Şrift:
Sanksiyalar İranı çökdürəcək
05.07.2012 [16:44] - DAVAMın yazıları
İyulun 1-dən etibarən Avropa Birliyi ölkələrinin İran neftindən imtina etməsi İran ətrafında yeni vəziyyətin yaranmasına rəvac verib.

Düzdür, hələ ki rəsmi Tehran dünyaya meydan oxumaqda davam edir və bu qərarın ölkə iqtisadiyyatına bir o qədər də təsir etməyəcəyini bəyanlayır. Tehranda hesab edirlər ki, Avropa İran neftindən imtina etsə də, Asiya ölkələrinin bu neftə ehtiyacı olduğundan böyük faciə baş verməyəcək.

Politoloq Vəfa Quluzadə bölgədə kifayət qədər mürəkkəb situasiyanın yarandığını deyir: “Əgər bu gün İran xalqı mövcud hakimiyyəti dəstəkləyirsə, uğura nail olmaq çox çətin olacaq”.

Milli Məclisin millət vəkili, politoloq Rasim Musabəyov isə hesab edir ki, Tehrana qarşı sanksiyalar bölgədə gərginliyi daha da artıracaq: “Əslində İran neftinin Avropadakı alıcıları 8-10 faiz arasında idi. Amma bu sanksiyaların davamı olacaq. Digər tərəfdən, İranın bu vəziyyətə düşməsindən alıcılar da istifadə etməyə başlayıb. Onlar İran neftini almağın müqabilində çox böyük güzəştlər tələb edirlər. Ancaq satışdan əldə olunan gəlirlər xeyli azalır. Bu isə İran rəhbərliyi üçün bilavasitə də olmasa, vaxt keçdikcə artan problemlər deməkdir”.

Ekspert deyir ki, bunun ardınca digər sanksiyalar da olacaq: “Bütün sığorta şirkətləri İranın limanlarına daxil olan gəmilərə sığorta tətbiq olunmamasına çalışırlar. Həmçinin İran nefti daşıyan tankerlərə Avropa və Qərb ölkələrinə daxil olmaq qadağası qoyulur. Bu, İran neftinin daşınmasını bahalaşdırır və eyni zamanda işi çətinləşdirir. Bunlar hamısı gözlənilən məsələlərdir. Qısa zaman üçün İranın ehtiyatları var, buna davam gətirmək iqtidarındadır. Ancaq orta və ya uzaq müddət üçün hesablanıbsa, bu sanksiyalar xeyli çətinliklər yaradacaq”.

R.Musabəyov şübhə etmir ki, bunlar hamısı daxildə gərginliyi artıracaq: “Neftin qiyməti də aşağı düşməyə başlasa, bu, vəziyyəti çətinləşdirəcək. Nəticədə rəhbərliyə qarşı narazılıqlar artacaq”. Politoloq deyir ki, belə olan durumda müharibə ehtimalı azalır: “Düşünmürəm ki, hazırkı situasiyada Avropa və Amerika İrana qarşı müharibəyə başlamaq həvəsində olsunlar. Hazırda iqtisadi böhrandır və hamının başı iqtisadi məsələlərə qarışıb. Üstəlik, ABŞ-dakı (Amerika Birləşmiş Ştatları) seçkiqabağı durumda Obamanın müharibəyə girişməsi xeyli çətin məsələdir. Onsuz da onun seçilmək ehtimalları sürüşkəndir”. Sanksiyalardan sonrakı durumda Azərbaycanın vəziyyətinə gəldikdə, R.Musabəyov hesab edir ki, bunun Azərbaycana ciddi təsiri olmayacaq: “Bizim İranla neft mübadiləmiz yoxdur. Qaz mübadiləsi mövcuddur və davam edir. Özü də bu mübadilədə hesablaşma yoxdur ki, onu hansısa banklar vasitəsilə həyata keçirək. Biz burdan İrana qaz, yaxud elektrik enerjisi veririk, Naxçıvan da İrandan alır. Sadəcə, nəql haqqı üçün İrana bir az çox elektrik enerjisi və qaz veririk. Bu mənada Azərbaycanın qarşısında sanksiyalarla bağlı çətinliklər olmayacaq. Təbii ki, hesablaşmalar çətinləşir. İran böyük məmnuniyyətlə Azərbaycan manatlarını da qəbul edir. Ancaq bizim dövriyyəmiz də kifayət qədər məhduddur”.

Bəs sanksiyalar yolu ilə dünyaya meydan oxuyan İranı islah etmək mümkün olacaqmı? R.Musabəyov: “Vaxtilə Qərb ölkələri SSRİ-ni (Şurəvi) bundan daha yumşaq sanksiyalarla çökdürdü. Bu, bir az çox vaxt apardı. Ancaq SSRİ İran deyildi. Bu gün İranın təyyarələri tez-tez qəzaya uğrayır. Çünki köhnədir, ehtiyat hissələri ala bilmirlər. Rusun təyyarəsini aldılar, o da partladı, indi Rusiyadan da almırlar. Çalışıb ordan-burdan nəsə alırlar. Bu yolla hansı müddətdə sürünmək mümkündür, ancaq ağ günə çıxmaq qeyri-mümkündür”.

Ekspert İrana sanksiyalardan sonra qonşu ölkədə yaranacaq bahalığın Azərbaycana elə də böyük təsirinin olmayacağını düşünür: “İran Azərbaycanın dövriyyəsində 2 faiz təşkil edir”. R.Musabəyova görə, İran rejimi sanksiyalara davam gətirə bilməyəcək: “İran Şimali Koreya deyil. Koreyada yüz minlərlə insan acından ölsə də, rejimin dəhşətli dərəcədə sərt olması səbəbindən heç nə etmək mümkün olmur. İran o dərəcədə totalitar ölkə deyil. ”Yaşıl inqilab"da yüz minlərlə insan küçələrə axışmışdı. Sabah onların qarşısını almaq çox çətin olacaq. Sanksiyalar insanların həyatına mənfi təsir göstərdiyi halda rejim çox ciddi etirazlarla üzləşəcək. Və din ideologiyası ilə hakimiyyəti saxlamaq mümkün olmayacaq".
Bu xəbər oxucular tərəfindən 1580 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed