Şrift:
Naxçıvan istiqamətində atışma olmayıb”- Müdafiə Nazirliyi
02.07.2018 [10:04] - Xəbərlər, Hərb
Azərbaycan Müdafiə Naziriyinin mətbuat xidməti Ermənistanla dövlət sərhədinin Naxçıvan istiqamətində atışma barədə bu ölkənin Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyanın yaydığı məlumata münasibət bildirib. Müdafiə Nazirliyi virtualaz.org saytının sorğusuna cavab olaraq bildirib ki, Artsurun Ovanisyan özünün sosial şəbəkə hesabında Naxçıvan istiqamətində mühəndis və mövqelərin möhkəmləndirilməsi işləri görən Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinə atəş açılması, bu zaman bir erməni hərbi qulluqçunun “yüngül yaralanması” barədə məlumat yayıb.

“Bununla bağlı bildiririk ki, dövlət sərhədinin Naxçıvan istiqamətində bu gün heç bir atışma qeydə alınmayıb, erməni tərəfinin iddia etdiyinin əksinə olaraq ordumuzun bölmələri mühəndis işlərini davam etdirir və strateji yüksəkliklərdə yerləşən yeni mövqelərini möhkəmləndirir. Ermənistan ordusunun hərbi qulluqçusunun yaralanması ilə Azərbaycan tərəfinin heç bir bağlılığı yoxdur. İstisna deyil ki, bu Ermənistan ordusundakı nizamnamədən kənar münasibətlərin növbəti təzahürüdür. Görünür Ermənistan Müdafiə Nazirliyində bu cür məlumat yaymaqla Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun may ayında keçirdiyi uğurlu əməliyyata görə yaranmış pərtlikdən yeni çıxış yolu tapmağa çalışırlar”.

Qeyd edək ki, Artsurun Ovanisyanın iddiasına görə, Azərbaycan ordusunun bölmələrinin mühəndis işlərinin qarşısının alınması üçün Ermənistan silahlı qüvvələri atəş açıb. Bu zaman ordumuzun postlarından birinin “dağıldığı”, ancaq atışma zamanı 1974-cü ildə anadan olmuş erməni hərbi qulluqçu Vahan Baqdasaryanın da “yüngül yaralandığı” bildirilir.



Azərbaycan ordusunun Naxçıvan Əlahiddə Ümumqoşun birləşməsinin aprel-may aylarında keçirdiyi əməliyyat nəticəsində 11 min hektara yaxın ərazi düşmən nəzarətindən çıxarılıb, ordumuz Ermənistanla sərhəddə yeni strateji yüksəkliklərdə möhkəmlənib. Əvvəlcə Ermənistan Müdafiə Nazirliyi Naxçıvan istiqamətində Azərbaycan ordusunun irəliləməsini israrla təkzib edib, daha sonra fakt təsdiqlənib, ancaq deyilib ki, Ermənistan ordusu “vəziyyətə nəzrət etməkdədir”.
Bu xəbər oxucular tərəfindən 513 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed