Şrift:
Mühəndislərin Şeyxi Əcəmi Naxçıvani
25.06.2018 [10:36] - Xəbərlər, DAVAMın yazıları
Qədim və Orta əsr Azərbaycanının görkəmli alim, rəssam, xəttat, şair, musiqiçi, sərkərdə, dövlət və din xadimləri var ki, böyük əksəriyyətimiz ya onların haqqında az məlumatlıyıq, ya da onların varlığından xəbərsizik. Düzdür, bu məlumatlar uzun illər sovet rejimi tərəfindən xalqdan gizlədildi, ortaya çıxarılanlar isə başqa xalqın nümayəndəsi kimi təqdim edilib. Elə bu gün də onlar haqqında geniş bilgilərə sahib deyilik. Məhz bu səbəbdən də Enter.News akademik Çingiz Qacarın araşdırmalarından əldə etdiyi Azərbaycanın görkəmli şəxsiyyətləri haqqında olan materialları təqdim edir. Növbəti materialımız mühəndislərin Şeyxi Əcəmi Naxçıvani haqqındadır.

XI və XII əsrlər - Azərbay­can intibahının çiçəklənmə döv­rüdür. Şəhərlər böyüyür, saray­lar, məscidlər, müdafiə və xati­rə tikililəri qurulur. Sənətlər, elm, incəsənət və poeziya inki­şaf edir. Bu dövrdə yaşayıb-ya­ratmış dahi şəxsiyyətlərin bol­luğu da adamı heyrətə gətirir: Qətran Təbrizi, Bəhmənyar əl- Azərbaycani, Xətib Təbrizi, Ni­zami Gəncəvi, Xaqani Şirvani, Ömər Kafiəddin, Əbu-Bəkr Gəncəvi, Məhsəti Gəncəvi və başqaları...

Yalnız Şərqdə deyil, əksər qismi həm də Qərb dünyasında yaxşı tanınan bu kəhkəşanın ul­duzları arasında ən çox işıq sa­çanlarından biri də Əcəmi Naxçıvanidir. O, orta əsrlər Azər­baycanının dahi memarı kimi şöhrət qazanmışdır.

Tanınmış sənətşünaslardan Ə.V.Salamzadə onun haqqında yazır: “Yaxın Şərqin bir çox memarlarının yaradıcılığına onun təsirini iz­ləmək çətin deyil. Onun yaratdığı nadir arxitektura əsərləri əsrlər keçməsinə baxmayaraq, böyük estetik həzz mənbəyi kimi sənətkarın yaradıcı dühasının gücünü əks elətdirir. Bu əsərlər sübut edir ki, Əcəminin ölməz irsi haqlı olaraq, memarlıq sənətinin əbədi nümunələrindən sayılır. Yenidən doğulmuş bu sənət abidələri belə bir fikrə gəlməyə əsas verir ki, Əcəmi Naxçıvani öz dövründə tay-bərabəri olmamış sənətkarlardandır. Təsadüfi deyil ki, XIII əsr mənbələri onun “şeyxül-mühəndisin” (mühəndislər başçısı) rütbəsi daşıdığından xəbər verir. Hələ Qərb dünyasında arxitektura sənəti anonim səciyyə daşıyan bir dövrdə Əcəmi bir çox memarlıq incilərinin müəllifi kimi bizim qarşımızda parlaq və təkrarolunmaz yaradıcı simaya malik böyük sənətkar, bədii və mühəndis təfəkkürü­nün nəhəngi kimi canlanır.”

Əcəmi öz ömrünü İraq sultanlığında-Azərbaycan Atabəyləri döv­lətinin ərazisində yaşamışdır. Bu dövlətin mərkəz şəhərlərindən biri də Naxçıvan idi. Atabəylər dövləti böyük atabəy Şəms əd-Din İl-Dənizin dövründə yaranmış, onun oğlu Nüsrət əd-Din Məhəmməd Cahan Pəhləvanın dövründə çiçəklənmişdi.

Tarix öz qoynunda Əcəminin həyatı haqda onun ölməz əsərlərin­dən başqa heç nə saxlamayıb. Görünür, dahi memar bunu qabaqca­dan gördüyündən öz şah əsərinini İl-Dənizin xanımı Möminə xatunun məqbərəsi üzərində belə yazmışdı: “Biz gedəriyik. Dünya əbədi qalandır. Biz gedəcəyik, dünya qala­caq. Biz ölərik bu, bizdən xatirə qalar. İlahi, bəd nəzərdən uzaq elə.”

Bəli, xatirə qaldı. Müsəlman şərqində yalnız bir neçə memarlıq ansamblı məşhurdur. Bunların içərisində Səmərqəndin, İsfahanın me­marlıq ansambllarını, eləcə də Tac-Mahalı göstərmək olar. Güman ki, həmin ansamblların yaranmasından çox-çox qabaqlar dünyanın ən qədim şəhərlərindən olan Naxçıvanda (Bibliyadakı rəvayətlərə görə, bu şəhərin əsası Nuh peyğəmbər tərəfindən qoyulub) orta əsrlərin da­hi memarı Əcəmi Naxçıvaninin layihəsi əsasında möhtəşəmlikdə bunlardan heç də geri qalmayan arxitektura kompleksi tikilmişdir. Nəhəng bir ərazidə İl-Dənizlərin Sarayı, Cümə məscidi, xatirə abidələri, çox güman ki, mədrəsə, karvansara və digər hökumət tikililəri qurulmuşdu. Bütün bu məlum və ehtimal olunan tikililərdən bizim dövrümüzə yalnız iki məqbərə gəlib çatsa da Naxçıvanda saray an­samblının mövcudluğu XIII əsrdə anonim bir müəllif tərəfindən fars­ca yazılmış “Əcaib əd-dünya” adlı əsərdə də müəyyən dərəcədə təs­diq edilir. Həmin əsərdə bu sətirləri oxumaq olar: “Naxçıvan Azər­baycanda yüksək bir yerdə salınmış və möhkəmləndirilmiş, əhalisi gur olan iri şəhərdir. Burada çoxlu saraylar, şəhərətrafı qalalar, mali­kanələr (köşk) və parad təyinatlı tikililər qurulmuşdur. Şəhərin ya­xınlığında daşdan qalalar, qalanın içində isə mədrəsə və məscidlər tikilib. Qalanın içində həmçinin gözəl bir bulaq var. Deyilənə görə, dünyada bundan çox məskunlaşmış şəhər yoxdur. Bütün inşaat kirəc­dən və bişmiş kərpicdən aparılırdı. Üç və dördmərtəbəli köşklərin ək­sər qismi əslində qalalardır. Şəhərin ətrafındakı kəndlər (savad) ol­duqca gözəldir, axar suları var. Çoxlu bağ-bağat salınıb, göz oxşayan çəmənliklər var. Araz çayı şəhərin içindən keçir... İl-Dənizin müba­rək zamanında (Naxçıvan) tamamilə əzəmətli bir görkəm aldı. Bura­da şah iqamətgahı (dar-əl-mülk) və hökumət binaları (dövlətxana) tikildi..”

O zamanın mənbələrinə əsaslansaq, Əcəmi dövründə Naxçıvanda 250 min nəfər əhali yaşayırdı. Xatırlanan meydandan dövrümüzə gə­lib çıxmış tikililər arasında ən qədimi xalq arasında Atababa Günbəzi adlanan Yusuf ibn Küseyr məqbərəsidir. Məqbərənin məzar hissəsi yerin altındadır. Yerüstü qülləvari hissə piramida formalı səkkizguşə­li çadır şəklində işlənmişdir. Məqbərənin çölə baxan tərəfi kərpic bloklarla hörülmüş naxışlarla bəzədilmişdir. Abidənin giriş hissəsin­də kufi xətti ilə yazılıb: “Bu, şərəfli dinimizin məşhur rəisi, islamın gözəlliyi, şeyxlər başçısı Hacı Yusif ibn Küseyrin məqbərəsidir. Şəv­val ayı, yeddinci, əllinci və beş yüzüncü il (557/1162-ci ilk” Məqbərənin üzərində kufi xətti ilə Qurandan dekorativ ayələr yazılmışdır. Girişin sol tərəfində memarın adı həkk olunmuşdur: “Əcəmi ibn Əbubəkr Naxçıvani.”

Azərbaycanda daha gözəl və daha möhtəşəm bir məqbərə isə Mö­minə xatunun şərəfinə salınmış və xalq arasında Atabəy Günbəzi kimi məşhur olan xatirə abidəsidir. Möminə xatun atabəy Şəms əd-Din İl-Dənizin birinci arvadı idi və Azərbaycan Atabəylər dövlətinin yaranması, möhkəmləndirilməsi üçün çox böyük işlər görmüşdü. O, 1175-ci ildə dünyasını dəyişir. Bundan az sonra İl-Dəniz özü də rəh­mətə gedir və yalnız 1186-ci ildə başa çatmış məqbərənin tikintisini onların oğlu Cahan Pəhləvan davam etdirir. Bu məqbərə də yeraltı və yerüstü hissələrdən ibarətdir. Birinci qismə xatunun məzarı, ikinci hissəyə isə xatirə abidəsi daxildir. Məqbərə öz formasına görə kəsik onbucaqlını xatırladır. Giriş üçün nəzərdə tutulmuş fasadı çıxmaq şərti ib qalan bucaqların hamısı eyni cür işlənmiş və naxışlarla bəzə­dilmişdir. Məqbərənin üzərində kufi xətti ilə Qurandan ayələr həkk olunmuş haşiyə yerbşdirilib. Təqribən bir metr hündürlüyündə olan bu yazı minalanmış kərpiclərlə işlənmişdir və məqbərənin bəzəyi sa­yılır. Hündürlüyünə və monumentallığına baxmayaraq, məqbərə çox zərif və dikdir. Bu da onun qadın şərəfinə ucaldıldığından xəbər verir.

Bu məqbərəyə baxanda istər-istəməz adamın yadına Hindistan arxitekturasının ölməz incisi Tac-Mahal düşür. Həmin kompleksdə qadın - Mümtaz Mahalın (1648-ci il) şərəfinə, həm də Cahan adlı türk hakimi tərə­findən ucaldılmışdır.

Möminə xatun haqqında akademik V.M.Alpatovıın “Ümumi incəsənət tarixi” külliyyatında deyilənlərə nə­sə əlavə ebmək çox çətindir. O yazır: “Bu cür inkişaf tap­mış forma hissiyyatı, bu cür klassik kompozisiya bitkin­liyi və kompozisiyanın gerçəkləşdirilməsindəki bu cür kamillik o dövrlərdə Orta Avropa arxitekturasında rast gəlinmir. Klassik şərq ədəbiyyatının ən gözəl nümunələrindən olan Firdovsinin (X-Xl əsrlər) “Şahnamə”, Nizaminin (XII əsr) “Leyli və Məcnun” ki­mi ölməz poemalarında olduğu kimi, Naxçıvandakı bu məqbərə də bəşəri mahiyyəti ilə fərqlənir.”

İslam dini canlıların heykəlini qoymağı qadağan etdiyindən Şərq­də yüksək qülləli məqbərələr Qərbi Avropadakı qəbirüstü abidələri əvəz edirdi. Bu tikililərin məzarlıq hissələri yerin altında olur, yerüs­tü hissəsi isə bəzən hətta 30 metrə qədər yüksələrək, öz gözəlliyi və ifadəliliyi ilə dəfn olunmuş şəxsin xatirəsini əbədiləşdirməyə xidmət edirdi.

Böyük memar hər iki əsərində həmin qayəni yüksək sənətkarlıqla gerçəkləşdirə bilmişdi.

Bu meydanda yerləşən tikililərdən biri də hansısa möhtəşəm bir memarlıq abidəsinin qoşa minarəli piştağıdır. Həmin abidə XIX əsr­də dağıdılmış, onun şəkilləri və təsviri isə qalmışdır. Abidə dağıdıl­mamışdan onun üzərindəki “Memar Əcəmi ibn Əbubəkr Naxçıvaninin əsəridir” sözləri aydın oxunurdu.

Piştağ 1187-ci ildə, Möminə xatun məqbərəsindən bir il sonra ti­kilmişdir. Mütəxəssislər təsdiq edirlər ki, qoşa minarəli portal kompo­zisiyası ilk dəfə Əcəmi tərəfindən tətbiq edilmişdir. Sonralar müsəl­man dünyasının bir çox ölkələrində bu kompozisiyaya tez-tez rast gəlinir.

Əcəminin xatırladığımız tikililərinin ümumi kompleksinə nəhəng bir cümə məscidi də daxil idi. Bu məscidin təsviri fransız səyyahları Tavemye və Delafruaının qeydlərindəki şəkillərdə verilmişdir. XIX əsrin ortalarında V.Engelqart “Qafqaz” qəzetində bu məscid haqda yazırdı: “Bu yonulmuş daşlardan tikilmiş və tağları olan nəhəng bir binadır. İçəridə hələ də gözəl relyefli oymaların izləri qalmaqdadır. Məscidin bir hissəsi artıq dağılıb, o biri hissəsi isə dağılmaq üzrədir. Məsciddən 50 sajen aralıda hündürlüyü 20 sajenə çatan qoşa minarəli darvaza yerləşir. Darvaza da həmin kompleksə daxildir. Əvvəllər məscidlə darvazanın arasındakı yerdə müxtəlif tikililər olub, ancaq indi bunlar yoxdur və adama elə gəlir ki, darvaza bir qədər yaxındakı tənha qalaya aiddir.” Tamamilə mümkündür ki, həmin boş qalmış yerdə adətən belə komplekslərə daxil olan mədrəsələr və ya karvansaralar da tikilibmiş. Üstəlik Bretanitskinin yazdığına görə, atabəyin Naxçıvanda Möminə xatun vəqfinə daxil olan bir mədrəsə tikdirdiyi qeyd edilmiş yarlıq da mövcuddur.

Maraqlıdır ki, zaman keçdikcə Əcəminin ustalığı ilə bərabər, cə­miyyətdə tutduğu mövqe də artır. Bunu məlum abidələrdə onun adı­nın yazılış forması da aydın göstərir. Yusif ibn Küseyrin məqbərəsin­də bu yazı o qədər namünasib şəkildədir ki, ilk tədqiqatçılar hətta bu­nu görə də bilməmişlər. Üstündən 20 il keçdikdən sonra Möminə xatun məqbərəsində isə həmin yazı girişin üzərində və diqqəti cəlb edən bir tərzdə həkk olunmuşdur. Növbəti yazı isə monumental piştağın üzərindədir.

Əcəminin yaradıcılığı uzun əsrlər boyunca Azərbaycanın və digər ölkələrin bir çox memarları üçün ilham və təqlid mənbəyi olmuşdur. Hətta Əcəmidən 300 il sonra yaşamış Türkiyə memarı Sinanın əsər­lərində də tədqiqatçılar dahi ustadın təsirini qeyd edirlər. Qoy çağdaş memarlar da Əcəminin devizini yaddan çıxarmasınlar: “Biz öləcəyik, bu əsərlərsə xatirə kimi qalacaq.”
Bu xəbər oxucular tərəfindən 904 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed