Şrift:
Azərbaycanda küçə reklamı tarifləri dəyişdirilib
14.07.2012 [12:22] - Gündəm, İqtisadiyyat
Azərbaycan Tarif (qiymət) Şurasının iyulun 13-də keçirilən iclasında küçə reklamı yayımı tariflərinə dəyişiklik edilib.
Həmçinin, iclasda Şuranın bəzi qərarlarına redaktə xarakterli dəyişikliklər olunub.
Tarif Şurasının yeni qəbul edilmiş qərarı ilə küçə reklamı sahəsində tariflərin tətbiqinin sadələşdirilməsi və bu sahəyə nəzarətin gücləndirilməsi məqsədilə reklam yayımı kateqoriyalarının sayı 17-dən 5-ə, zonalar üzrə tariflərin sayı 51-dən 15-ə endirilib, bir sıra əmsalların tətbiqi isə ləğv edilib.
Şuranın qərarına əsasən, Bakı şəhərində küçə reklamının (səyyar və ya stasionar) yayımı məqsədilə reklam daşıyıcısına ayrılan yerə görə aylıq tariflər 1 kv. metr üçün zonalar üzrə müxtəlif olmaqla yerüstü keçidlərdə, körpü və estakadalarda 16-24 manat, küçələrin kənarlarında, meydan, park, bağ və yol ayrıclarında 12-20 manat, damlarda, binaların, hava şarlarının, aerostat və dirijablların üzərində 8-16 manat müəyyən edilib.
Bundan başqa, 1 kv. metr reklam yerinin qiyməti yeraltı keçidlərdə, dayanacaqlarda, ticarət, köşk və yanacaqdoldurma pavilyonlarının günlüklərində 6-8 manat, hasarlarda, vitrin və pəncərələrdə isə 4-6 manat arasında müəyyənləşdirilib.
Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Xırdalan şəhərləri və Abşeron rayonu üzrə tariflər Bakı şəhəri üçün müəyyən edilmiş tariflərə 0,7, digər regionlar üzrə 0,5 əmsalı tətbiq edilməklə hesablanacaq. Sosial reklam tarifləri isə müvafiq küçə reklamı tariflərinə 0,1 əmsalı tətbiq edilməklə müəyyənləşdirilir.
Yeni tariflər 1 avqust 2012-ci il tarixindən qüvvəyə minəcək. İclasda həmçinin, Bakı Metropoliteninin metroda sərnişindaşıma xidməti üzrə 24 noyabr 2011-ci il tarixində aparılmış son tarif dəyişikliyinin qurumun maliyyə-təsərrüfat fəaliyyətinə təsiri barədə hesabatı dinlənilib.
Bu xəbər oxucular tərəfindən 1607 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed