Şrift:
Lənkəranda Mirzə Fətəli Axundzadənin yubileyi qeyd olunub
07.07.2012 [14:44] - Mədəniyyət
Lənkəran Dövlət Universitetində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illik yubileyi keçirilib.

Tədbiri universitetin rektoru Asəf İsgəndərov açaraq, yubileylə əlaqədar ali məktəbdə görülmüş hazırlıq işlərindən danışıb.

Universitetin dil və ədəbiyyat kafedrasının dosenti, filologiya elmləri namizədi Mirhüseyn Abbas “M.F.Axundzadənin həyat və yaradıcılığı” haqqında məruzə edib.

Universitetin müəllimlərindən filologiya elmləri namizədi, Prezident təqaüdçüsü Hacı Mirhaşım Talışlı “M.F.Axundzadənin dini fəlsəfi görüşləri”, tarix elmləri namizədi Əliağa Baxşıyev “M.F.Axundzadənin tarixi görüşləri”, baş müəllim Qabil Əmənullayev “M.F.Axundzadənin dramaturgiyası”, Zülfiyyə Ağayeva “M.F.Axundzadə rus ədəbiyyatşunaslığında”, Yuxarı Nüvədi kənd orta məktəbinin dil ədəbiyyat müəllimi Ağabanu Məmmədova “M.F.Axundzadənin tərcüməçilik fəaliyyəti”, Boladi kənd orta məktəbinin dil-ədəbiyyat müəllimi Yalcın Heydərov “M.F.Axundzadənin realist nəsri”, magistrant Vüsalə Axundova “M.F.Axundzadə yaradıcılığı Avropada” mövzusunda çıxışlar ediblər.

Universitetin Valideynlər Şurasının sədri Sərhad Məmmədov M.F.Axundzadənin dahi rus şairi Puşkinin ölümünə həsr etdiyi “Şərq poeması”nı söyləyərək və təhlil edib.

Yazıçılar Birliyi Lənkəran bölməsinin əməkdaşı şair Ağamir Cavad M.F.Axundzadəyə həsr etdiyi şeirini oxudu.

Sonra tələbələrin iştirakı ilə ingilis dilində M.F.Axundzadənin “Hacı Qara” əsərindən parçalar göstərildi.

Sonda Konfrans iştirakcıları Universitet Elmi kitabxanasının M.F.Axundzadənin 200 illiyinə həsr etdiyi kitab sərgisinə baxıblar.

P.Əli
Bu xəbər oxucular tərəfindən 2275 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed