Şrift:
Gəncə Dövlət Universitetində akademik borcu qalmış tələbələrin yay semestri başlayıb
28.07.2018 [11:07] - Gündəm, Gənclik
Gəncə Dövlət Universitetində 2017/2018-ci tədris ilinin payız və yaz semestrlərindən akademik borcu qalmış əyani və qiyabi təhsil formasında, bakalavriat səviyyəsində müxtəlif ixtisaslarda təhsil alan tələbələr üçün ödənişli əsaslarla yay semestri təşkil olunub.

Yay semestrinin təşkili Universitetin bakalavriat və magistratura səviyyəsinin bütün ixtisaslarında (əyani, qiyabi) tədris prosesinin Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli 348 saylı və 17 iyul 2017-ci il tarixli 257 saylı Qərarları ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na uyğun olaraq, rektorluğun 13 iyul 2018-ci il tarixli 5/157 saylı əmri ilə həyata keçirilir.

Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən bildirilib ki, yay semestrində 6 fakültə üzrə müxtəlif ixtisaslarda təhsil alan 33 nəfər tələbənin 10 fəndən 10 kreditdən çox olmamaq şərti ilə tədris məşğələlərində iştirakına icazə verilib.

Yay semestrinin tədris məşğələləri 2018-ci il avqustun 18-də başa çatacaq. Yay semestrinin təşkili üçün rektorluq tərəfindən və fakültələr üzrə təşkilatçı şəxslər təyin edilib. Tədris məşğələləri fənn müəllimləri tərəfindən saat hesabı ilə icra olunur.

Yay semestrinin imtahanları 2018-ci il avqustun 21-25-də təşkil olunacaq. Yay semestrinin imtahanlarına üzrlü səbəbdən gəlməyən tələbələr bu barədə sənəd təqdim edərlərsə, onların sentyabrın 1-10-da bir dəfə təkrar imtahan vermələri üçün şərait yaradılması nəzərdə tutulub.
Bu xəbər oxucular tərəfindən 839 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed