Şrift:
Nazim İbrahimov: “DAK-ın hər iki qolunun fəaliyyətini dəstəkləyirik”
05.07.2012 [16:51] - Diaspor
“Dünya Azərbaycanlıları Konqresinin hər iki qolu azərbaycanlıların dünyada yaratdığı 400-ə qədər diaspora təşkilatından biridir. Düzdür, adlarını bir qədər böyük qoyublar – Dünya Azərbaycanlıları Konqresi. Buna görə də cəmiyyətdə müəyyən yanlış fikirlər yaranır. Hesab edirəm ki, bu təşkilatlar ayrı-ayrılıqda öz vətənpərvərlikləri ilə diaspora işinə töhvələrini verirlər”.

Bu sözləri jurnalistlərə açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib. O bildirib ki, bu məsələdə heç bir çaşqınlıq olmamalıdır: “Müxtəlif formasiyalarda, dövlətlərdə, quruluşlarda formalaşmış insanlar bu qurumda təmsil olunurlar. Bəzən eyni məsələyə müxtəlif yanaşmalar olur. Bu müxtəlif yanaşmalar da müəyyən mənada təşkilatlar arasında məsələlərə yanaşma fərqliliyi gətirib çıxarır. Onun üçün də məsələlərə çox da diqqət yetirmək lazım deyil. Əsas məsələ bu təşkilatların vətənpərvərlik, dövlətçilik və Azərbaycanın ümdə məsələləri yönümündə göstərdiyi fəaliyyətə qiymət verməkdir”.
N. İbrahimov bu təşkilatların liderləri arasındakı münasibətlərdən asılı olmayaraq onların hər ikisinin fəaliyyətini müdafiə etdiyini söyləyib: “DAK-ın hər iki qolunda təmsil olunan şəxslər öz dövlətlərini sevirlər. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında fəal addımlar atırlar. Ad olaraq yox, göstərdikləri fəaliyyətlərə görə onlara qiymət veririk”.
Qeyd edək ki, DAK 1997-ci ildə ABŞ-da yaradılıb. 2005-ci ildə təşkilat parçalanıb. Hazırda DAK adlı iki qurum fəaliyyət göstərir.
Bu xəbər oxucular tərəfindən 1249 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed