Şrift:
“Azərbaycan!” deyiləndə ayağa dur ki...
10.07.2018 [10:32] - Mədəniyyət, DAVAMın yazıları
Haradan başlanır Azərbaycan - hər birimizin içindən. Bu hiss bizimlə birgə doğularaq böyüyür, bizimlə birgə bu məmləkətdən başqasına daşınır. Bu hiss hər birimizin varlığına elə hopub ki, onu dərk etməmək mümkünsüzdür. Bəlkə də bu qeyri-adi hissin gücüdür ki, yaşadığımız yerdən asılı olmayaraq bu torpaq, bu Vətən naminə hər an ölməyə hazırıq.

Londonda memarlığın və incəsənətin möhtəşəm abidəsi olan Vestminster abbatlığında qara mərmər döşəmədə qızıl hərflərlə bu sözlər yazılıb: ISAAC NEWTON-1642-1727. Bu, Nyutonun qəbridir. Bu məkanda, həmçinin Böyük Britaniyanın digər dahi şəxsiyyətləri - Faradey, Rezerford dəfn olunub. İngilislər deyirlər: “Onlar bəşəriyyətə yol açıblar, xalqlar onların üstündən addımlayaraq gələcəyə gedirlər”. İngilis xalqının dünyaya bəxş etdiyi bu böyük şəxsiyyətləri bəşəriyyət korifey adlandırır. Bu qəbirləri ziyarət etmək, onların üstündən addımlayaraq gələcəyə getmək səadətdir.

Bu mənada bizim də adı boyda Azərbaycan yaradan dəyərli ziyalılarımız, korifeylərimiz, dahilərimiz var ki, onlar da azərbaycançılıq məfkurəsinin dünyada tanınması və dərk edilməsi naminə çox böyük işlər görüblər. XIX əsrin ortalarına doğru Azərbaycanın görkəmli ziyalıları Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Seyid Əzim Şirvani və başqaları XIX əsrin sonu XX əsrin əvvəllərində Məhəmməd ağa Şahtaxtinski, Əli bəy Hüseynzadə, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir və digərləri Azərbaycan xalqının taleyi üzərində daha israrla (və ideoloji- siyasi yönləri ilə!) düşünürdülər. “Qoymuş millət imzasını övraqi-həyata, yox millətimin imzası imzalar içində”, - deyən Məhəmməd Hadi xalqın düşdüyü vəziyyəti dəqiq anladırdı... Azərbaycan xalqının azadlıq, dövlət müstəqilliyi uğrunda mübarizəsinə öndərlik edən ziyalı demokratların ideoloji mövqeləri, çıxış yolu axtarmaq prinsipləri, metodları fərqli olsa da, onların hamısı Vətənin bütövlüyü və müstəqilliyi idealına sadiq idilər.

XIX əsrin sonu XX əsrin əvvəllərində xalqın gələcəyini müəyyən edən milli ideologiya axtarışları öz bəhrəsini verirdi ki, buna geniş miqyas almış mətbuat, publisistika hər cür şərait yaradırdı. Azərbaycanın böyük mütəfəkkiri Əli bəy Hüseynzadə “Türkləşmək, islamlaşmaq, müasirləşmək” şüarı ilə Azərbaycan xalqını ayağa qaldıracaq ideologiyanın əsaslarını formalaşdırırdı.

Azərbaycançılıq ideyası

Azərbaycançılıq ideyasının kökündə millətçilik deyil, vətəndaşlıq dəyəri dayanır. Bu ideyanın məqsədi çoxmillətli Azərbaycan xalqının birləşməsi və demokratik yolla inkişaf etməsinə zəmin yaradan dəyərlər sistemini formalaşdırmaqdır. Çoxmillətli Azərbaycan xalqını birləşdirən azərbaycançılıq ideyası müstəqilliyin qorunmasına, demokratik inkişafa və hüquqi, sosial dövlətin qurulmasına xidmət edir.

Bu ideologiyanın tarixi Azərbaycan xalqının tarixi qədər qədimdir. Xalq özünün milli məfkurəsini bütün mövcudluğu boyu formalaşdırır. Sonralar azərbaycançılıq ideologiyasına gətirib çıxaracaq fikirlərə şifahi xalq ədəbiyyatı nümunələrində, o cümlədən atalar sözlərində rast gəlinir: “Yurddan çıxsan da, eldən çıxma”, “El gücü, sel gücü”, “Birlik harada, dirilik orada”. Oğuz elinin bir olması, birgə fəaliyyət göstərməsi, başqa xalqlarla əlaqəsi ilk yazılı ədəbi nümunəmiz “Kitabi-Dədə Qorqud” dastanında öz əksini tapıb. Lakin azərbaycançılıq ideyası XX əsrin əvvəllərində formalaşmağa başlayıb. Bu prosesdə bizim maarifçilər böyük rol oynayıblar.

Yeri gəlmişkən qeyd etməliyik ki, Azərbaycanın tarixi torpaqları dəfələrlə xarici istilaya məruz qalaraq zəbt edilib və parçalanıb. Azərbaycan 1813-cü ildə Gülüstan və 1828-ci ildə Türkmənçay müqavilələri ilə parçalanaraq Rusiya və İran arasında bölünüb. Bütün bunlara baxmayaraq, xalq qəlbində azərbaycançılıq ideyasını yaşatdığı üçün müstəqilliyini bərpa etmək uğrunda mübarizə apara bilirdi. 1918-ci il mayın 28-də Quzey Azərbaycan müstəqillik qazanmağa müvəffəq oldu və Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Lakin bu uzun sürmədi. Bolşevik Rusiyasının silahlı müdaxiləsi Azərbaycanın dövlət müstəqilliyini əlindən aldı. Xalqın bir qismi repressiyaya məruz qaldı, bir qismi isə mühacirət etməyə məcbur oldu. Mühacirət edən soydaşlarımız azərbaycançılıq ideyasını yaşatmağa müvəffəq oldular. Onlar əmin idilər ki, Azərbaycan öz müstəqilliyini əldə edəcək. Azərbaycançılıq ideyası Məmməd Əmin Rəsulzadənin, Əli bəy Hüseynzadənin, Əhməd bəy Ağaoğlunun və digər mühacirlərin fikirlərində özünü göstərirdi. Əlimərdan bəy Topçubaşov, Ceyhun bəy Hacıbəyli bu ideyanı yayır, “Azərbaycan dövləti var və həmin dövlət işğal olunub” ideyasını yaşadırdılar.

Azərbaycançılıq ideyası milli kimliyimiz, milli birliyimizdir. Bu ideya tarixboyu xalqımızın əzab-əziyyəti, canı, qəhrəmanlığı bahasına nail olduğu ən böyük mənəvi sərvətidir.

Bizim bir Vətənimiz var - Azərbaycan

Ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısında göstərdiyi böyük xidmətlərdən biri də milli dövlətçiliyimizin möhkəmləndirilməsi baxımından çox əhəmiyyətli olan azərbaycançılıq ideyasını irəli sürməsi, onu milli diasporun təşkilatlanması üçün ideoloji təmələ çevirməsidir. “Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”, - deyən Ulu Öndər azərbaycanlı olmağın sevincini, qürurunu bütün soydaşlarımızda aşılayırdı. Ümummilli Lider xarici ölkələrə səfərləri zamanı azərbaycanlılarla çoxsaylı görüşlər keçirir, daim onları milli ideya ətrafında birləşməyə, təşkilatlanmağa, icmalar, milli cəmiyyətlər yaratmağa səsləyirdi. Ulu Öndər həmvətənlərimizi yaşadıqları ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməyə, eyni zamanda, Vətənlə - doğma Azərbaycanla sıx əlaqə saxlamağa, bir an da olsun Azərbaycanı təmsil etdiklərini unutmamağa çağırırdı. 1997-ci ildə Heydər Əliyev ABŞ-a rəsmi səfəri zamanı Azərbaycan diasporu qarşısında çıxışında bu istiqamətdə əsas prinsipləri müəyyən etmişdi: “Siz düşünməyin ki, Azərbaycan bizim üçün nə edib, düşünün ki, biz Azərbaycan üçün nə etmişik. Onda Azərbaycan da irəli gedər, Azərbaycan diasporu da inkişaf edər... Harada doğulmağın fərqi yoxdur, əsas odur ki, sən azərbaycanlısan, Azərbaycan dilinin, mədəniyyətinin daşıyıcısısan”.

Azərbaycan dövləti dünya azərbaycanlılarının potensial imkanlarını cəmləmək, müstəqil dövlət quruculuğu prosesində meydana çıxan müxtəlif problemlərin həllinə yönəltmək, daha sıx əlaqələr yaratmaq, milli birliyə nail olmaq istiqamətində ardıcıl və sistemli iş aparıb. 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı milli həmrəyliyimizin nümayişinin ən yüksək zirvələrindən biri kimi diaspor tariximizə düşüb. Beləliklə, Azərbaycan həqiqətlərinin dünya birliyinə çatdırılmasında əsas amil olan diasporun təşkilatlanması məqsədilə hüquqi bazanın əsası qoyulmuş, görüləcək işlərin bir mərkəzdən idarə olunması üçün Diasporla İş üzrə Dövlət Komitəsi yaradılıb.

Qürurla deyə bilərik ki, ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezidentimizin xalqına, Azərbaycana xidməti azərbaycançılıq ideologiyasına sədaqət nümunəsidir. Dünya azərbaycanlılarının 2011-ci il iyulun 5-də Bakıda keçirilən 3-cü qurultayında dövlətimizin başçısının bir fikri bunun bariz ifadəsidir: “Bizim bir Vətənimiz var - Azərbaycan, bizim bir dilimiz var - Azərbaycan dili, bizim bir ideologiyamız var - azərbaycançılıq ideologiyası...”. Bu sözlər hər bir azərbaycanlı üçün səfərbərlik rəmzinə çevrilib.

Azərbaycançılıq ideyasının təbliğində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın gördüyü işlər mədəniyyətimizin, tariximizin təbliğinə böyük töhfədir. Azərbaycanın zəngin mədəni irsinin beynəlxalq səviyyədə layiqincə təqdim olunması nəticə etibarilə ölkəmizin beynəlxalq nüfuzuna xidmət edir. Mehriban Əliyevanın təşəbbüsü ilə bu istiqamətdə neçə-neçə irimiqyaslı layihələr həyata keçirilib.

Azərbaycançılıq dünya azərbaycanlılarının milli ideologiyasıdır

Bu gün hər bir soydaşımız yaxşı dərk edir ki, ən ağrılı problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli dünyada yaşayan bütün azərbaycanlıların birliyindən keçir. Belə birliyi isə tarixin bütün zehni və mənəvi təcrübələrini özündə əks etdirən milli ideologiya yarada bilər.

Hazırda Azərbaycan diasporu kifayət qədər inkişaf edib. Xaricdə yaradılmış mədəniyyət mərkəzlərimiz Azərbaycan dilinin, ədəbiyyatının, incəsənətinin dünyada tanınmasında, müstəqil Azərbaycan ideallarının beynəlxalq səviyyədə müdafiəsində müəyyən xidmətlər göstərirlər. Hər şeydən əvvəl, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında onların üzərinə böyük vəzifələr düşür.

Milli Məclisin deputatı, professor Musa Qasımlı bildirib ki, azərbaycançılığın dərin kökləri və təməlləri millətimizin tarixi keçmişi və bu günü ilə sıx bağlıdır: “Xalqımız milli kimliyini dərk etdiyi zamandan bəri azərbaycançılıq müxtəlif enişli-yoxuşlu yollardan, tarixi dövrlərdən keçərək inkişaf edib, zənginləşib. Hansı etnik kökə mənsub olmasından asılı olmayaraq, bütün Azərbaycan vətəndaşlarını tək vətən, tək dövlət, tək bayraq, tək millət ətrafında bərabər şəkildə birləşdirən azərbaycançılıq ideologiyası ilə dövlətimizin və millətimizin bu günü və gələcəyi sıx bağlıdır. Azərbaycanda etnik kimliyindən asılı olmayaraq, bütün vətəndaşlar Azərbaycan millətidir. Ona görə də azərbaycançılıq, ilk növbədə, ailədən, uşaq bağçasından, məktəbdən və cəmiyyətdən gəlməlidir. Rəhmətlik Mirzə Cəlil yazırdı ki, millətin gələcəyi anaların əlindədir. Azərbaycançılıq təkcə şüar olaraq deyil, məzmun və mahiyyətinə görə dərsliklərimizdə hakim olmalıdır. Fikrimcə, azərbaycançılıq bu və ya başqa səviyyədə təhsil müəssisələrində, KİV-lərdə təbliğ edilir. Lakin onun təkmilləşdirilməsinə ciddi ehtiyac olduğu qənaətindəyəm. Azərbaycançılığın daha geniş təbliğ edilməsinin hər bir Azərbaycan vətəndaşı üçün əhəmiyyəti böyükdür. Hesab edirəm ki, azərbaycançılıq təkcə vətəni, dövləti sevmək deyil, hər bir şəxsin olduğu yerdə onun sabit və davamlı inkişafı, dəyişən dünya reallıqlarına uyğun olaraq tərəqqisi və təhlükəsizliyi üçün çalışması deməkdir. Vətəndaşlarımızı birləşdirən bu ideologiyanın inkişafı yolunda əngəl olan, xüsusən, millətimizin birliyi və ölkəmizin bütövlüyünə qarşı yönəldilmiş bütün, ən xırda cəhdlərin qarşısı amansızlıqla alınmalıdır”.

Xalq Şairimiz Sabir Rüstəmxanlının “Ömür kitabı” başdan-başa vətənimiz Azərbaycan haqqında həzin, kövrək və bənzərsiz bir nəğmədir. Bu əsərdə elə məqamlar var ki, onları təkrar-təkrar oxusan da, yenə doymursan. O yazır: “Mənim yurdum düzlük carçılarının və yaxşılıq oduna bürünmüş kişilərin vətənidir!”. Bu vətəndə doğulmaq, onun uğrunda vuruşmaq, ona can – Azərbaycan demək şərəfini yaşamaq biz azərbaycanlıların hər biri üçün böyük səadətdir.

Abdulla Suvar
Bu xəbər oxucular tərəfindən 903 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed