Şrift:
Qarabağ - birinci gülləni kim atacaq..? - Təhlil
09.07.2012 [16:19] - Sosial
Proseslərin təhlili göstərir ki, Rusiyada İranın dəstəyi ilə qlobal mübarizədə Qarabağ münaqişəsindən sonuncu “kozır kart” kimi istifadə edilməsi ssenariləri nəzərdən keçirilməyə başlanılıb

Avropa İttifaqının (Aİ) prezidenti Herman Van Rompeyin bölgəyə səfəri Qarabağ nizmlanmasının beynəlxalq gündəliyin aktual məsələlərindən biri olaraq qaldığını təsdiqlədi. Aİ prezidentinin açıqlamaları əslində Brüsselin Qarabağ nizamlanmasında heç də passiv, müşahidəçi mövqe ilə kifayətlənmək istəmədiyini, münaqişə ətrafında cərəyan edən prosesləri diqqətlə izlədiyini və zərurət yarandığı an müdaxilə etmək niyyətində olduğunu bütün maraqlı tərəflərə xatırlatdı. Brüsselin məhz indi Qarabağ münaqişəsi ilə bağlı bir daha maraqlı tərəflərdən biri olmasını xüsusilə nəzərə çatdırmaq istəyi təsadüfi deyil. Zamanlama təsadüfən seçilməmişdi və doğurdan da Cənubi Qafqazdakı prosesləri hər zaman diqqətdə saxlayan Aİ-nin də fəallaşmasını şərtləndirən amillər var.

Qarabağ münaqişəsi sonuncu “kozır kart” ola bilər

İlk növbədə qeyd etmək lazımdır ki, dünyada nüfuz dairələrinin bölüşdürülməsi və uzaq gələcəyə hesablanan mövqe savaşları kontekstində açıq-aşkar Qarabağ münaqişəsindən yararlanmaq cəhdləri sezilməkdədir. Proseslərin diqqətlə təhlili, bölgədə maraqları olan dövlətlər tərəfindən ən azı Qarabağ münaqişəsindən yaxın perspektivdə “kozır kart” kimi istifadə edilməsi ssenarilərinin götür-qoy edildiyinə şübhə qalmır. Söhbət şübhəsiz ki, Rusiya və İrandan gedir. SSRİ-nin süqutundan sonra qlobal hegemonluq yarışında Rusiya və İran heç zaman indi olduğu qədər mövqeləri əldən verməyiblər. Artıq Moskva nəinki, qlobal miqyasda ABŞ, Avropa Birliyi, Çin kimi beynəlxalq güclərlə rəqabət aparmaq imkanında deyil, əksinə Kreml indiki dönəmdə ən yaxın təsir dairəsinin belə onun minumum nəzarətindən kənarda qalmaması uğrunda mübarizə aparmaq məcburiyyətində qalıb. Rusiyanın ənənəvi geosiyası təsir məkanını nəzarətdə saxlamaq üçün yaratmağa çalışdığı mexanizm və qurumlar zamanın sınağından çıxmadı, istər MDB, istər Kollektiv Təhlükəsizlik Təşkilatı, istər Belorusla vahid dövlət qurmaq, Gömrük İttifaqı yaratmaq planları ciddi nəticələr vermədi. MDB məkanının ən asi dövləti Gürcüstanın iqtisadi blokada və hətta tankların köməyi ilə ram etmək səyləri də puça çıxdı. Orta Asiyada da Moskvanın nekoloniolist planları iflasa uğradı.

MDB məkanı ilə yanaşı, Rusiyanın digər bir kartı da vuruldu. “Ərəb baharı”, Tunis, Misir, Yəmən, Liviyada inqilablar, Suriyada başlayan vətəndaş müharibəsi Kremlin Yaxın Şərqdəki mövqelərini sarsıtdı. Təsadüfi deyil ki, Suriyada Əsəd rejimi Kreml tərəfindən ciddi-cəhdlə müdafiə olunmaqdadır. Lakin hamıya aydındır ki, bu da zamanın işidir və Rusiya Suriyada da uduzacaq.

İran 1979-cu ildən bəri ən çətin dönəmini yaşayır desək, yanılmarıq. Son illərə qədər aqressiv, eksponsionist xarici siyasət yürüdən Tehran rejimi qlobal gesoiysasi-geostrateji rəqabətdə xeyli geriləyib və indi müdafiə mövqeyinə keçməli olub. Başda ABŞ olmaqla İranı daim təzyiq altında saxlayan və əl-qol açmağa imkan verməyən güclü beynəlxlaq koalisiya yaranıb və İranın əvvəlki mövqelərini qaytarmaq şansları demək olar ki, sıfıra bərabərdir. Tehran rejimi hazırda vaxt qazanmağa yönəlik siysət yürütmək məcburiyyətində qalıb.

Azərbaycanın qlobal ve regional iddiaları və tarixən eksponsionist, imperiya siyasəti yürütməyə proqramlaşmış iki qonşusu üçün çətin zamanların başlaması hər nə qədər kəsişən maraqlara, qarşılıqlı münasibətlərdə tarixdən qaynaqlanan ziddiyətlərə malik olsalar belə, Moskva və Tehranı müdafiə planlarının qurulmasında müxtəlif aspektlərdə müttəfiqliyə vadar edir. Son zamanlar hər iki ölkənin Cənibi Qafqaz siyasətinin təhlili zaman qazanmaq, yaxud Qərb koalisiyası ilə daha əlverişli şərtlərlə sövdələşmələrə getmələri üçün bu bölgədən yararlanmaq planlarının olduğunu əminliklə söyləməyə imkan verir. Bu planların mərkəzində isə Qarabağ münaqişəsi durur.

Paradoksal müttəqfiqlik

Nə qədər paradoksal olsa da Ermənistanın təsir alıtna alınmasında, həmçinin, Ermənistanın ayaq üstə qalmasında Moskva və Tehran rəqabətinin şahidi olmuruq. Məntiqlə Ermənistanı forpostuna çevirən Moskva Yerevanın Tehranla daha çox yaxınlaşmasına göz yummamalı idi. Yaxud əksinə, İran tərəfdən Ermənistanın bütünlüklə Rusiyanın hərbi bazasına çevrilməsinə müqavimət göstərməli idi. Lakin Ermənistana münasibətdə yaxın və uzaq keçmişdə İran və Rusiyanın heyrət doğuracaq işbirliyinin şahidiyik. Hər iki ölkə üçün Ermənistanın dəstəklənməsi, eyni zamanda Qarabağ nizamlanmasında indiki status-kvonun saxlanması bu ölkələrin xarici siyasətlərinin proritet istiqaməti kimi müəyyənləşib.

Qarabaq münaqişəsindən istifadə olunması əvvəldə qeyd edildiyi kimi, Moskva və Tehranın zaman qazanmaq, yaxud Qərb koalisiyası ilə daha əlverişli şərtlərlə sövdələşmələrə getmələri üçün ehtiyat variantlardan biri kimi nəzərdən keçirilməkdədir. Qarabağ münaqişəsinin yenidən alovlanmasının qlobal müstəvidə Rusiya və İran üçün əlavə manevr imkanları yaradacağı şübhəsizdir. Münaqişəni aktiv fazaya keçirdikdən sonra bütün Cənubi Qafqaz barıt çəlləyinə çevriləcək və bu zaman Rusiya və Tehranın ən müxtəlif kombinasıyalar qurması üçün yaxşı imkanlar yaranır.

Rusiya və Tehranın Cənubi Qafqaz siyasəti, Qarabağ nizamlanmsı ilə bağlı sərgilədikləri mövqe onların proseslərə məhz bu istiqmətdə yön verə biləcəklərinə işarə vurduqlarını söyləməyə imkan verir. Şübhəsiz ki, bu tandemdə aparıcı rol Rusiyaya məxsusdur və İranın dəstəyi Moskva üçün ən vacib amillərdən biridir. ABŞ Dövlət Katibinin Azərbaycana səfəri zamanı cəbhə bölgəsində Ermənistan tərəfdən atəşkəsin pozulması, səfərdən sonra İranın Xəzərdə güc göstərməyə, Bakıya müxtəlif istiqamətlərdən təzyiqləri artırmağa çalışması Kreml və Tehraının xəbərdarlıqları kimi qiymətləndirilməlidir.

Azərbaycan Rusiya və İranın alternativini seçir

Cənubi Qafqaz 19-cu əsrin sonu, 20 əsrin əvvəlləri və sonunda olduğu kimi 21-ci əsrin başlanğıcında da qlobal geosiyası rəqabətin ön xəttlərindən birinə çevrilib. Rəsmi Bakı uzun sürən tərəddüdlərdən sonra ənənəvi olaraq yenə, Rusiyanı, İranı yox, alternativi, Qərbi seçdi (20 əsrin əvvəllərində Türkiyə və Avropanı seçdiyi kimi). Hər nə qədər rəsmi Bakının tarazlaşdırıcı siyasət apardığı söylənsə də, Azərbyacan ləng də olsa Qərbə doğru meyllənməkdədir, istər bütün təzyiqlərə baxmayaraq Gürcüstanın dəstəklənməsi, bütün problemlərə baxmayaraq Avropa ölkələri, NATO ilə əməkdaşlığın inkişaf etdirilməsi, neft və qaz kəmərlərinin Rusiyadan yan keçməklə çəkilməsi, Qərbə istiqamətlənmiş kommunikasıya xətlərinin yaradılması, Qərbin İranla bağlı planlarına səssiz dəstək verilməsi və s. Azərbaycanın bu seçimi də Tehranın dəstəyi ilə Rusiyanın Qarabağ münaqişəsindən Bakıya qarşı təzyiq faktoru kimi istifadə etmək istəyini daha qabarıq biruzə verməsinə səbəb olur. Kollektiv Təhlükəsizlik Təşkilatının baş katibinin Qarabağ cəbhəsində hərbi əməliyyatlar başlayacağı təqdirdə Erməinstanın dəstəklənəcəyi ilə bağlı açıqlaması, təşkilatın Ermənistanda hərbi təlimlər keçirmək planları bu niyyəti bir daha ortaya qoymuş oldu.

ABŞ, Aİ və Türkiyə Moskva-Tehran tandeminə qarşı

Şübhəsiz ki, Rusiya və Tehranın Cənubi Qafqaz siayəti Qərbdə də diqqətlə izlənilir və əks tədbirlər görülməkdədir. ABŞ və Avropa İttifaqı, xüsusilə Türkiyə Cənub Qafqazda Rusiya və İran təsirini zəiflətmək, vəziyyətin nəzarətdən çıxmaması, Moskva və Tehranın Qarabağ kartından istifadə imkanlarını minumuma endirmək üçün səylə fəaliyyət göstərməkdədirlər. Son zamanlar beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın mövqeyini möhkəmləndirən qətnamələrin qəbulu, bəyanatların verilməsi, Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinin alternativinin olmaması barədə təkidli bəyanatların səslənməsi, diplomatik danışıqların yenidən intensivləşməsi üçün göstərilən səylər məhz bu məqəsədi güdür. Şərti olaraq üç istiqamətdə fəaliyyətin göstərildiyini söyləmək olar: Birincisi Azərbaycanın hərbi potensialının artırılması və mümkün hərbi əməliyyatlar zamanı Ankara tərəfindən Bakının bilavasitə dəstəklənməsi planlarının müzakirəsi. Bu missiya Türkiyəyə həvalə olunub. Təsadüfi deyil ki, son günlərdə Türkiyədən 4 general Azərbaycana səfər edib. İkinci istiqamət, Qarabağ münaqişəsinin danışıqlar yolu ilə gündəlikdə saxlamaqla Rusiya və Ermənistanın cəbhə bölgəsində provakativ fəaliyyətinə imkan verilməməsi. Hazırda Aİ bu istiqamətdə fəallıq etməyə çalışır. Aİ prezidentinin bölgəyə səfəri zamanı qurum nümayəndəsinin münaqişə zonasına qeyd-şərtsiz daxil olması üçün çalışacaqlarını bəyan etdi. Üçüncü istiqamət isə Azərbaycanın artıq Qərbi seçən ölkə kimi ümumilikdə Qərb ölkələri koalisiyası tərəfindən dəstəklənməsi. Bu istiqamətdə əsas rol ABŞ-a məxsusdur və Vaşinqton Bakının məhz Avropa ilə inteqrasiyaya can atmaq istiqamətində daha qətiyyətli addımlar atmasını təşviq etməyə çalışır. Gözləmək olar ki, Vaşinqtonun bu istiqamətdə səyləri daha da fəallaşacaq. Amerikalılar hətta Azərbaycanın Qərbdən başqa uğurlu seçiminin olmadığına Bakını Rusiyaya yaxınlaşdırmaq istəyən qüvvələrə izah etmək üçün qeyri-standart təzyiq metodlarına da əl atırlar.

Müharibə olacaqmı?

Bu sual hamını düşündürür. Əlbətdə ki, birmənalı cavab verməyə və dəqiq proqnoz söyləmək çalışmaq həddindən artıq iddialı olardı. Amma indiki vəziyyətdə qətiyyətlə söyləmək olar ki, yaxın gələcəkdə birinci atəş Azərbaycan tərəfdən açılmayacaq. Bunun izahını yuxarıda qısa da olasa verməyə çalışdıq. Hamını narahat edən digər bir sual isə müharibənin başlaması ehtimalı ilə bağlıdır. Bu suala cavab verməzdən əvvəl qeyd edək ki, əvvəki dövrlərlə müqayisədə Azərbaycan erməni tərəfinin hərbi provakasiyalarına, Rusiya-İran tandeminin hədələrinə daha sakit yanaşır və arxayın görünür. Azərbaycanın hərbi potensialı Rusiya tərəfindən açıq dəstəklənsə belə ermənilərin hərbi hücumunu ən azı ilkin mərhələdə uğurla dəf etməyə yetərlidir. Bu isə əsas şərtdir. İndiki situasiyada Azərbaycanın yerinə yetirməli olduğu minumum ev tapşırığı elə budur. Dünya birliyi Rusiya və Ermənistana 90-cı illərdə olduğu kimi əl-qolunu açmağa imkan verəcək deyil. Necə ki, Rusiya-Gürcüstan müharibəsində rus qoşunlarını Tiflisə girməyə qoymadılar. Əksinə, Azərbaycanın hərbi potensialı hərbi əməliyyatlar başladığı təqdirdə ən azı ermənilərə yaxşı dərs vermək üçün kifayət qədər yetərlidir.

Müharibənin başlaması ehtimalına gəldikdə isə Rusiyanın provokasiyalarına baxmayaraq hərbi əməliyyatların bərpa ediləcəyi ehtimalı o qədər də yüksək deyil. Ermənistan faktorunu da unutmaq olmaz, Rusiya və İranın hədələri fonunda ermənilər indiki vəziyyətdə piyada rolunu oynamağa həvəsli görünmürlər. Ermənilər də hazırda dünydakı proseslərin necə cərəyan etdiyinin fərqindədirlər və Rusiyaya alət olduqları halda cəzalandırılacaqlarını yaxşı başa düşürlər. Bu baxımdan Rusiyanın İranın dəstəyi ilə Qarabağ münaqişəsindən istifadə etməklə demarş etmək planlarının Moskvanın istədiyi kimi reallaşacağı da inandırıcı görünmür.

Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli perspektivi də yaxın gələcək üçün aydın deyil. Qarabağ nizamlanması artıq qlobal rəqabət proseslərinin bir həlqəsinə çevrilib. Hazırda Rusiya və İran o qədər də zəiflədilməyib ki, onların təsiri tam neytrallaşdırılsın.

Zaur İbrahimli
Bu xəbər oxucular tərəfindən 1553 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed