Şrift:
Rəsmi Bakı Qarabağ münaqişəsini hərbi yolla həll etməyə cəhd göstərə bilər
06.07.2012 [12:55] - Sosial
Kanzas Universitetinin (ABŞ) professoru, Vaşinqton Xarici Əlaqələr Şurasının siyasi şərhçisi Deyl Hersprinq APA-ya verdiyi müsahibədə bir sıra maraqlı məqamlara toxunub. Ekspert vurğulayıb ki, Azərbaycan-İran münasibətlərində gərginlik Rusiyanın marağında deyil.

“İsrail kəşfiyyatına gəldikdə isə bu, Bakının işidir. Bu sualın cavabı sadədir. Hökumətimiz heç bir şərh vermir, kəşfiyyat fəaliyyəti ilə bağlı şərhləri nə təsdiqləyir, nə də inkar edir” - deyə D.Hersprinq qeyd edib.

Siyasi şərhçi vurğulayıb ki, İran məsələnin İsraillə əlaqədar olmasına əmindir. Əlaqəsiz ideoloji çıxışlardan görünür ki, İran Bakının ona qarşı işlədiyinə inanır. Tehrandan yayılan son şərhlər həm də onu göstərir ki, onlar özlərini kifayət qədər dalaşqan hesab edir və əmindirlər ki, bircə sözlə Bakını onların dediyini etməyə məcbur edə bilərlər.

“İrana ilk olaraq İsrail hücum edə bilər. Tehran isə elə cavab verəcək ki, guya hər şey Vaşinqtonda hazırlanıb. Bu, əlbəttə, nonsensdir. Amma Tehran boğazları bağlasa, ABŞ-ın dəniz qüvvələri İran donanmasının öhdəsindən tez bir zamanda gələcək. Sonra isə onlar ”HƏMAS" və “Hizbullah”la məşğul olacaqlar. Bu məsələdə ruslar haqlıdır, hadisələrin bu cür inkişafı təxmin edilməyən münaqişəyə gətirib çıxarar və yəqin ki, Azərbaycandan və Cənubi Qafqazdan yan keçməz. Yalnız Allah bilir ki, bunun nəticəsi nə ola bilər" - deyə siyasi şərhçi bəyan edib.

D.Hersprinq onu da qeyd edib ki, əgər Amerika körfəzdə hücuma keçsə, onda cavab ağır olacaq: “Mən nüvə silahını nəzərdə tutmuram. Möhkəmlədilmiş və ya yeraltı qurğuları dağıdan bombaları nəzərdə tuturam və nə olursa olsun, bu, İranın donanmasını və digər əsas hədəfləri körfəzin dibinə göməcək”.

D.Hersprinqin sözlərinə görə, ruslar gərginliyin artmasını istəmir və yeri gəldikdə əsas müttəfiq ola bilərlər. Hər şey Tehranın necə düşünməsindən asılıdır: “Mən Bakıdan müsəlman dünyasında ağlın səsi olmağı gözləyirəm. Ümid edirəm ki, Bakı özünü qoruyacaq və ağlın səsinə çevrilərək, Amerika və Rusiyanı sülh uğrunda mübarizədə birləşdirəcək”.

Ermənistan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktoru Ruben Safrastyan isə bildirib ki, İrana qarşı hərbi əməliyyatlar başlanacağı təqdirdə Azərbaycanın bundan istifadə edəcək: “Azərbaycan fürsətdən istifadə edərək Qarabağ münaqişəsini hərbi yolla həll etməyə cəhd göstərəcək. Qərb dövlətləri, xüsusilə ABŞ bunun üçün Azərbaycana yaşıl işıq yandıracaq. Ona görə də Ermənistan Qərb dövlətlərinin İranla müharibəsinə ciddi yanaşır və bunu Azərbaycan tərəfdən özünə qarşı təhdid kimi görür”.

Qeyd edək ki, hazırda Bakı-Tehran münasibətləri son dərəcə gərgindir. İran Azərbaycanda sabitliyi poza biləcəyini dəfələrlə bəyan edib. Cavab tədbiri olaraq rəsmi Bakı çoxsaylı insanı İran kəşfiyyatı ilə bağlayaraq həbs edib. İran isə bugünlərdə Azərbaycan şairlərini həbs edib. İsrailə casusluqda ittiham olunan şairlər edam hökmü ilə yarğılanır. İki ölkə arasındakı münaqişənin kökündə nə durur? Tehranın Xəzərlə bağlı iddiaları Xəzərin hüquqi statusunun müəyyənləşməsi yolunda başlıca əngəl olaraq qalır. Cənub qonşumuzu qıcıqlandırır ki, ABŞ Xəzərə təsir dairəsini Azərbaycanın vasitəsilə genişləndirir. İran isə xarici qüvvələrin, ilk növbədə ABŞ-ın bu dənizə buraxılmasına qarşıdır. Tehran dəfələrlə bəyan edib ki, Azərbaycan xarici qüvvələrin onun ərazi sularında istifadəsinə yol verməməlidir.

Ümumiyyətlə, İran Azərbaycanın Xəzərin təbii resurslarından faydalanmasına da qısqanclıqla yanaşır. Bakının Qərb şirkətlərini öz sektorundakı neft-qaz layihələrinə buraxmasını Tehran heç cür həzm edə bilmir. İran Qərbin nəhəng enerji layihələrinə əngəl yaratmağa çalışır. Bu isə ABŞ-ın Xəzər hövzəsinə yolunu açacaq.

Erməni politoloqlarının dediyindən də bəlli olur ki, İrəvanda yaranan fikrə görə, Azərbaycan İranın təhdidlərindən xilas olmaq üçün Qərbin dəstəyinə bel bağlayır və fürsətdən istifadə edib Qarabağa qoşun yeritmək istəyir. Lakin erməni təhlilçilərinin belə ehtimalları inandırıcı görünmür. Ən azı ona görə ki, Rusiya belə vəziyyətdə Ermənistana hərbi yardım edəcəyini açıqlayıb.

Onu da deyək ki, İran siyasəti yalnız Azərbaycanı yox, elə Qərb ölkələrini də təxribata çəkməyə yönəlib. İran Xəzərin Qərbə bu dərəcədə açıq olmasını həzm eləyə bilmir. Qərb isə artıq Xəzərin neft-qaz yataqlarına milyardlarla dollar yatırım qoyub. Bakı-Ceyhan boru kəməri ilə hər gün bir neçə milyon barel neft axıdılır. Azərbaycan Avropa Birliyinə qaz sata biləcək əsas ölkələrdəndir. Bu isə İranın maraqlarına heç cür cavab verə bilməz. Lakin Tehranın Azərbaycana münasibətini emosional amillərlə bağlamaq da düzgün olmazdı.

Bir sözlə, İran ətrafında baş verən proseslər “geosiyasi müharibənin” tərkib hissəsi kimi təhlil edilməlidir. Tehran rejiminə qarşı atılan addımlar Azərbaycanın iqtisadi maraqlarına da zərbə vurur. Belə ki, İrana qarşı Avropa İttifaqı və ABŞ tərəfindən tətbiq edilən sanksiyalar Azərbaycanın Xəzərdəki qaz yataqlarının işlənməsi layihəsini də öz təsiri altına alır.

Qərb mətbuatı yazır ki, lobbiçilik Qərbdə də İrana sanksiyalarla bağlı dilemmanın olduğunu göstərir - əsas qlobal enerji oyunçusu olan İrana maksimum necə təzyiq edilsin ki, Avropanın iqtisadiyyatı da risk altında qalmasın. Bəzi ölkələr ehtiyat edirlər ki, İrana hərbi müdaxilə nəticəsində qiymətlər qalxa və onların iqtisadiyyatı əlavə təzyiq altında qala bilər.

Deyilənlərdən belə nəticə hasil etmək olar ki, “İran probleminin” radikal həlli ABŞ və İsraildən başqa heç bir ölkənin maraqlarına cavab vermir. Bəzilərinin isə Azərbaycanı “marionet oyunçuya” çevirmək cəhdləri ən yaxşı halda ABŞ və İsrailin rəğbətini qazanmaq üçün edilən jestlər kimi dəyərləndirilə bilər...

Azər RƏŞİDOĞLU
Bu xəbər oxucular tərəfindən 1681 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed