Şrift:
Vəkillər Kollegiyasının nümayəndə heyəti Türkiyədə beynəlxalq simpoziumda iştirak edib
21.07.2018 [10:11] - Hüquq
İstanbulda Beynəlxalq Hüquqşünaslar Birliyinin, Türkiyə Hüquq Platformasının, Konstitusiya Hüquqçuları Dərnəyinin, Türkiyə Ədliyyə Akademiyasının və İstanbul Universitetinin birgə təşkil etdiyi “Dövlətə qarşı üçüncü qiyam ilə mübarizə və 15 iyul” adlı beynəlxalq simpozium keçirilib.

Simpoziumda ölkəmizi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Vəkillərin İntizam Komissiyasının sədri Şahmar Məmmədov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədr müavini Nadir Adilov, Vəkillər Kollegiyasının üzvü Aygün Əliyeva, eləcə də Azərbaycandan olan bir sıra QHT-lərin və KİV-lərin nümayəndələri təmsil ediblər.

Tədbirdə “Dövlətə qarşı qiyam cəhdlərinin uğurla nəticələnib-nəticələnməməsinin səbəbləri”, “Qiyamların arxasındakı xarici siyasi təsirlər”, “İslam dünyasında demokratikləşmə ümidləri və qiyamlar”, “Qiyamların təşkilində yer alan şəxslər”, “Qiyam meyillərinin aradan qaldırılması” və s. mövzular ətrafında məruzələr dinlənilib.

Türkiyə Respublikasının yüksək səviyyəli dövlət rəsmilərinin - Baş nazirin müavini Bekir Bozdağın, ədliyyə naziri Abdulhamit Gülün, habelə İstanbul Universitetinin rektoru, professor Mahmut Akın və Türkiyənin elmi ictimaiyyətinin nümayəndələrinin məzmunlu çıxışları dinlənilib, mövzu ətrafında müzakirələr aparılıb.

Tədbirdə, həmçinin Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin “Bölgədə geosiyasi gərginliyin bir hissəsi kimi 15 iyul” mövzusunda geniş və maraqlı təqdimatı auditoriya tərəfindən maraqla qarşılanıb.

Bundan başqa, Vəkillər Kollegiyasının sədri Anar Bağırovun Türkiyə Hüquq Platformasının sədri vəkil Ahmet Akcan, Beynəlxalq Hüquqşünaslar Birliyinin sədri vəkil Necati Ceylan ilə ikitərəfli görüşlər keçirilib. Türkiyə Vəkillər Kollegiyaları Birliyi ilə əməkdaşlıq çərçivəsində Türkiyə və Azərbaycanın vəkilliyi arasında vəkillərin qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətinə toxunulub, gələcəkdə bu cür əməkdaşlığın genişləndirilməsinin perspektivləri barədə faydalı fikir mübadiləsi aparılıb.
Bu xəbər oxucular tərəfindən 1593 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed