Şrift:
Bakıda İranın 4 kəşfiyyatçısının saxlanıldığı xəbəri yayılıb
10.07.2012 [11:15] - Gündəm
İranla Azərbaycan arasında gərginlik davam edir. Artıq rəsmi Bakı İrana 5-ci notanı təqdim edib. Xarici işlər naziri Elmar Məmmədyarov İran səfiri Məhəmmədbağır Bəhrami ilə görüşündə də bunu xatırladıb. Hətta rəsmi məlumatlardan belə aydın şəkildə sezilir ki, görüş gərgin atmosferdə keçib.

Bu arada isə “Azadlıq”a ilginc məlumat daxil olub. Məlumatda deyilir ki, Milli Təhlükəsizlik Nazirliyi (MTN) “Eurovision” mahnı yarışması ərəfəsində İranın 4 kəşfiyyatçısını həbs edib. Lakin bu barədə ictimaiyyətə açıqlama verməyə nədənsə ehtiyac duyulmayıb. İran kəşfiyyatçılarının Bakıda həbsi Tehran rejiminin hiddətinə səbəb olub. Bildirilir ki, İranda saxlanılan Azərbaycan şairlərinə irəli sürülən ittihamın dəyişməsinin səbəbi də budur. Qeyd edək ki, İran tərəfi əvvəlcə Azərbaycan şairləri Şəhriyar Hacızadə və Fərid Hüseyni narkotik maddələri ilə bağlı suçlamışdır. Lakin sonradan iddia olundu ki, şairlər casusdur və guya MTN tərəfindən İrana göndərilib.

Məlumata görə, İran tərəfi Azərbaycan Xarici Işlər Nazirliyi ilə aparılan danışıqlarda açıq şəkildə bildirib ki, kəşfiyyatçılar azad ediləcəyi təqdirdə şairlər də sərbəst buraxılacaq. Lakin tərəflər hələ ki, ortaq məxrəcə gələ bilməyib. Məlumatı dəqiqləşdirmək üçün “Azadlıq”ın MTN-lə əlaqə saxlamaq səyləri nəticə verməyib.

Danışıqlarda İran tərəfinin Azərbaycana qarşı belə bir şərt irəli sürüb-sürmədiyini öyrənmək üçün XİN-lə (xarici işlər nazirliyi) əlaqə saxlanılıb. Lakin XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayev onda belə bir məlumatın olmadığını söyləyib.
Bu xəbər oxucular tərəfindən 1045 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed