Şrift:
Kamal Abdullaya məktub - ETİRAZ
09.07.2012 [00:37] - DAVAMın yazıları
Aqil Camal
Yarımçıq vətənli “tolerant ziyalı”


İranın əleyhinə danışanları həyasız adlandıranlar, özləri kimin əleyhinədir?!

Daha çox “Qaçaq Nəbi” kimi tanıdığımız “Atları yəhərləyin!” filmində bir epizod var: - Arazın o tayında Şah zülmündən əzab çəkən soydaşlarının hayına gedən Qaçaq Nəbiyə fars məmuru deyir: “Ağayi Nəbi, o tay sənə bəs etmir ki, bu taya da keçirsən?”. Nəbi cavabında “Vətənin o tayı, bu tayı olmur” deyib, fars nökərini yerində oturdur.

Bu əsərdə bir Azərbaycan aydını Qaçaq Nəbi ilə Şah məmurunun dialoqunda parçalanmış böyük bir xalqın durumunu, eyni zamanda bu durumla barışmamasını, coğrafi mənada bölünsə də ruhən bir Bütöv olduğunu ortaya qoyur.

Azərbaycan aydınıın və ya özünü Azərbaycan aydını, ziyalısı hesab edən şəxsin düşüncəsi məhz bu coğrafiyanı əhatə etməlidir. İxtisası, sahəsi nə olursa olsun.

“Azərbaycan” deyəndə kimlərsə yalnız, tikə-tikə doğranıb indiki Azərbaycan Respublikası halına gəlmiş bir ölkəni nəzərdə tuturlarsa, onda zəhmət çəkib adlarının qabağına şəstlə yazdıqları “Azərbaycan ziyalısı” titulunu da, öz düşüncələrinə uyğunlaşdırsınlar. Eləsinlər, əl-ətəyi kəsilmiş, torpaqları işğal olunmuş, əhalisi 9 milyon olan Quzey Azərbaycan ziyalısı...

Hazırda hamımızın narahatlıqla izlədiyimiz iki gənc şairimizin İranda həbs edilməsi məsələsinin müzakirəsində bəzilərinin simasında Azərbaycan ziyalısının düşüncə coğrafiyasının sərhədləri bir daha bəlli oldu. Gördük ki, üstündən yüz il ötməsinə baxmayaraq “atılan toplara diksinməyən”, millətin gerçək dərdindən, həqiqi mübarizəsindən, milli hədəflərindən xəbərsiz ziyalılar hələ də var. Üstəlik də, cəmiyyətdə söz sahibi, dövlət idarəetməsində mənsəb yiyəsidirlər...

Azərbaycanı “elitar ziyalı” kimi ermənilərlə görüşlərdə təmsil edənlərdən biri –

Slavyan Universitetinin rektoru Kamal Abdulla həbsdə olan şairlərlə bağlı tədbirdə bu ölkədə İranın əleyhinə danışanları qamçılayıb və onları həbs etdirmək niyyətini də gizlətməyib: “Bəzi adamlar İran əleyhinə çox həyasız fikirlər səslənib. Belə etməklə biz sadəcə, İrandakı şairlərin vəziyyətini bir az da ağırlaşdıra bilərik. Mən Azərbaycan hökumətinə təklif edəcəm ki, belə danışan adamları aparıb o uşaqlarla dəyişsinlər. Bizim əsas məqsədimiz şairlərə kömək etməkdir... Bu, çox həssas məqamdır. Ehtiyatlı davranmaq lazımdır”.

İçi biz qarışıq hamı gənc şairlərin molla rejiminin zindanından ən qısa zamanda qurtulmasını arzulayır. Və heç kim də onların azadlığa çıxmasını Kamal Abdulladan az istəmir. Ancaq “İranın əleyhinə danışanları” həyasız adlandırmaq və üstəlik onları həbs etdirmə üçün hökumətə işarə vermək… Bu artıq bir Azərbaycan ziyalısının düşünə biləcəyi düstur deyil.

Birincisi, bu gün Azərbaycanda İran əleyhinə bir cümlə belə yazılırsa, bunun arxasında böyük bir problem, yaxud, Kamal Abdullanın müdafiə etdiyi gənclərin haqsızlığa məruz qalması kimi məsələlər durur. Tehran rejimi hər gün bir hərəkəti ilə Quzey Azərbaycan aydınına, yazarına bir mövzu verir. Bu baxımdan, Kamal Abdullanın ermənilərə münasibətdə carçısı olduğu mehriban qonşuluq, tolerantlıq kimi məsələləri indi də İranla bağlı müstəviyə transfer etməsi cəhdi çox uğursuzdur. Və Azərbaycan dövlətinin, xalqının mənafeyinə xidmət etmir.

“Əsir dəyişdirmə” ideyasına gəldikdə, görəsən Kamal Abdullanın nəzərində İranda həbsdə olan iki şairlə buradan onları əvəz etmək üçün göndərmək istədiyi iki şəxs arasında nə fərq var? “İranın əleyhinə həyasızcasına danışanlar” bizdən deyillərmi?

Bundan başqa, İranda az qala hər gün gənc soydaşlarımız Azərbaycan adına həbs olunur, min bir işgəncə görür, hətta “Azərbaycan Respublikasına casusluqda” ittiham olunur. Onların arasında xeyli gənc yazar şair var. Şəhriyar kimi, Fərid kimi…

Bəs, “AZƏRBAYCAN ZİYALISI” o şairləri niyə müdafiə etmir? Yoxsa, onlar təbrizlidilər, “bakinets” deyillər?
Bu xəbər oxucular tərəfindən 1506 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed