Bir olaq, İri olaq, diri olaq”.

Türk insanının gözündə Elçibəy

Quzey Kıbrısdan: “Elçibəy üfüqlərin ötəsində bir lider olaraq qəlbimizdə daim yaşayacaq”

Quzey Kıbrıs Türk Cümhuriyyəti, Türk Birliyi Dayanışma Dərnəyinin rəhbəri Güvən Arıklı isə Elçibəyi üfüqlərin ötəsində bir Türklük simvolu kimi dəyərləndirir: “Əbülfəz Elçibəy elə bir şəxsiyyət idi ki, həyatımızın hər anında onu xatırlayırıq. Türk Dünyasında bu günə qədər olan liderlərimiz haqqında hər zaman müxtəlif fikirlər olub. Demək olar ki, xarici imperialist dövlətlərin də təsiri ilə biz türk insanı yaşadığımız coğrafi məkan və zamandan asılı olaraq o liderlərimizi müxtəlif formada analiz etmiş, müxtəlif obyektiv və subyektiv fikirlər səsləndirmişik. Ancaq sevindirici və qürur verici bir hadisədir ki, böyük Türk coğrafiyasının hər yerində daim Əbülfəz Elçibəyə qarşı qanında Türklük qanı axan hər kəsin qəlbində böyük bir sevgisi olub. Bu, əvəzolunmaz bir sevgi idi. Keçmişdə də yaşayırdıq, bu gün də yaşayırıq və gələcəkdə də əminəm ki, bizim övladlarımız da yaşayacaqdır…”

Güvən Arıklı daha sonra deyir: “Elçibəy elə bir şəxsiyyət idi ki, həyatı boyunca heç kəsi incitmədi, heç kəsi üzmədi, heç kəsi qınamadı. Öz inandığı yoldan dönmədi… Bu gün yaşadığımız dünyada bəlkə də lider olmaq, önə çıxmaq o günün şərtləri ilə daha asandır. Ancaq bir anlığa onun yaşadı tarixə dönərsək, nə qədər böyük bir şəxsiyyət olduğunu daha çox dərk edərik.

Elçibəy Türk Dünyasına yenidən milliyyətçilik ruhu gətirdi. O, qısa, amma çətin yaşayışı ilə tariximizə öz adını qızıl hərflərlə yazan liderlərdən olmadı. Bu missiyanı mənimsəmədi. O, tarix yazdı. Həm də hərflərlə yox, bir insanın necə yaşaması ilə, davranışları və məfkurəsi ilə bizlərə yaşatdı…”

O, Əbülfəz Elçibəyi Böyük Türk Alparslan Türkeşlə eyniləşdirir: “Bizim gəncliyimizə rast gəldi tarix. Alparslan Türkeşə bir qardaş doğuldu sanki, onun yanında yolbəyi oldu, çıraq oldu. Adı kimi yaşadı, bəy kimi gəldi, qısa ömrü ilə həyatımıza və bəy kimi də ayrıldı aramızdan. Bizim yaşadığımız gəncliyin qəhrəmanı oldu Elçibəy. Bizim deyə bilmədiyimizi o dedi. Qəlbinə sığdırdı türk dünyası sevdasını, qısa ömrünə böyük sevdanı sığışdırdı. Amma Elçibəy sevdası böyük Türk Dünyası coğrafiyasına sığmadı…

Dünyaya göz açmasının 80-ci ilini yaşarkən onun haqqında bu fikirləri bildirəcəyimi xəyal etməzdim. Amma Elçibəy bu gün bizim qardaş-qardaşa duyğularımızı bölüşək deyə boşuna mücadilə etməyib demək. Şərqi qərbə, şimalı cənuba bağlayan bir məhəbbət simvolu olacaqmış aramızda. Bu məhəbbətin adı Elçibəy olacaqmış.

Təəssüf edirik ki, bu gün Elçibəy cismən aramızda yoxdur. Çox sevdiyi ölkəsinin nə qədər inkişaf etdiyini və bir dünyəvi dövlətə çevrildiyini görə bilmir. Amma o, bütün bunları hiss edir, bizimlə, sizinlə birlikdə yaşayır. Ruhu hər atdığımız xeyirli addımlarda şad olur. Xalqımıza, dövlətimizə xələl gətirəcək davranışlarımıza ruhən üzülür…”

“Türk dünyasının istənilən yerində bu gün onun adı yaşayır. Qəlbimizdə taxt quran liderimizi sevgi ilə yad edirik. Onun yaşadığı əsrdə yaşamaq böyük bir şərəfdir. Onun sevgisini qəlbində yaşayan hər Türk bir dəyərdir. Onu anlamaq onu oxumaq onu yenidən kəşf etmək böyük bir dəyərdir”, – deyən Güvən Arıklı fikrini belə tamamlayır:

“Son illərdə bir neçə dəfə Azərbaycanda oldum. Elçibəyin adı çəkiləndə gözlərdə sevincin yaranmasının şahidi oldum. Könüldə taxt qurmaq budur… Elçibəy üfüqlərin ötəsində bir həyat yaşadı. Elçibəy üfüqlərin ötəsində bir lider olaraq qəlbimizdə daim yaşayacaq. Daim onun davranışları və Türklük ideyaları bizim gələcəyimizə işıq tutacaq… Ruhun daim bizimlə olsun, Bəy! Ruhun şad olsun Elçibəy!”

Türk insanının gözündə Elçibəy

Türkiyədən: O, Bütöv Azərbaycandan bəhs edən ilk liderdir

Türkiyədən söz adamı, şair, ömrünü müəllimliyə həsr etmiş Dursun Elmas isə Elçibəyi “Türkçülüyü şaha qaldıran lider” kimi xarakterizə edir: “Qafqazlarda “Türklüyü” “Türkçülüyü” şaha qaldıran, alim, uzaqgörən, müdrik lider Əbülfəz Elçibəy haqqın rəhmətinə qovuşmayıb, hələ də yaşamış olsaydı, 80-ci doğum gününü təbrik etmiş olacaqdıq. Onu bir dəfə daha rəhmət və minnətdarlıqla yad edirik. Ulu Tanrı cənnətində saxlasın”.

D.Elmas vurğulayır ki, Türkiyə Türkləri Elçibəyi hələ Sovet İttifaqı dağılmamışdan əvvəl tanıyıb: “Biz Azərbaycan Xalq Cəbhəsinin “istiqlal” yolunda mübarizəsini təqib edir, Azərbaycanının müzəffər olması üçün Ulu Tanrıya dua edərdik. Və nəhayət, xəyallarımız gerçək oldu, SSRİ dağıldı. Türk yurdları bir-bir azad oldular. Yetmiş illik əsarət başa çatdı. Elçibəy seçkilərdə Azərbaycan xalqının böyük əksəriyyətinin səsi ilə prezident seçildi. Amma mərhum Elçibəyimiz üçün əsas ağır günlər bundan sonra başladı.

Bir tərəfdən ermənilərlə mübarizə apararkən, digər tərəfdən yeni dövlətin əsasları atılacaqdı. Xalqın qalaqlanmış ehtiyacları vardı. Çünki istehsala yönəlmiş heç bir sənaye müəssisəsi, zavodu, müdafiə sənayesi, silahı olmayan bir ölkə vəziyyətində idi, artıq Azərbaycan. Elçibəy üçün ən çətin dövr idi deməyim də buna görədir.

Bütün çətinliklərə və tək olmasına baxmayaraq, Elçibəy çox qısa müddətli hakimiyyətində təhsildə, dildə, tarixi şüurda, ən əhəmiyyətlisi isə Azərbaycan xalqına demokratiyanın ləzzətini təqdim etməkdə çox üstün xidmətlər göstərdi.

Biz Türkiyə Türklərinin hələ də könüllərinin baş tacında yaşayan milli lider Əbülfəz Elçibəydir”.

O, vurğulayır ki, Bakıya yolu düşən hər bir türkiyəli mütləq Fəxri Xiyabana gedər, Bəyin məzarını ziyarət edər, ruhuna “Fatihə” oxuyar: “Çünki,

O, başına nə bəlalar açacağını bilə-bilə, 70 il sonra “Güney Azərbaycan” deyən bir dava adamı idi.

O, Bütov Azərbaycandan bəhs edən ilk liderdir.

O, Ankarada Anıtqəbirdə böyük Atatürkü ziyarət edən zaman xatirə dəftərinə “MƏN ATATÜRKÜN ƏSGƏRİYƏM” deyə yazan böyük ruhlu insan idi.

O, ulu Tanrının müstəsna yaratdığı üstün insanlardan biri idi”.

Dursun bəy deyir ki, “Böyük ruhlu insanda böyük-böyük dərd olar, Mərd olan insanların taleyi namərd olar” – Taleyi namərd çıxdı Bəyin”:

“Sovetlərin dağılması ilə birlikdə bütün müstəmləkəçi qüvvələr “neft” ölkəsi olan Azərbaycanı sömürməyin yolunu axtarmağa başladılar. “BP” kimi nəhəng neft şirkətləri Azərbaycana axın etməyə başladı. Mərhum Elçibəyin milli düşüncə ilə həyata keçirmək istədiyi neft siyasətini əyə bilməyənlər hiyləgər planlarını ortaya qoyub onu hakimiyyətdən devirməyə nail oldular”.

Dursun Elmas o fikirdədir ki, hər bir Azərbaycan Türkünün deyil, sadəcə, xüsusən də Türkiyə Türkləri başda olmaqla bütün Türk dünyasında “ELÇİBƏY İNSTİTUTLARI” açılmalıdır: “Bəyin geniş düşüncə sistemindən ruhlanaraq “TÜRK BİRLİYİ” ideyasının reallaşmasına inanan gənclər, alimlər yetişdirilməlidir. Ömürlərini “TURAN! TURAN!” deyə şam kimi əritmiş şəxsiyyətlər məzarlarında rahat yatsınlar deyə. Türk Birliyinə inamımız sonsuzdur”.

Dəyərli türkiyəli aydın da sonra Bəyimizin əziz ruhuna salam və “Fatihə” göndərir. Vurğulayır ki, “Elçibəy daim Atilla kimi, Bilgə Xaqan kimi, Atatürk kimi qəlbimizdə yaşayacaqdır”.

Və sonda, Elçibəy davamçıları əmindir ki, yenidən Türk kimi yaşamaq, Türk olmaqla qürur duymaq, Elçibəy yolunu ləyaqətlə davam etdirmək böyük ideyanın – Bütöv Azərbaycanın və Ümumtürk Birliyinin gerçəkləşməsinə gətirib çıxaracaq. Ruhun bizimlədir, Bəy!

Yazı “Elçibəy-80” yazı müsabiqəsinə təqdim edilir

Türk insanının gözündə Elçibəy
Bu xəbər oxucular tərəfindən 1181 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed