Şrift:
Türkiyənin İrana 60 ton qızıl göndərməsinin səbəbi məlum olub
09.07.2012 [14:05] - Gündəm
Türkiyənin son üç ayda İrana 60 tona yaxın qızıl ixrac etməsinin sirri məlum olub.Məlumata görə, Tehrandan ildə “Tüpraş” vasitəsilə 8 milyon ton xam neft və “Botaş” vasitəsilə isə 8 milyard kubmetr təbii qaz idxal edən rəsmi Ankara aldığı məhsulların pulunu əvvəllər İranın Mərkəz Bankına transfer edib. Ancaq SWIFT-in bu ilin mart ayında İrana pul transferlərini dayandırması Türkiyənin qonşu ölkədən aldığı məhsulların dəyərini bir müddətdir qızılla ödəməsinə səbəb olub.

Qeyd edək ki, Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatlarına görə, Türkiyənin İrana qızıl ixracı yanvar-may aylarında 4 milyard 35 milyon dollara çatıb. Bu rəqəm 2011-ci ildə cəmi 3.6 milyard dollar olub. Türkiyə satın aldığı məhsulların pulunu Xalq Bankında açılan bir hesabda saxlayır. Neft və təbii qaz pulları daha sonra aylıq kreditlərlə İranın Mərkəz Bankına transfer edilir. Ancaq Türkiyə bir müddətdir ödəmələrini İran rəhbərliyinin tələbi üzərinə qızılla edir. Çünki Türkiyə Mərkəz Bankının İranın Mərkəz Bankı ilə SWAP razılaşması yoxdur. Bu səbəbdən yerli puldan istifadə olunması mümkün deyil. Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) tərəfindən açıqlanan aylıq xam neft idxalı statistikalarına görə, “Tüpraş” yanvar-aprel aylarında 5.9 milyon ton xam neft alıb. Bunun da 58 faizi, yəni 3.5 milyon tonu İrandan idxal edilib. İrandan alınan neft və təbii qazın pulunu Xalq Bankında saxlayan Türkiyə daha sonra bu pulu bank vasitəsilə qızıla çevirərək bəzən zirehli maşınlarla sərhəddə İranın Mərkəz Bankının rəsmilərinə təhvil verir, bəzən də yük təyyarəsi ilə İrana göndərir.
Bu xəbər oxucular tərəfindən 1236 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed