Şrift:
Yaponiyada Condari qasırğası nəticəsində 24 nəfər xəsarət alıb
30.07.2018 [10:01] - Gündəm, Hadisə
Yaponiyanın mərkəzi və qərb hissələrində iki gündür tüğyan edən Condari qasırğası nəticəsində 24 nəfər xəsarət alıb.

Kyodo agentliyi xəbər verir ki, müxtəlif dərəcədə xəsarət alan insanlar səkkiz prefekturada qeydə alınıb.

Yaponiyanın Baş naziri Şinzo Abe təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı xüsusi müşavirə keçirib, sakinlərin təxliyəsi və bərpa işləri ilə bağlı müvafiq göstərişlər verib.

Tropik qasırğa artıq cari ayın əvvəllərində daşqınlardan və torpaq sürüşmələrindən ciddi zərər çəkən rayonlara çatıb. Burada minlərlə insan təxliyə edilib, on minlərlə ev elektrik enerjisiz qalıb.

Baş nazirin sözlərini sitat gətirən agentlik yazır: “Hətta tufandan sonra belə güclü yağışlar təhlükəsi qalır ki, bu da çaylarda suyun səviyyəsinin qalxmasına və torpaq sürüşmələrinə səbəb ola bilər”. Ş.Abe vurğulayıb ki, bütün qüvvələr zərərçəkən rayonların sakinlərinin köməyinə göndərilməlidir.

Ötən gün əlverişsiz hava şəraiti səbəbindən 160 daxili aviareys təxirə salınıb, qatarların hərəkətində fasilələr yaranıb. Mie prefekturasında 78,3 min, Aiçi prefekturasında 40,8 min ev, Şizuokada isə 17 min ev elektrik enerjisiz qalıb.

Meteorologiya Agentliyinin məlumatına görə, qasırğanın keçdiyi ərazilərə saatda 120 millimetr yağıntı düşüb. Tropik qasırğanın mərkəzində havanın təzyiqi 990 hektopiksel təşkil edir. Küləyin sürəti saniyədə 23 metrə çatsa da, tufanın gücü əvvəlki günlərlə müqayisədə zəifləyib.

Vüqar Ağayev
Bu xəbər oxucular tərəfindən 467 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed