Şrift:
Cəmşid Naxçıvanski və Heydər Əliyev hərbi liseylərində təhsil müddəti azaldılıb
29.06.2018 [10:20] - Gündəm, Hərb
Cəmşid Naxçıvanski və Heydər Əliyev adına hərbi liseylərin nizamnamələrində dəyişikliklər edilib.

Baş nazir Novruz Məmmədovun imzaladığı qərara əsasən, hər iki təhsil ocağında təhsil müddəti 3 ildən 2 ilə endirilib və ümumi təhsil pilləsinin tam orta (X-XI siniflər) təhsil səviyyəsini əhatə edəcək.

Bundan əlavə, liseylərin X sinfinə 15 sentyabr tarixinədək 15 yaşı tamam olmuş və 17 yaşı tamam olmamış IX sinfi bitirmiş oğlanlar qəbul ediləcəklər.

Liseylərə daxil olmaq üçün namizədlərin seçilməsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən onların sağlamlıq vəziyyətinin müayinəsi nəticələrinə əsasən aparılacaq. Liseylərə qəbul biliyin qiymətləndirilməsi üzrə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda namizədlərin əldə etdikləri nəticələrə əsasən həyata keçiriləcək.

Mülki işçiləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində təhsilin təşkilinə cavabdeh olan yuxarı idarəetmə orqanının rəhbəri ilə razılaşdırdıqdan sonra işə qəbul və işdən azad edəcək.

Dəyişikliyə görə, Müdafiə Nazirliyi və hər iki liseyin fəaliyyəti ilə bağlı redaksiya-nəşriyyat işlərini həyata keçirmək təhsil ocaqlarının vəzifələri sırasından xaric edilib.
Bu xəbər oxucular tərəfindən 603 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed