Şrift:
100 yaşlı Azərbaycan polisinə rəhbərlik etmiş 27 daxili işlər naziri...
02.07.2018 [11:00] - Xəbərlər, DAVAMın yazıları
Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranması xalqımızın tarixində ilk dəfə demokratik prinsiplər əsasında müstəqil dövlətin, hökumətin yaranmasının əsasını qoyub. Xalqımızın keçdiyi yol şərəfli və keşməkəşli olduğu kimi, Azərbaycan polisinin həyatı və fəaliyyəti də eyni xarakterli idi. Ölkəmiz sərt sınaqlara çəkilib, repressiyalara məruz qalıb, təxminən 70 il ərzində kommunist ideologiyasının birbaşa təsiri altında fəaliyyət göstərib. Bütün çətinliklərə baxmayaraq, Azərbaycan polisi bütövlükdə qarşısında duran vəzifələri layiqincə yerinə yetirib, ən çətin zamanlarda həmişə xalqın güvənc yeri olub, cinayətkarlığa qarşı mübarizə aparan, xalqın asayişini mühafizə edən bir orqan kimi işini axsatmayıb.



Bu gün-iyulun 2-də 100 illiyi qeyd olunan Azərbaycan polisinin keçdiyi şərəfli, ziddiyyətli və tarixi yol haqqında görkəmli dövlət xadimi Heydər Əliyev bir vaxtlar belə deyib:



“Bu tarixi dövrdə Azərbaycan polisinin, milisinin, daxili işlər orqanlarının çox əhəmiyyətli nailiyyətləri də, itkiləri də, uğurları da, səhvləri də olmuşdur. Bu tarixin çox parlaq səhifələri də, ləkəli, qara səhifələri də vardır. Amma bunların hamısı bizimdir, Azərbaycanındır, xalqındır. Bu bizim xalqın tarixinin səhifələridir".


İlk müstəqil polis qurumları


Rusiya və İran arasında gedən müharibənin nəticəsi olaraq 1828-ci ildə imzalanan Gülüstan sülh müqaviləsinə görə Şimali Azərbaycan Rusiyaya birləşdirildi. Məhz həmin vaxtlardan ölkəmizdə polis rəsmi orqan kimi fəaliyyətə başladı. Tarixi məlumatlara görə, ilk uyezd polis idarələrinin əsası 1840-cı ildə qoyulub. Həmin idarələr ilk vaxtlar Bakı, Gəncə, Şamaxı, Naxçıvan, Quba, Şuşa və digər bölgələrdə fəaliyyət göstərməklə tədricən ölkə ərazisini əhatə edib. O vaxt polis idarələri quberniya rəhbərliyinə tabe olub, xırda cinayət hadisələrinə baxmaqla bir növ məhkəmə funksiyalarını da yerinə yetirib. Belə vəziyyət 1918-ci ilin aprelinədək davam edib. Daşnak Şaumyanın rəhbərliyi ilə Bakı Xalq Komissarları Soveti yarananda daxili işlər komissarlığı da təsis edilib. Bolşevik Alyoşa Caparidze onun ilk rəhbəri olub.

Azərbaycan Xalq Cümhuriyyəti qurulandan sonra - 1918-ci il iyulun 2-də ölkəmizin tarixində ilk dəfə müstəqil polis qurumları yaradılıb. Azərbaycan Xalq Cümhuriyyətinin ilk baş naziri və daxili işlər naziri vəzifəsini Fətəli xan Xoyski tutub. Fətəli xan Xoyskidən sonrakı daxili işlər nazirləri Cavanşir Behbudov, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Usubbəyov, Məmmədhəsən Hacınski və Mustafabəy Vəkilov olub.



ADR dövründə DİN-in tabeliyinə Bakı, Balaxanı, Sabunçu müstəqil polismeyster idarələri, Bakı şəhər upravasının polisi, Bakı xüsusi vergi polisi, Xəfiyyə polisi, Gəncə, Zəngəzur, Şuşa, Cavanşir, Cavad, Cəbrayıl və sair qəzaların polis idarələri daxil idi.


1920-ci ilin aprelində bolşevik Rusiyası XI Qızıl Ordunun vasitəsilə Azərbaycanı işğal etdi. Sovet Azərbaycanının ilk daxili işlər naziri Həmid Sultanov oldu. Polisin adı dəyişdirilərək milis adlandırıldı. Pristavlar işdən götürülüb, onların yerlərinə komissarlar təyin olundu. O vaxtdan indiyədək Azərbaycan Respublikasının daxili işlər naziri vəzifəsini 20 nəfər tutub. 18 oktyabr 1991-ci ildə “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edildikdən sonra Azərbaycanın Daxili İşlər Nazirliyi keçmiş SSRİ Daxili İşlər Nazirliyinin tabeliyindən çıxıb və həmin dövrdən suveren Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi kimi fəaliyyət göstərir.

Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2001-ci il tarixli Fərmanı ilə "Daxili İşlər Nazirliyinin Əsasnaməsi və strukturu" təsdiq edilib.



Qəhrəman polislərimiz



Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə 460 nəfər polis əməkdaşı, Daxili Qoşunların 511 nəfər hərbi qulluqçusu şəhid, 681 əməkdaş isə əlil olub. Daxili işlər orqanlarının 67 nəfər əməkdaşına "Milli Qəhrəman" fəxri adı verilib, 86 əməkdaş "Azərbaycan Bayrağı" ordeni, 247 əməkdaş isə müxtəlif orden və medallarla təltif edib.



Müstəqillik illərində daxili işlər naziri vəzifəsini tutanlar:


Xoyski Fətəli Xan İsgəndərxan oğlu (28.05.1918 – 17.06.1918)

Behbudxan Cavanşir (17.06.1918 – 26.12.1918)

Xasməmmədov Xəlil bəy (26.12.1918 – 16.06.1919)

Usubbəyov Nəsib bəy Yusif oğlu (16.06.1919 – 22.12.1919)

Hacınski Məmmədhəsən (22.12.1919 – 15.02.1920)

Vəkilov Mustafa bəy (15.02.1920 – 28.04.1920)

Sultanov Həmid Həsən oğlu (28.04.1920 – 01.06.1921)

Bağırov Mircəfər Abbas oğlu (05.10.1921 – 22.05.1927)

Rizayev Novruz Kərim oğlu (22.05.1927 – 10.07.1929)

Yemelyanov Stepan Fyodoroviç (01.08.1929 – 05.02.1941)

Yaqubov Mirteymur Ələkbər oğlu (06.03.1941 – 01.06.1943)

Atakişiyev Ağasəlim İbrahim oğlu (10.07.1943 – 06.06.1953)

Quskov Anatoliy Mixayloviç (08.08.1953 – 25.03.1954)

Buliqa İvan Yefistovyeviç (30.04.1954 – 10.07.1956)

Kərimov Əli Həbib oğlu (11.08.1956 – 05.02.1960)

Məmmədov Xəlil Məmməd oğlu (03.11.1960 – 05.01.1965)

Əlizadə Məmməd Əli oğlu (05.01.1965 – 19.03.1970)

Heydərov Arif Nəzər oğlu (19.03.1970 – 20.07.1978)

Vəliyev Cəfər Cəbrayıl oğlu (04.11.1978 – 06.04.1987)

Məmmədov Aydın İsrafil oğlu (07.04.1987 – 09.05.1990)

Əsədov Məhəmməd Nəbi oğlu (23.05.1990 – 18.11.1991)

Kərimov Tofiq Mirzə oğlu (18.11.1991 – 20.02.1992)

Əliyev Tahir Yunus oğlu (24.02.1992 – 25.05.1992)

Həmidov İsgəndər Məcid oğlu (26.05.1992 – 16.04.1993)

Allahverdiyev Abdulla Museyib oğlu (21.04.1993 – 25.06.1993)

Novruzov Vaqif Yusif oğlu (07.07.1993 – 29.04.1994)

Usubov Ramil İdris oğlu (29.04.1994)



Hazırda müstəqil Azərbaycanın daxili işlər naziri general-polkovnik Ramil Usubovdur.
Bu xəbər oxucular tərəfindən 1146 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed