Şrift:
Azərbaycanda son 3 ayda dini kəsimdəki olaylar (Hesabat)
12.07.2012 [14:33] - Gündəm
APREL, MAY, İYUN: DİNİ KƏSİMDƏKİ OLAYLAR


İttihamlar

Aprelin 7-də Milli Təhlükəsizlik Naziliyi Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq, təxribat-pozuculuq, terrorçuluq aksiyalarını planlaşdıran silahlı birləşmənin 17 üzvünün yaxalanması barədə açıqlama yayıb.

Aprelin 18-də nazirlik əvvəlki açıqlamasını genişləndirib və MTN-in həyata keçirdiyi əməliyyat tədbiri haqqında, eləcə də həbs olunanlar, tədbir zamanı zərərsizləşdirilən şəxslər barədə geniş məlumat verib.

Saxlanılanların adları: Nurəliyev Elmir Maarif oğlu, Sultanov Faiq Sahib oğlu, Muradov Əmir Zəkrulla oğlu, Əliyev Ağasadıq Tofiq oğlu, Abbasoğlu Nəriman İsrafil oğlu, Həsənov Aydın Azad oğlu, Həsənov Arif Azad oğlu, Lələyev Bəhruz Mahmud oğlu, Aşurov Rəşad Rəcəb oğlu, Aşurov Məcid Əhmədoviç, Padarov Mehdi İspaxan oğlu, Yunusov Nəsrullah Arif oğlu, Əfəndiyev Rauf Aydın oğlu, Həmidov Elmir Kamal oğlu, Məmmədov Məmməd Şaban oğlu, Allahverdiyev Ruslan Sahib oğlu, Süleymanov Faiq Süleyman oğlu, Qaracayev Teymur Məhəmməd oğlu və Lələyev Mahmud Baqi oğlu.

Milli Təhlükəsizlik Nazirliyinin xüsusi təyinatlılarının təslim olmaq barədə qanuni tələbinə tabe olmayaraq odlu silahlardan fasiləsiz atəşlər açan Vüqar Padarov məhv edilib.

Mayın 30-da MTN yenidən bu qrup haqqında məlumat yayıb. Orada qeyd olunub ki, zərərsizləşdirilən bi terrorçu qrup dövlət başçısına qarşı terror aktı həyata keçirmək istəyirmiş.

Hökmlər

3 ay ərzində əvvəlki aylarda həbs olunan dindarların bir çoxunun məhkəmə prosesi başlayıb və onlara hökm oxunub. Dindarların əksəriyyəti Cinayət Məcəlləsinin 234.1-ci maddəsi (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamaq) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə təqsirli biliniblər.

Aprelin 30-da 2012-ci ilin fevral ayında tutulan göyçaylı dindar Mirəlican Mirəminağa oğlu Mirzəyev 1 il müddətinə azadlıqdan məhrum edilib.

Mayın 14-də “İslam həqiqətləri” qəzetinin baş redaktoru Əbülfəz Bünyadova 1 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilib.

İyunun 6-da ruhani, Bakının Bülbülə qəsəbəsindəki Ağabalabəy məscidinin axundu Hacı Səxavət Əliyevə hökm oxunub. O, 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası alıb.

İyunun 28-də “Milli-Mənəvi Dəyərlər” İctimai Birliyinin sədri, ruhani Mehdi Məmmədov 2 il müddətinə azadlıqdan məhrum edilib.

İyunun 11-də İranın “Səhər” televiziyasının Azərbaycan müxbiri Anar Bayramlıya hökm oxunub. O, 2 il müddətinə azadlıqdan məhrum edilib.

İyunun 19-da ilahiyyatçı İlham Əliyev 1 il 6 aylıq iş alıb.

İyunun 27-də dindar Seymur Zeynalov 1 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

İyun ayında gəncəli ruhanilər Asəf Əliyev 1 il 6 ay müddətinə, İlham Ələkbərov isə 6 ay müddətinə həbs cəzası alıb.

Mayın 17-də Bakı Apellyasiya Məhkəməsi məhbus islamçıların (Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov, onun qayını Firdovsi Məmmədrzayev, əmisi oğlu Dəyanət Səmədov, partiya sədrinin müavini Vaqif Abdullayev və Astara rayon təşkilatının sədri Rufulla Axundzadə, ruhanilər Fəramiz Abbasov və Zülfüqar Mikayılzadə) şikayətini təmin etməyib və Bakı Ağır Cinayətlər Məhkəməsinin 2011-ci il 7 oktyabr hökmü qüvvədə saxlanıb.

Mövsüm Səmədov 12 il, Rufulla Axundzadə 11 il 6 ay, Vaqif Abdullayev 11 il, Fəramiz Abbasov 11 il, Firdovsi Məmmədrzayev, Dəyanət Səmədov 10 il müddətinə həbs cəzası alıb, Zülfüqar Mikayılzadə 5 il sınaq müddəti tətbiq olunmaqla 11 il şərti həbs cəzasına məhkum olunub.

Həbslər

İyun ayında dini nəşlər üzrə ixtisaslaşan “Parlayan Günəş” nəşriyyatının əməkdaşları Nurman Şahmərdanlı, İsmayıl Süleymanov və Qabil Şahmərdanov tutulublar. İnzibati həbs cəzaları alan nəşriyyatçılar 5 sutka Daxili İşlər Nazirlyinin Baş Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanıblar. Buraxıldıqdan sonra onlar mediaya açıqlama verməkdən imtina ediblər və bir müddətlik nəşriyyatın fəaliyyətini dayandırıblar.

“Azadxeber.az” (hazırda “Azadxeber.org”) saytının baş redaktoru Nicat Əliyev mayın 20-də həbs olunub. O, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham olunur. Barəsində 2 ay müddətində həbs qətimkan tədbiri seçilən baş redaktor Bakı İstintaq Təcridxanasında saxlanır.

Azadlığa buraxılanlar

Mayin 16-da İranın “Səhər” telekanalının Bakı bürosunun sürücüsü Ramin Dadaşov həbsdən azad edilib. O, fevralın 15-də narkotik maddə saxlamaq ittihamı ilə tutulmuşdu.

Mayın 20-də 2011-ci ilin 6 may - “Hicaba azadlıq” aksiyasına görə həbs olunan Elşən Abbasov azad olunub. O, 1 il müddətinə azadlıqdan məhrum edilmişdi.

İyunun 6-da Azərbaycan İslam Partiyası sədrinin müavini Arif Qəniyev vaxtından əvvəl azadlığa buraxılıb.

Mayın 3-də “Amnesty İnternational” təşkilatı “İslamazeri.az”ın baş redaktoru Ramin Bayramov və İranın “Səhər” telekanalının müxbiri Anar Bayramlının adlarını vicdan məhbusları siyahısına salıb.

“Avroviziya” qalmaqalı

Mayın 8-də Azərbaycan İslam Partiyası Şuşanın işğal günündə Şəhidlər xiyabanına 200 nəfərlik yürüş-ziyarət təşkil edib. Aksiyada qeyd olunub ki, bu gün Azərbaycan mədəniyyətinin, incəsənətinin, musiqisinin beşiyi olan Şuşa şəhəri işğal altında ola-ola Bakıda böyük musiqi yarışması keçirməyə mənəvi haqqımız yoxdur.

Mayın 11-də yüzdən çox gənc İranın Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası keçirib. Gənclər “İrana ar olsun”, “İslam belə olmur”, “İran Azərbaycana terrorçu, narkotik və ekstremist göndərir”, “İranda 35 milyon azərbaycanlının hüquqları pozulur” və sair şüarlar səsləndiriblər.

Aksiyaçılar əllərində “Şuşanı ermənilərə İran hakimiyyəti satıb”, “Homoseksual İran mollalarına Azərbaycanda yer yoxdur” kimi şüarlar yazılmış, eləcə də Əli Xamneyi, Mahmud Əhmədinejat və Serj Sərkisyanın birgə şəkli olan plakatlar tutublar.

Bakıda gənclərin mayın 11-də aksiya keçirməyə səbəb olan hadisələr isə bunlardır:

Aprelin 27-də Tehranın cümə namazına rəhbərlik edən axund Kazım Sədiqi Azərbaycan Respublikasının İsraillə münasibətlərindən danışıb. İsrail rəsmilərinin bölgə ölkələrinə səfərlərinə toxunan Kazım Sədiqi deyib: “Son vaxtlar İsrailin xarici işlər naziri Azərbaycan Respublikasına səfər edib. Bizim Azərbaycan hökumətindən gözlədiyimiz odur ki, İsrailə yaxınlaşmasın. Bizim qonşu ölkələr bilməlidir ki, İsrail onların bir nömrəli düşmənidir”.

Mayın 8-i, axşam saatlarında Azərbaycan Respublikasının Təbrizdəki baş konsulluğu qarşısında aksiya keçirilib. İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) nəzdində fəaliyyət göstərən “Bəsic” (hökumət tərəfdarı olan könüllülər dəstəsi) təşkilatına üzv tələbələr, axundlar və hicab tərəfdarı qadınlar aksiyaya qatılaraq Azərbaycan Respublikasının ev sahibliyi etdiyi “Avroviziya 2012” mahnı yarışına, yarış ərəfəsində Bakıda keçirilməsi planlaşdırılan “gey-parad”a etiraz bildiriblər.

Azərbaycan hakimiyyətinə qarşı şüar səsləndirən aksiyaçılar qətnamə qəbul edərək Azərbaycan Respublikasında “Avroviziya” yarışmasının, eləcə də “gey-parad” keçirilməsi planının ləğv olunmasını, Azərbaycanda həbsdə saxlanan islamçıların və vicdan məhbuslarının azadlığa buraxılmasını tələb ediblər.

Mayın 14-də Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şurası İranın bəzi din xadimlərinin çağırışları ilə bağlı bəyanat qəbul edib. Bəyanatda İran İslam Respublikasının bəzi din xadimlərinin çağırışları və Azərbaycanın Təbrizdəki baş konsulluğu qarşısında keçirilən aksiyalar zamanı səsləndirilən fikirlərdən narahatlıq ifadə olunub: “Milli-mənəvi irsinə sadiq bir dövlətin vətəndaşları olaraq biz - Azərbaycan Respublikasının elm və din xadimləri Azərbaycan dövlətinin adına olmazın həqarətlər yağdırılmasını, onun dövlət atributlarının təhqirini, prezidentinin ünvanına qonşu İran dövlətinin bəzi din xadimləri tərəfindən təhqiramiz ifadələr işlədilməsini, xalqımız və dövlətimizə xitabən müxtəlif ultimativ xəbərdarlıqlar edilməsini, müstəqil siyasətimizin təhdid edilməsini heç bir vəchlə qəbul etmir, bunu daxili işlərimizə müdaxilə hesab edirik”.

Mayın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi İran İslam Respublikasının mediasında Azərbaycanla bağlı səslənən fikirlərə münasibətini açıqlayıb. Açıqlamada deyilib ki, son vaxtlar İran İslam Respublikasının media məkanında siyasi əxlaq və milli-mənəvi dəyərlərə uyuşmayan, dövlətlər arasında dost-qonşuluq münasibətlərinə kölgə salan təbliğat və təşviqat ünsürlərinə rast gəlinir: “Qəbuledilməz haldır ki, aksiyalarda yüksək nüfuz sahibi olan şəxslərin ünvanına Azərbaycan və İran mentalitetinə yaraşmayan şər-xəta sözlər səsləndirilir. Belə bir informasiya gərginliyinin yaradılmasında erməni mənşəli saytların qızışdırıcı rolu və ondan alışan etirazlarda ilk növbədə qonşu soydaşları qarşı-qarşıya qoymaq istəyənlərin məkrli məqsədi aydın sezilsə də, təəssüf ki, qarşı tərəfdə bu niyyətə rəvac verənlər tapılır”.

İranda “Avroviziya” ilə bağlı tədbirlər sonra da olub.

Mayın 18-də Tehranın cümə namazına rəhbərlik edən axund, əslən azərbaycanlı olan Kazım Sədiqi Azərbaycan Respublikasında keçiriləcək “Avroviziya 2012” mahnı yarışından danışıb: “Təəssüflər olsun ki, əhalisinin 90 faizi şiə müsəlman olan bu ölkədə islama və insanlığa zidd addımlar atılır, cəmiyyətdə boğuq ab-hava yaradılır, dini azadlıqlar minimuma endirilir. Bu ölkədə məscidlər dağıdılır, hicab tərəfdarları tutulur və hər hansı islami hərəkətə senzura qoyulur. Belə bir şəraitdə İsrail rəsmilərinin bu ölkəyə gəlib-getdiyi müşahidə olunur”.

Mayın 18-də Ərdəbil və Təbriz şəhərlərində cümə namazına qatılan dindarların İran rejimini müdafiə edən hissəsi aksiya keçirərək Azərbaycan Respublikasının ev sahibliyi etdiyi “Avroviziya 2012” mahnı yarışını pisləyiblər. Onlar “Avrovizaiya” musiqi festivalı deyil, homoseksuallığı yaymaq festivalıdır”, “Bakını nəcasətə çəkməyin”, “Allah homoseksuallara və onlara dəstək verənlərə lənət etsin”, “Qarabağ homoseksualların rəqs və avazı ilə azad edilməz. Qarabağ “Aşura” mədəniyyəti ilə azad olar”, “Ölüm olsun sionizm nökərlərinə” və digər şüarlar səsləndiriblər, Bakıda keçiriləcək mahnı müsabiqəsinin dayandırmasını tələb ediblər.

Mayın 21-də əslən Təbrizdən olan, hazırda Qum şəhərində yaşayan 83 yaşlı ayətullahı Cəfər Sübhani Azərbaycan Respublikası hökumətinə qarşı bəyanat verib: “Məlumat almışıq ki, Azərbaycan Respublikası hökuməti “Avroviziya” mahnı müsabiqəsinə ev sahibidir. Bu müsabiqədə gey-parad da keçiriləcək. İslam və əxlaqi vəzifə tələb edir ki, müsəlmanlar istənilən konstruktiv və sağlam ictimaiyyətlərlə regionda belə utandırıcı ləkənin görünməsinə, ölkələrini bədnam etməsinə icazə verməsinlər”.

İranda etirazlar səsləndiyi ərəfədə Azərbaycanın Tehrandakı səfiri Cavanşir Axundov mayın 21-də İranın Xarici İşlər Nazirliyinə çağırılıb. Cavanşir Axundovu nazir müavini Abbas İraqçı qəbul edib. Nazir müavini Azərbaycan Respublikasında “dini müqəddəslərin təhqir olunmasına” rəsmi Tehranın etirazını bildirib.

Etirazların artdığı bir vaxtda - mayın 17-də İranın Azərbaycandakı səfirliyi bəyanat yayıb. Bəyanatda mayın 11-də gənclərin səfirlik qarşısında keçirdiyi aksiyada dini lider ayətullah Xamneyinin təhqir edildiyi iddia olunub: “Bu aksiya Azərbaycan Respublikasında olan bəzi dairələrin istiqamətləndirdiyi sifariş olmaqla yanaşı regionda Qərb və sionist dairələrin yaratdığı antiislam cərəyanları ilə əlaqələndirilmiş və uyğunlaşdırılmış plandır.

Dünyanın digər yerində “Qurani-Kərim”in dinsiz ekstremistlər tərəfindən yandırıldığı bir zamanda islam və iman amallarının əbədi keşiyində duran diyarlardan biri sayılan müsəlman və şiə ölkəsi Azərbaycanda dünya şiələrinin rəhbəri və vilayəti fəqihin ünvanına təhqiredici ifadələrin söylənilməsi təəssüf hissi doğurur”.

Mayın 21-də İranın Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami Tehrana gedib. Mayın 22-də İranın Azərbaycandakı səfirliyinin yaydığı açıqlamada bu, belə izah edilib: “Dini müqəddəslər təhqir olunduğuna görə cənab səfir Məhəmmədbağır Bəhrami Tehrana çağırılıb. O, lazımi məsləhətləşmələrin aparılması üçün mayın 21-də Bakıdan Tehrana yola düşüb”.

Məhəmmədbağır Bəhrami Bakıya iyunun 25-də qayıdıb.

Mayın 25-də İran İslam Respublikası dini liderinin Təbrizdəki nümayəndəsi, Təbriz cümə namazının rəhbəri axund Möhsün Müctəhid Şəbüstəri Azərbaycanda keçirilən “Avroviziya 2012” mahnı yarışından danışıb: “Azərbaycan Respublikasında “Avroviziya” mahnı yarışması ilə bərabər keçirilməsi nəzərdə tutulan gey-parad Təbriz əhalisinin etirazları və keçirdiyi yürüşlər nəticəsində, həmçinin İrandakı din xadimlərinin, İran İslam Respublikasının xəbərdarlığı ilə ləğv edilib”.

Təyinat

Mayın 31-də prezident İlham Əliyev Hidayət Orucovu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsindən azad edib və Elşad Hüseyn oğlu İskəndərovu komitə sədri təyin edilib.

Yenə İran düyünü

İranda poeziya festivalında iştirak edən gənc Azərbaycan şairləri Fərid Hüseyn və Şəhriyar del Gerani (Hacızadə) mayın 2-də həbs olunublar. İyunun 28-dən başlayaraq İran mediası onları ictimaiyyətə casus kimi təqdim edib.

İyunun 5-də Xarici işlər naziri Elmar Məmmədyarov İran-Azərbaycan münasibətlərindəki gərginlikdən danışıb. Nazir deyib: “Mənim üçün İran-Azərbaycan münasibətlərindəki gərginlikdən danışmaq çətindir. Bu gərginliyi biz başlamamışıq. Amma inanıram ki, dövlətlər, xalqlar arasında minillik yaxın münasibətlər, tarixi əlaqələr bu gərginliyin aradan qaldırılmasında yardımçı olacaq. Biz İranla yaxşı münasibətlərin olmasında, yaxın əlaqələrdə, tərəfdaşlıqda maraqlıyıq”.

Elmar Məmmədyarov mayın 2-də Təbrizdə yoxa çıxan gənc şairlər Şəhriyar Del Gerani və Fərid Hüseynin taleyindən də söz açıb. O bildirib ki, Azərbaycanın Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyində bu məsələ ilə bağlı danışıqlar aparır: “Təbrizdəki baş konsulumuz da hakimiyyət dairələri ilə müntəzəm əlaqə saxlayır. Biz vətəndaşlarımızın taleyi haqda məlumat almaqda israrlıyıq. İran tərəfi Vyana Konvensiyasına, başqa hüquqi sənədlərə uyğun davranmalı və Azərbaycan vətəndaşlarının nəyə görə saxlandığı barədə izahat verməlidir. Eləcə də Azərbaycanın Təbrizdəki baş konsulunun gənc şairlərlə görüşməsinə şərait yaratmalıdır. Biz hesab edirik ki, azərbaycanlı şairlər qapalı şəraitdə saxlanılır”.

İranda saxlanılan şairlərlə bağlı Bakıdan Təbriz yazıçılarına, dünya ictimaiyyətinə müraciət olunub, yazıçı Çingiz Abdullayev gənc şairləri azad etmək üçün səyləri birləşdirməyə çağırıb, yazıçı Kamal Abdulla isə həbs olunmuş gənc şairlərlə bağlı İrana getməyə hazır olduğunu bəyan edib, Yazıçılar Birliyinin sədri Anar dini lider Xamneyiyə müraciət edib.

İyulun 6-da xarici işlər naziri Elmar Məmmədyarov İran səfiri Məhəmmədbağır Bəhramini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən “Media forum” saytına verilən məlumata görə, görüşdə Azərbaycanla İran arasında ikitərəfli münasibətlərə dair fikir mübadiləsi aparılıb.

Elmar Məmmədyarov Fərid Hüseyn və Şəhriyar Hacızadənin İranda saxlanılmasının ölkə ictimaiyyətində ciddi narahatlıq yaratdığını diqqətə çatdırıb və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin İran tərəfinə beş nota təqdim etməsinə baxmayaraq qarşı tərəfin yalnız qısa və natamam cavab verdiyini xatırladıb.

İyunun 21-də “Tolışi sədo” qəzetinin baş redaktoru, hüquq müdafiəçisi Hilal Məmmədov saxlanılıb. Hilal Məmmədov Cinayət Məcəlləsinin 234.4.3-ci maddəsi ilə (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama) günahlandırılıb.

İyulun 4-də Hilal Məmmədova əlavə ittihamlar irəli sürülüb. O, indi həm də dövlətə xəyanətdə (Cinayət Məcəlləsinin 274-cü maddəsi) və milli ayrı-seçkilikdə (maddə 283) təqsirləndirilir.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun iyulun 4-də yaydığı birgə məlumatda qeyd olunur ki, uzun illər ərzində jurnalist peşəsinin və mədəniyyət mərkəzinin rəhbəri vəzifəsinin imkanlarından yararlanan Hilal Məmmədov 1992-ci ildən etibarən İranın xüsusi xidmət orqanının əməkdaşı Əbdoli Əli Həmzəli oğlu tərəfindən məxfi əməkdaşlığa cəlb olunaraq Azərbaycan Respublikasının suverenliyi, dövlət təhlükəsizliyi və ərazi toxunulmazlığı zərərinə fəaliyyət göstərib, bunun müqabilində mütəmadi şəkildə birbaşa maddi vəsait alıb.
Bu xəbər oxucular tərəfindən 1613 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed