Şrift:
Marneulidə pulsuz hüquqi xidmət mərkəzi açılmışdır
13.07.2012 [10:42] - Gündəm, Borçalı
Gürcüstan azərbaycanlılarının yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli rayon mərkəzində pulsuz hüquqi xidmət mərkəzi açılmışdır. Mərkəzdə sertifikata malik olan dörd nəfər gənc hüquqşünas fəaliyyət göstərəcəkdir. Onlar əhaliyə lazımi hüquq məsləhəti verməklə yanaşı, Gürcüstan qanunları ilə də tanışlığa şərait yaradacaq, lazım gələrsə, bölgə vətəndaşlarının məhkəmədə, polis və prokurorluqda hüquqlarının müdafiəsinə qoşulacaqlar.
Mərkəzin rəhbəri Ceyhun Məmmədov mərkəzin Gürcüstan parlamentinin deputatı Azər Süleymanovun təşəbbüsü və dəstəyi ilə yaradıldığını bildirmişdir. O demişdir ki, Kvemo Kartli-Borçalı bölgəsinin əhalisinə təmənnasız hüquqi xidmət göstərəcəyik. Vəkil qeyd etmişdir ki, bəzən yerli məhkəmələrin qərarlarından narazı qalan soydaşlarımız onlardan yuxarı instansiyalara, yaxud beynəlxalq məhkəmələrə şikayət verməkdə çətinlik çəkirlər. Biz bu məsələlərdə də onlara yardımçı olmağa çalışacağıq. C.Məmmədov bölgə əhalisinin ana dilində Gürcüstan qanunları ilə tanış olmaları üçün də müvafiq iş planı işlənib hazırlanacağını və rayonlarda əhali ilə görüşlər keçiriləcəyini, onları narahat edən məsələlər barədə hüquqi sənədlərin tərtib olunub yuxarı orqanlara çatdırılması üçün əllərindən gələni edəcəklərini bildirmişdir.
Marneuli rayon Məclisinin (Sakrebulo) sədri İsfəndiyar Kərimov təşəbbüsü alqışlamış və mərkəzdə birləşmiş vəkillərin soydaşlarımızın ana dilində hüquq məsələləri baxımından məlumatlandırılması yönümündə səmərəli fəaliyyət göstərəcəklərinə əmin olduğunu bildirmişdir.
Gürcüstan parlamentinin deputatı Azər Süleymanov bu mərkəzin bir növ zamanın tələbi nəticəsində yaradıldığını vurğulamış və əmin olduğunu bildirmişdir ki, dövlət dilini bilmədiyindən xeyli problemlərlə qarşılaşan azərbaycanlı əhali məhz bu gənc hüquqşünaslardan istədikləri suallara ana dilində ətraflı məlumat ala biləcəkdir.
A. Süleymanov demişdir ki, mərkəzin Marneuli şəhərində yerləşməsinə baxmayaraq, bütün bölgə əhalisinə xidmət göstəriləcəkdir. Mərkəzdə fəaliyyət göstərən hüquqşünaslar məhkəmə iclaslarında imkansızların hüquqlarını da pulsuz müdafiə edəcəklər. Bəzi imkansız ailələr vəkil tuta bilmədiyindən məhkəmələrdə problemlərlə qarşılaşırlar. Deputat qeyd etmişdir ki, həmçinin sənədlər, qanunlar gürcü dilində nəşr olunduğundan və yerli əhalinin dövlət dilini mükəmməl bilməməsi ucbatından həmin sənəd və qanunlarla tanışlıq məsələsi də bir problem olaraq gündəmdə durur. Buna görə biz bu mərkəzin yaradılması təşəbbüsünü irəli sürdük və bu işdə bizə dəstək olanlara, belə bir xeyriyyəçilik aksiyasına qoşulmuş 4 nəfər gənc hüquqşünasa təşəkkür edirik. Əminəm ki, onlar bölgə əhalisinin böyük etimadını qazanacaqlar.
Bu xəbər oxucular tərəfindən 1995 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed