Şrift:
Həyatını dünyada məbədləri və möcüzələri axtarmaqla keçirmiş insan - Əbdürrəşid Saleh ibn-Nuri Əl-Bakuvi
11.07.2018 [10:39] - Xəbərlər, DAVAMın yazıları
Qədim və Orta əsr Azərbaycanının görkəmli alim, rəssam, xəttat, şair, musiqiçi, sərkərdə, dövlət və din xadimləri var ki, böyük əksəriyyətimiz ya onların haqqında az məlumatlıyıq, ya da onların varlığından xəbərsizik. Düzdür, bu məlumatlar uzun illər sovet rejimi tərəfindən xalqdan gizlədildi, ortaya çıxarılanlar isə başqa xalqın nümayəndəsi kimi təqdim edilib. Elə bu gün də onlar haqqında geniş bilgilərə sahib deyilik. Məhz bu səbəbdən də Enter.News akademik Çingiz Qacarın araşdırmalarından əldə etdiyi Azərbaycanın görkəmli şəxsiyyətləri haqqında olan materialları təqdim edir. Növbəti materialımız Həyatını dünyada məbədləri və möcüzələri axtarmaqla keçirmiş insan Əbdürrəşid Saleh ibn-Nuri Əl-Bakuvi haqqındadır.

Tanınmış səyyah, coğrafiyaşünas, iqlimşünas və kosmoqraf Əbdqürrrəşid Saleh ibn-Nuri əl-Bakuvi XIV əsrin ikinci yarısında - XV əsrin birinci rübündə yaşamışdır. Əbdürrəşidin atası Bakıda doğulmuşdu və dövrünün yüksək təhsil görmüş adamlarından idi. Bakuvi özü yazırdı ki, “Bakı - mənim atam alim imam Saleh ibn Nurinin vətənidir. O, ləyaqət meyarı idi... 1403/4-cü ildə 77 yaşında dünyadan köçdü.”

Bakuvi 1335-1360-cı illər arasında Bakıda doğulmuş və təqribən 1425-1430-cu illərdə Qahirədə vəfat etmişdir. Eybəli Mehrəliyev Bakuvinin səyahətlərinin marşrutunu təhlil etməklə belə bir qənaətə gəlmişdir ki, o, ömrünün çox hissəsini səfərlərdə keçiribdir. Səyyahın daimi yaşayış yeri isə Bakı və Məkkə (yaxud onun 80-100 kilometrliyindəki ətraf yerlər) olub.

Bakuvi haqqında tərcümeyi-hal səciyyəli məlumatlar, demək olar ki, qalmayıb. O, bir sıra əsərlər yazıbsa da bizim zəmanəmizə alimin yalnız bir kitabı çatıb. Həmin kitabın əlyazması Parisdə Milli Kitabxanada saxlanır. Əlyazma buraya 1683-cü ildə daxil olmuşdur.

Əbdürrəşid Bakuviyə böyük şöhrət gətirən “Kitab Təlxis əl-asar və əcaib əl-malik əl-qəhhar” (“Abidələr” haqqında kitabın ixtisan və qüdrətli şahın möcüzələri”) əsəri o zaman Şərqdə məlum olan ölkə və millətlər haqqında məlumat verir. Tədqiqatçıların əksəriyyəti belə hesab edir ki, kitab XV əsrin birinci yarlısında yazılmış, əlyazma nüsxəsi isə 1614-cü ildə əl-Lazikiyə şəhərində köçürülmüşdür. Bu kitabın və onun fars dilinə tərcüməsinin başqa nüsxələri də vardır ki, dünyanın müxtəlif kitabxanalarında saxlanılır.

Əsərin təhlili göstərir ki, müəllif yüksək savada və geniş dünyagörüşünə malik bir şəxs olaraq, səyahətlər barədə kitab yazarkən öz müşahidələrindən başqa bir çox sələfləri tərəfindən coğrafiya, fəlsəfə və tibbə dair toplanmış məlumatlardan da istifadə etmişdir.

Bakuvinin istinad etdiyi başlıca mənbə o dövrün ən görkəmli coğrafiyaşünaslarından biri Zəkəriyyə əl-Qəzvininin “Asar-əl-bilad” (“Ölkənin abidələri”) əsəridir. Bundan başqa o, İstəxri, Məsudi, Biruni, İbn Sina, Yaqut, Həmdullah Qəzvini də daxil olmaqla məşhur filosof, alim, şair və həkimlərin əsərlərindən də çıxarışlar verir.

Hələ 1789-cu ildə kitab De Ginem tərəfindən fransız dilinə tərcümə olunur. Sonra əsər bir çox digər Avropa dillərinə çevrilir. Bu kitab rus dilinə akademik Z.Bünyadov tərəfindən tərcümə olunaraq Moskvada nəşr edilmişdir. Həmin əsərin məzmunu görkəmli Azərbaycan coğrafiyaşünası və orta əsrlərdə yaşamış coğ­rafiyaşünasların tədqiqatçısı N. Kərəmovun kitablarında verilmişdir.

Müqəddimədə Bakuvi yer, yeddi iqlim və təbiətdə məhsulun paylanması haqqında ümumi coğrafi məlumat vermişdir. Onun qeyd etdiyinə görə, əsərdə haqqında danışılanlar müəllifin şəxsi müşahidələrinə əsaslanır.

Kərəmovun yazdığı kimi, səyahətləri zamanı Bakuvinin diqqətini ən çox şəhərlər çəkir. Onun şəhərlərin yaranması prosesinə ayırdığı xüsusi diqqəti yalnız bununla izah etmək olur. Şəhərsalma üçün, onun dediyinə görə, ölkədə ən yaxşı yeri seçirdilər. Şəhərlər “sahillərdə, şimal küləyindən qorunan olan yerlərdə” salnıırdı. Şahlar şəhərlərin ətrafına möhkəmləndirilmiş divarlar çəkdirmiş, şəhərə girib-çıxmaq üçün tünlük olmasın deyə çoxlu darvazalar qoydurmuşlar. Şəhər içərisində ən yaxşı yeri hökumət və ümumi binalar üçün, qalanlarını məscid, bazar, karvansara, hamam tikmək üçün ayırırdılar. Yalnız qalan hissələrdə əhali özünə yaşayış evləri tikə bilərdi. Bundan sonra girişdə iki kiçik bölmə verilir. Birincisi “Yenidən istehsal fəsli”, ikincisi isə “İqlimə bölünmə fəsli” adlandırılır. Birinci bölümdə Bakuvi minerallar, bitkilər və heyvanlar haqda bəhs edir.

Bakuvinin misal gətirdiyi məsələlər çağdaş oxucu üçün bəzən sadəlövh, bəzən də fantastik görünə bilər. Ancaq bu məlumatlar heç olmasa, o dövrdə biliklərin səviyyəsini təsəvvür etmək baxımından böyük maraq daşıyır. Dediklərimizə inanmaqdan ötrü kitabın giriş hissəsindən götürülmüş kiçik bir parçaya nəzər salmaq kifayətdir: “Minerallara gəldikdə, qızıl yalnız qumsalda və yumşaq dağlıqlarda, gümüş, mis və dəmir yumşaq torpaqla qarışmış daşlıqlarda, kükürd vulkanik zəmində, civə sulu torpaqlarda olur... Fındıq, badam və fısdıq ancaq soyuq yerlərdə, qamış isə çay sahillərində bitir... Qərənfil əl-Hind adalarında, kokos qozu, istiot, zəncəfil əl-Hinddə, Hind palıdı ağacı isə Yəməndə bitir... Heyvanlara gəlincə, fillər yalnız cənub dənizlərinin adalarında doğulur. Əl-Hinddə fillər başqa yerlərdəkindən daha çox yaşayır və onların qılınc dişləri də başqa yerlərdəkindən böyük olur. Zürafələr əl-Həbəşdə, kəllər isti ölkələrdə çay qıraqlarında, samur, sincab və keyiklər şimal-şərq ölkələrində yetişdirilir.

Şahinlər və qartallar uca dağların zirvələrində, dəvəquşular düzənlərdə, qumrular və sərçələr yaşayış məntəqələrində, bülbüllər və torağaylar isə bağlarda balalayırlar. Bunlar ən çox yayılan növlərdir.”

Girişin ikinci bölümündə Bakuvi, Kərəmovun fikrincə, “coğrafiya tarixində birincilərdən biri olaraq yer kürəsinin rayonlaşdırılması işini görür.” Bakuvi yazır: “Bil ki, ekvator dairəsi yer kürəsini iki yarımkürəyə bölür. Onlardan biri cənub, o biri isə şimal adlanır. Və əgər ehtimal etsək ki, dairə ekvatorun hər iki qütbündən keçərək, Yeri kəsir, onda yer kürəsi dörd yerə bölünər: İki cənub rübünə, iki də şimal rübünə.” Bakuvi ona məlum olan (və məskunlaşmış) Yeri yeddi iqlim qurşağına bölür və bu bölgüsünü əsaslandırır. Kitabın da əsas hissəsi həmin qurşaqların coğrafi səciyyələndirilməsinə həsr olunur. Əsərdəki yeddi fəslin hər biri qərbdə Kanar adalarından şərqdə Çinə, cənubda bir sıra Afrika ölkələrindən şimalda İrlandiya və Rusiyaya qədər əraziləri əhatə edən həmin yeddi qurşağm birindən söz açır.

Hər bir qurşağa düşən ölkə, şəhər və yaşayış məntəqəsi haqda məlumatlar əlifba sırası ilə verilir. Hər bir xüsusi halda coğrafi məntəqələrin koordinatları, onlar barədə tarixi məlumatlar verilir, bu və ya digər coğrafi adın mənşəyini izah etməyə cəhd olunur, həmçinin müəllif təbii şəraiti, memarlıq abidələrini təsvir edir, etnoqrafiya, mədəniyyət və ticarət predmetlərinə dair məlumatlarını bölüşür.Əbdürrəşid Bakuvi yaxşı tanıdığı Azərbaycan və xüsusilə də Bakı haqqında daha çox və orijinal məlumatlar verir. O, Azərbaycam dördüncü və beşinci iqlim qurşaqları zonasına aid edir: “Azərbaycan- Kuhistan, Arran və Ermənistan arasında geniş məskunlaşmış bir vilayətdir. Orada çoxlu şəhər, kənd, dağ və çaylar vardır. Araz (Uvays) çayı barədə o yazır : “Bu çay bir çox ölkələrdən keçərək, Nakcuvan (Naxçıvan) yaxınlığındakı Diya əl-mülk körpüsünə çatır. Bu körpü daşdan tikilib və dünyadakı möcüzələrin biridir.” Təbrizə də böyük diqqət göstərir: “Bu şəhər varlı və bar-bəhərlidir, onun əhalisi imkanlıdır və sənətkarlıqla məşğul olur. Şəhərin yaxınlığında heyrətamiz dərəcədə faydalı keyfiyyətləri olan kükürdlü hamamlar var.”

Bakuvi Təbrizin görməli yerlərinə heyran olmuşdur: “orada saysız-hesabsız məscidlər, mədrəsələr, saraylar və insanı heyran edən tikililər var.” Ancaq əlbəttə ki, o, Bakı (Bakuya) haqqında daha ətraflı məlumat verir. Bu “bir şəhərdir ki, əl-Xəzər dənizinin sahillərində daşdan tikilib... Onun divarlan dəniz suyu ilə yuyulur. İndiyəcən su çoxlu qala qüllərini aparmış və məscidə yaxınlaşmışdır... Evlərin çoxu qayalar üzərində tikilib. Havası gözəldir, qayalardan axıb gələn içməli su isə çox xoşdur. Burada buğda az yetişir və əsasən taxılı şəhərə Şirvan və Muğandan gətirirlər. Burda əncir, nar və üzüm bol olur. Bağlar şəhərdən uzaqdır və şəhərlilərin çoxu yayda bağa köçür, bir müddətdən sonra isə şəhərə qayıdırlar. Hər il bu təkrar olunur.” Göründüyü kimi, bakılıların yayda bağa köçmə ənənəsi hələ qədim zamanlardan mövcuddur. Bakuvi küləklər barədə də ətraflı söhbət açır: “gecə də, gündüz də külək əsir, güclü əsəndə az qala adamı da yıxır. Qışda atları, qoyunları qovub dənizə tökən bu küləklər daha güclü olur.” Daha sonra o, qətran və neft yataqları barədə söz açır. “Buradan hər gün 200 dəvə yükü həcmində neft çıxarılır.” Çağdaş tədqiqatçılar üçün qədim zamanlardan od və su kultu ilə bağlı olan Pirallahı adasının təsviri də maraq doğurur: “Şəhərin yaxınlığında məskunlaşmış ada da var ki, orada da suitilər ovlayırlar. Onların dərisini soyur və piyini çıxarıb çıraq yağı kimi yandınrlar. Dərilərindən tuluq düzəldir və içinə neft dolduraraq, gəmilərlə başqa ölkələrə aparırlar. Burada çoxlu ceyranlar da olur və gözəllikdə onların tayı-bərabəri yoxdur. Neçə ildən bəridir orada böyük bir məşəl yanır. Bu alov dənizdən qalxaraq, bir günlük yoldan, bəlkə daha da uzaqdan görsənir. Bu alov uzun müddət yanır, sonra isə sönür.” Bir çox orta əsr müəllifləri, hətta I əsrdə yaşamış qədim Roma coğrafiyaşünası Pomponi Mel də bu adanı müqəddəs yerlərdən hesab etmişlər. Bakuvi də yazır ki, bu ada barlı-bəhərli, şirin sulu, meyvə və tərəvəz bitən bir yerdir və “müqəddəs yerləridən sayılır. Bakuvi əsərini şeirlə tamamlayır:

Ey mənim yazdıqlarımı oxuyan və onları müzakirə eləyən Səni and verirəm Allahın adına əgər mənim səhvimi tapsan, Bağışla, çünki bağışlamaq müdriklikdəndir.

Böyük coğrafiyaşünas Əbdürrəşid Bakuvinin bu əsəri hələ uzun zaman alimlərin və Şərq ölkələrinin coğrafiyası, tarixi, mədəniyyəti və etnoqrafiyası ilə maraqlanan hər kəsin diqqətini cəlb edəcəkdir.
Bu xəbər oxucular tərəfindən 1255 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed