Şrift:
Keçmiş prezident Əbülfəz Elçibəyin vəfatından 18 il ötür
24.08.2018 [09:54] - Xəbərlər, Bildiriş
Avqustun 22-i Azərbaycan Respublikasının keçmiş prezidenti, milli azadlıq hərəkatının rəhbərlərindən biri, Azərbaycan Xalq Cəbhəsinin lideri Əbülfəz Elçibəyin vəfatının növbəti ildönümüdür.

“Bütöv Azərbaycan həyatımın mənasıdır” deyən keçmiş prezidentin ölümündən 18 il ötür.

Ə.Elçibəy 1938-ci ilin iyunun 24-də Ordubad rayonunun Kələki kəndində anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırkı Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. 1962-ci ildə universiteti bitirərək təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib. 1963-cü ilin yanvarında Misir Ərəb Respublikasına göndərilən Ə.Elçibəy 1964-cü ilin oktyabrına kimi Asuan bəndinin tikintisində tərcüməçi kimi çalışıb. Xarici ezamiyyətdən dönərək 1965-ci ildə ADU-nun aspiranturasına daxil olub və aspirantura təhsilini 1968-ci ildə uğurla tamamlayıb.

Ə.Elçibəy 80-ci illərin sonlarında Azərbaycanda başlayan milli azadlıq hərəkatının rəhbərlərindən, Azərbaycan Xalq Cəbhəsinin qurucularından biri olub. 1992-ci ildə Azərbaycan Respublikasının Prezidenti seçilən Ə.Elçibəy 1 il sonra Gəncə qiyamı ilə əlaqədar paytaxtı tərk edərək Kələki kəndinə gedib. O daha sonra siyasi fəaliyyətini Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri kimi davam etdirib.

Ə.Elçibəy 2000-ci il avqustun 22-də 62 yaşında Türkiyənin Gülhanə Hərbi Tibbi Akademiyasında vəfat edib. O, Bakıda Fəxri xiyabanda dəfn olunub.
Bu xəbər oxucular tərəfindən 737 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed