Şrift:
Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan şairləri Fərid Hüseyn və Şəhriyar Del Geraninin İranda həbs edilməsi ilə bağlı tədbir keçirilib
05.07.2012 [12:58] - Gündəm
İyulun 4-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan şairləri Fərid Hüseyn və Şəhriyar Del Geraninin İranda həbs edilməsi ilə bağlı tədbir keçirilib. Yazıçı Çingiz Abdullayev, professor Niyazi Mehdi, “Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu, “Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, şair Salam Sarvan və digər ziyalıların qatıldığı tədbirdə gənc şairlərə qarşı irəli sürülən casusluq ittihamının tamamilə əsassız olduğu vurğulanıb.

Şahbaz Xuduoğlu gəncləri şəxsən tanıdığını, İrana sadəcə şeir festivalında iştirak etmək üçün getmiş Fərid Hüseyn və Şəhriyar Del Geraninin günahsız olduqlarına inandığını deyib. Şahbaz Xuduoğlu onlara vəkil tutmağı, gənclərin hüquqlarını müdafiə komitəsi yaratmağı təklif edib: “Bura toplaşmaqda məqsədimiz İranı tənqid etmək deyil. İstədiyimiz ancaq budur ki, Fərid və Şəhriyar müdafiəsiz qalmasınlar. Beynəlxalq təşkilatların da köməyinə ehtiyacımız var”.

İran hökumətinin şairlərə qarşı irəli sürdüyü ittihamların qondarma olduğunu vurğulayan Çingiz Abdullayev qeyd edib ki, onların müdafiəsi üçün bütün dünya ölkələrindəki pen-klublara müraciət edəcək: “Bu klublar şair və yazıçıların hüquqlarını müdafiə etməlidir. İki aydır ki, İran hökuməti Azərbaycan dövlətinin sorğularını cavabsız qoyur, şairlərimizlə hər hansı əlaqə yaratmağa imkan vermir. Halbuki onların İrandakı diplomatlarımızla görüşünə şərait yaradılmalı idi. Ən ağır cinayət törətmiş şəxslərin belə özünümüdafiə hüququ var. Biz mütləq ora vəkil göndərməliyik”.

Natiq Məmmədli baş verənləri Rafiq Tağının ölümündən sonra Azərbaycana qarşı törədilmiş ikinci təxribat hadisəsi adlandırıb, bildirib ki, Fərid Hüseyn və Şəhriyar Del Geraninin müdafiəsi üçün təcili addımlar atılmalıdır.

Fərid Hüseyn və Şəhriyar Del Gerani aprelin 29-da poeziya festivalında iştirak etmək üçün İrana gediblər. Onlar mayın 2-si Təbrizdə həbs olunublar.

İyulun 3-də İranın “Press TV” kanalı Şəhriyar Del Gerani və Fərid Hüseynlə bağlı video yayıb. Videoda Azərbaycan şairlərinin casusluqda ittiham olunduğu deyilir. İddiaya görə, Azərbaycan yazarları Milli Təhlükəsizlik Nazirliyinin tapşırığı ilə hərəkət ediblər və İranda yerli azərbaycanlı dissidentləri məxfi əməkdaşlığa cəlb etməyə çalışıblar.

Videoda deyilir ki, şairlərin fotoaparatında İrandakı strateji obyektlərin və qurğuların şəkilləri aşkarlanıb.
Bu xəbər oxucular tərəfindən 1320 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed