Şrift:
SSRİ-nin süqutu və Azərbaycanın müstəqilliyinə gedən yol
20.10.2011 [14:18] - DAVAMın yazıları
İmperiyanın süqutunu Rusiyada hələ də bəzi siyasətçilər özlərinə bağışlaya bilmirlər

Bu gün Azərbaycan dünyada yaşayan soydaşlarımızın potensial birləşmə mənbəyinə çevrilib

1987-ci ildə SSRİ-nin baş katibi Mixail Qorbaçov tərəfindən başlanan yenidənqurma siyasəti imperiyanın yenidən modernləşdirilməsilə yox, süqutu ilə nəticələndi. XX əsrin əsas geosiyasi hadisələrindən sayılan imperiyanın süqutunu, bu gün də Rusiyada hələ də bəzi siyasətçilər özlərinə bağışlaya bilmirlər. Təsadüfi deyil ki, Rusiyanın baş naziri Vladimir Putinin mətbuatda verdiyi müsahibəsində SSRİ-nin süqutunu “XX əsrin faciəsi” hesab etməsi, hələ də Rusiyada imperiya təfəkkürünün yaşandığının göstəricisidir. Artıq, onların nə düşünməsindən nə demələrindən asılı olmayaraq imperiya tarixin arxivindədir.
SSRİ-nin çökməsi prosesi onun tərkibində olan dövlətlərə və bölgələrdə gedən siyasi proseslərə ciddi şəkildə təsir edirdi. Xüsusilə, köhnə iqtisadi sistemin yerini yeni iqtisadi sistem ala bilmirdi. Bölgələrdə mərkəzdənqaçma meyllər güclənirdi və Kremlidən gələn qərarlar öz təsir imkanlarını itirməyə başlayırdı. Qısacası, nə SSRİ-i demokratik dəyişikliklərə hazır idi nə də ki, ölkəni idarə edənlər yeni sistemə keçməyə hazır idilər. Belə olan halda islahatlar imperiyada böhranı daha da dərinləşdirirdi. Bir növ islahatalar imperiyanın çökməsi üçün, qarşıda baş verə biləcək hadisələri tezləşdirirdi.
Belə vəziyyətdə, SSRİ-nin tərkibində olan Azərbaycan da bu prosesdən kənarda qala bilməzdi. SSRİ-nin süquta uğraması 70 il əsarətdə olan və imperiyanın caynağından canını qurtarmaq istəyən Azərbaycan üçün münbit şərait yaradırdı. Çünki, ölkənin gələcəyini düşünən ziyalılar, aydınlar SSRİ-nin belə gedişatla uzun müddət davam gətirə bilməyəcəyini görürdürlər.
80-ci illərin sonundan başlayaraq yavaş-yavaş müstəqillik, istiqlalçılıq məfkürəsi ölkənin siyasi-ictimai mühitini canlandırırdı və ali məktəblərdə müstəqil elmi klubların əsası qoyulurdu. Əsas məqsəd isə bu klublar vasitəsilə, ciddi müzakirələr aparıb, proseslərin sonunun necə nəticələnəcəyini aydınlaşdırmaq idi. Həmçinin, klublar sonradan elmi diskussiyalardan daha çox, milli düşüncəni əhatə edən söhbətlərin mərkəzinə çevrilirdi. Bu yolla müstəqilliyə gedəcək yolda cəmiyyəti, insanları gələcək hadisələrə hazırlamaq idi məqsəd. Təsadüfi deyil ki, Azərbaycan Milli Azadlıq Hərəkatının avanqardı olan Azərbaycan Xalq Cəbhəsinin əsas potensial qüvvəsi belə klubların fəallarından təşkil olunmuşdu.
Sadəcə olaraq, potensial qüvvə meydana çıxması üçün bir qığılcım lazım idi. Belə qığılcım 1988-ci ildə ermənilərin Dağlıq Qarabağda törətdiyi hadisələr, ondan qabaq isə Qərbi Azərbaycanda yaşayan Azərbaycan türklərinin deportasiya edilməsi və üstəlik, Qarabağda Topxana meşəsində ağacların kəsilməsi hadisələrin alovlanmasına səbəb oldu. Onu qeyd etməliyik ki, Topxana meşəsi ilə bağlı başlanan mitinqlər heç kimin gözləmədiyi vəziyyətdə milli müstəviyə keçməyə başladı. Düzdür, müstəqilliklə bağlı fikirləri 1988-ci il hadisələrinə bağlamaq olmaz. Hələ 1944-cü ildə İsmixan Rəhimov, Gülhüseyn Hüseynoğlu və s. ziyalılarımız “İldırım” adlı təşkilat yaradaraq, gizli yolla Azərbaycanın müstəqilliyini təbliğ etmək istəyirdilər. Onların deşifrə olunması, təşkilat üzvlərinin Sibirə sürgün olunması ilə nəticələndi. Buna baxmayaraq, zaman-zaman müstəqilliklə bağlı fikirlər gizli yolla təbliğ edilirdi. Ondan sonra isə, Azərbaycanın müstəqillik ideyasının yenidən gündəmə gəlməsi və ya milli düşüncənin formalaşması 60-ci illərdə məhrum prezidentimiz, milli-azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin Bakı Dövlət Üniversitetində təhsil aldığı illərlə sıx bağlıdır. O zaman bəy Azərbaycanın müstəqil dövlət olacağını təbliğ edir, milli düşüncənin yayılması üçün geniş çalışmalar həyata keçirirdi.
Topxana meşəsi ilə bağlı başlanan hadisə Azərbaycan Milli-Azadlıq Hərəkatına çevrildi. Bu hadisə, Azərbaycan tarixində 18 oktyabr müstəqillik aktının qəbul olunması ilə nəticələndi və Azərbaycan ikinci dəfə müstəqil dövlət olaraq öz varlığını dünyaya elan etdi.
Artıq, müstəqilliyimizin 20 illiyini qeyd edirik. Biz müstəqiyimizə qanlar bahasına, Qarabağın itirilməsi hesabına nail olsaq da müstəqilliyimizi qoruyub saxlaya bildik. Bu gün Azərbaycan dünyada yaşayan soydaşlarımızın potensial birləşmə mənbəyinə çevrilib. Azərbaycan beynəlxalq münasibətlərin bir subyekt kimi, bir çox regional və qlobal təşkilatın daimi və həqiqi üzvüdür. Azərbaycan beynəlxalq səviyyədə öz sözünü deyir və dünyada gedən geosiyasi proseslərdə öz layiqli yerini tutmağa çalışır. Danimarka parlamentinin sabiq üzvü, Sosial-demokratlar partiyasının funksioneri Hüseyn Arac bizimlə söhbətində Azərbaycanın müstəqilik tarixini belə qiymətləndirir: "Azərbaycanın öz müstəqilliyini əldə etmək üçün hansı əziyyətli və tarixin çətin sınağından necə üzüağ çıxdığını yaxşı bilirik. Eyni zamanda müstəqillik Azərbaycana havayı yox, minlərlə azərbaycanlı oğul və qızın şəhid edilməsi bahasına başa gəlib. Bu, Azərbaycanın istiqlal tarixinə yazılan şərəfli günlərindən biridir və bunu heç kim inkar edə bilməz. Bu gün Azərbaycan müstəqilliyinin 20 illiyini yüksək səviyyədə qeyd edir və uğurlu strategiya yürüdərək, müstəqilliyinin güclənməsi istiqamətində böyük layihələr həyata keçirir", - deyə millət vəkili qeyd edir.
Daha bir müsahibimiz Türkiyə Böyük Millət Məclisinin Cümhuriyyət Xalq Partiyasının İstanbuldan olan millət vəkili Ali Özgündüz Azərbaycanın müstəqilliyilə bağlı fikirlərini bölüşərkən bunları bildirdi: “Mən, bir Azərbaycan türkü olaraq müstəqil Azərbaycanla qürur duyuram və biz Azərbaycanın daha da güclənməsi üçün əlimizdən gəldiyi qədər köməkliyimizi göstərəcəyik ki, o üç rəngli bayraq bir daha yüksəkliklərdən yerə enməsin”.
Sonda fikirlərimizi Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcısı, böyük dövlət xadimi Məmməd Əmin Rəsulzadənin qərb mətbuatında verdiyi müsahibəsi ilə bitirmək istərdim. Jurnalist Rəsulzadəyə SSRİ-nin sonunu necə görməsi ilə bağlı sual ünvanlayır, böyük öndər cavab olaraq bu sözləri bildirir: “SSRİ-i bütün imperiyalar kimi süqut edəcək, O zaman, Azərbaycanın yenidən müstəqil olması üçün gözəl şərait yaranacaq. Xalqımız bundan istifadə edib azadlığını elan edə bilsə, Azərbaycan yenidən müstəqil olacaq. Əks-halda yaranmış şəraitdən istifadə edə bilməsə, xalqımız qul kimi yaşamağa məcbur olacaq” -deyə böyük insan vurğulmışdı.
Bu xəbər oxucular tərəfindən 1491 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed