Şrift:
Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 10 illiyi münasibətilə tədbir keçirilib
06.07.2012 [13:05] - Diaspor
Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 10 illiyi münasibətilə tədbir keçirilib. Tədbirdə çıxış edən Komitə sədri Nazim İbrahimov deyib ki, Azərbaycan diasporunun formalaşması prosesi artıq elmi əsaslar üzərində qurulmağa başlayıb. Onun sözlərinə görə, 10 il əvvəl diasporla bağlı komitənin yaradılması dövlətin bu istiqamət üzrə koordinasiyasına imkan yaradıb.

Mərasimdə “Azərbaycan Diasporu Ensiklopedik Məlumat Toplusu”nun təqdimatı olub. Komitə sədri nəşrin əhəmiyyətindən danışıb. Tarixçi-alim, millət vəkili Musa Qasımlı kitabla bağlı geniş məlumat verib. O, komitənin fəaliyyəti nəticəsində anti-türk, anti-Azərbaycan fəaliyyətinə qarşı alternativ ortaya qoyulduğunu söyləyib: “Məhz Azərbaycan ilk dəfə Türkiyə diasporu ilə birlik, birgə fəaliyyətlə bağlı mövqe ortaya qoydu. Bundan sonra Türkiyə də diaspor quruculuğuna diqqəti artırdı. Bu gün təqdim edilən kitabda da Azərbaycanın diaspor quruculuğu sahəsində gördüyü işlər dəqiq əksini tapıb”.

Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev diasporla bağlı interaktiv onlayn portalın yaradılmasını təklif edib: “Bunun da əsasında diaspor quruculuğunun daha səmərəli təşkili və idarə edilməsinə nail olmaq olar”.

Komitə sədri diaspor quruculuğu ilə bağlı jurnalistlər arasında müsabiqənin təşkil edildiyini də diqqətə çatdırıb: N. İbrahimov bildirib ki, məqsəd mətbuatın irəli sürdüyü təşəbbüslərdən yararlanmaqdır. Müsabiqəyə 44 yazı təqdim olunub. Daha sonra müsabiqədə qalib gələn jurnalistlər mükafatlandırılıb.

Mərasimdə, həmçinin 6 elm adamı eləcə də, əməkdaşımız siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev də komitə ilə əməkdaşlıqla bağlı mükafatlandırılıb
Bu xəbər oxucular tərəfindən 1380 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed