Şrift:
Vəkillər Kollegiyası üzvlərinin sayı 1500-ü ötüb
20.07.2018 [10:12] - Gündəm, Hüquq
İyulun 19-da Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvləri, vəkil qurumlarının rəhbərləri, Milli Məclisin deputatları, xarici ölkələrin səfirləri, yerli və beynəlxalq təşkilatların, həmçinin KİV nümayəndələrinin iştirakı ilə Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov tədbirdə açılış nitqi ilə çıxış edərək qeyd edib ki, hüquqi dövlətdə vəkillik təsisatının rolunun ölkəmizdə məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi sahəsində görülən işlər baxımından böyük əhəmiyyəti vardır. Anar Bağırov tədbir iştirakçılarına Vəkillər Kollegiyasının cari fəaliyyəti barədə məlumat verib, xüsusilə vəkilliyə qəbul üzrə keçirilmiş ixtisas imtahanları və bu imtahanlar nəticəsində Vəkillər Kollegiyası üzvlərinin sayının 1500-ü ötdüyünü bildirib.

Tədbirdə vəkillərin peşə bayramı gününün təsis olunması ilə bağlı məsələ Vəkillər Kollegiyası Rəyasət Heyətinin müzakirəsinə çıxarılıb. Rəyasət Heyətinin sədri bu məsələnin vəkillik təsisatı üçün böyük əhəmiyyət daşıdığını, bu səbəbdən digər peşə sahibləri kimi vəkillərin peşə bayramı gününün təsis olunmasının zəruri olduğunu, bununla əlaqədar Rəyasət Heyəti tərəfindən müvafiq komissiya yaradıldığını və bu komissiyanın çoxsaylı arxiv sənədləri üzərində apardığı araşdırma və təhlil nəticəsində 30 iyul 1919-cu il tarixinin Azərbaycan Xalq Cümhuriyyətində vəkillərin münsiflər heyətinin təşkili və yaradılma tarixi olmasını əsas götürərək həmin tarixin Azərbaycan Respublikası vəkilliyinin peşə bayramı günü kimi qeyd edilməsini Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinə təklif edib.

Sonra vəkillərin peşə bayramı gününün hər il 30 iyul tarixində qeyd edilməsi ilə bağlı təklif Rəyasət Heyəti üzvlərinin müzakirəsinə təqdim edilib və qərar yekdilliklə qəbul olunub.

Daha sonra peşəyə buraxılan 266 nəfər vəkilliyə namizəd qanunvericiliklə nəzərdə tutulmuş qaydada and içib, onlara yeni nəsil Vəkillər Kollegiyası üzvünün vəsiqəsi təqdim edilib. Beləliklə, ölkə üzrə vəkillərin ümumi sayı 1500-ü ötüb.

Sonra tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxış edərək son aylar ərzində vəkillik sahəsində gözəçarpan islahatların aparıldığını, bununla bağlı Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının xüsusi əhəmiyyəti olduğunu, o cümlədən gələcəkdə vəkillik fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Milli Məclis tərəfindən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun dövrün tələblərinə uyğunlaşdırılması ilə bağlı tədbirlərin nəzərdə tutulduğunu qeyd edib.

Daha sonra Bakı şəhəri 8 saylı vəkil bürosunun vəkili, Milli Aviasiya Akademiyasının hüquqşünaslıq kafedrasının müdiri, hüquq elmləri doktoru, professor İbrahim Quliyev çıxış edib və vətəndaşların yüksəkkeyfiyyətli hüquqi yardım almaq hüququnun həyata keçirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təsisatının əhəmiyyəti, ölkəmizdə məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi sahəsində görülən işlər çərçivəsində vəkilliyin inkişafına ölkə rəhbərliyi tərəfindən dəstək verildiyini, Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının bunun bariz nümunəsi olduğunu, həyata keçirilən tədbirlər nəticəsində ictimai həyatda, o cümlədən məhkəmə-hüquq sistemi, dövlət quruculuğu sahəsində vəkillərin rolunun və fəaliyyətinin genişləndiyini qeyd edib.

Tədbirdə KPMG şirkətinin direktoru Fərid İsayev “Hüquq sahəsində qlobal trendlər” mövzusunda çıxış edib, o, süni intellekt və hüquq təmayüllü startaplar, hüquqi mübahisələrin artım dinamikası, eləcə də əqli mülkiyyət və fərdi məlumatlar barədə tədbir iştirakçılarına məlumat verib.

Bundan başqa, hüquq üzrə fəlsəfə doktoru Fərdin Xəlilov “Cinayət mühakimə icraatında vəkil araşdırması” mövzusunda çıxış edərək müəllifi olduğu eyni adlı monoqrafiyanın işıq üzü görməsində göstərilən dəstəyə və vəsaitin Vəkillər Kollegiyası üzvlərinin istifadəsi üçün tövsiyə olunması ilə bağlı Vəkillər Kollegiyasının Rəyasət Heyətinə öz dərin minnətdarlığını bildirib.

Tədbirdə, həmçinin Vəkillər Kollegiyası Rəyasət Heyəti Aparatının əməkdaşı Sənan Şirinov tərəfindən Vəkillər Kollegiyasının rəsmi veb-səhifəsində yaradılmış “elektron vəkil kabineti” təqdim edilib, ondan istifadə qaydaları, üstünlükləri və gətirdiyi yeniliklər barədə ətraflı məlumat verilib.
Bu xəbər oxucular tərəfindən 1671 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed