Şrift:
Azərbaycan türkçülüyü ideyası
15.07.2012 [01:28] - DAVAMın yazıları
Faiq Ələkbərov (Qəzənfəroğlu)

AMEA Fəlsəfə, Sosiologiya və Hüquq
İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru


Üzeyir Hacıbəyli: «Azərbaycan türklüyün ümidgahı, islamın pənahı və dünya mədəniyyətinin daşıyıcısıdır»

XIX əsrin sonu, XX əsrin əvvəllərində milli-demokratik cəbhədə fəaliyyət göstərənlərdən Üzeyir Hacıbəylinin irsində ən çox diqqəti çəkən türk millətinin oyanışı, onun hüquq və azadlıqları ilə bağlı olmuşdur. Hələ, 1900-1910-cu illərdə M.Ə.Rəsulzadə və başqaları kimi, Hacıbəyli də milli ideya xəttinin olmadığı bir dövrdə çarizmə qarşı mübarizə aparan cərəyanlar arasında tələb və məramına görə sosial-demokrat əqidəsini müsbət dəyərləndirmiş, ancaq bu, sovet dövrünün müəlliflərinin yazdığı kimi, guya, onun marksizmin təsiri altında inqilabi hərəkata qızğın rəğbət bəsləməsi və s. demək olmamışdır. Sadəcə, o, həmin dövrdə M.Ə.Rəsulzadə, Ə.Ağaoğlu və başqaları kimi sosial-demokrat cərəyanındakı müsbət cəhətləri görmüş və onu qiymətləndirmişdi.

Sovet ədəbiyyatında Ü.Hacıbəylinin inqilabçı-demokratlığa meyililiyinə bir səbəb kimi də, Azərbaycan-türk dilini müdafiə etməsi göstərilir. Əslində Ü.Hacıbəylinin ana dil məsələsi ilə bağlı mülazhizələri nə Osmanlı Türkiyəsinə, nə də osmanlı şivəsini müdafiə edən Ə.Hüseynzadə və başaqlarına qarşı yönəlmişdir. Ü.Hacıbyəli bu məsələ ilə bağlı hesab edirdi ki, müəllimlər öz türk dillərini bilmədikləri üçün onu daha da xarab edirlər. Onun fikrincə, öz ana dilini inkişaf etdirmək əvəzinə, osmanlı şivəsini bəyənməyib onlarla mübahisə açmaq doğru deyildir: «Biz türk dili üzrə böyük bir padşahlıq təsis etmiş olan osmanlılardan, fars və rus tərcümələri altında bilkülliyyə xarab olub türkülük ruhunu itirmiş olan dilimizi təzədən öyrənmək əvəzinə hələ osmanlıları bəyənməyib sərf cahil olduğumuz bu məsələ üstə onlar ilə mübahisəyə də cəsarət edirik».

Deməli, sosial-demokrat əqidəsinə rəğbət bəslədiyi dövrdə belə, Ü.Hacıbəyli az qala hər bir məqaləsində türk millətinin mənafeyini müdafiə etməyə çalışmışdı. Xüsusilə, o, bu dövrdə əcnəbi müəlliflər tərəfindən türklərin tamamilə vəhşi və barbar kimi qələmə verilməsinə, guya türklərə mədəniyyət və mərifətin qətiyyən təsir etməməsi fikrinə kəskin şəkildə etiraz etmişdir. Onun fikrinə görə, Allahın insanları yaradanda guya, yalnız türklərin mayasına istedad qoymaması, mərifət və mədəniyyətdən uzaq tutması mülahizələri əsassızdır. Belə ki, son əsrlərdə türklər mədəniyyət sarıdan həqiqətəndə inkişaf etmiş bəzi millətlərdən geridə qalsalar da, ancaq məsələni ifrat şəkildə qoymaq doğru deyildir.

Hacıbəyliyə görə, Avropa millətlərindən fərqli olaraq, türk milləti son əsrlərdə kənardan müdaxilə səbələrinə görə mədəniyyət yolunu tapa bilməmişdir. İndi işıq qapısı türklərin üzünə açılmışdır ki, onlar əl-ələ verib mədəniyyət və mərifət sarayına daxil olmağa hazırdır. Ancaq bəzi fitnəkar şəxslər tapılır ki, türklərin mədəniyyət bulağından su içməsinə imkan vermirlər. Xüsusilə, guya türklərin ədəbi dillinin olmaması fikrinə etiraz edən Hacıbəyliyə görə, hazırda türk dili üç dilin (türk, ərəb və fars) əsasından ibarət olsa da, onun kökü türk dilidir. Onun fikrincə, əslində fitnəkarları narahat edən türklərin ədəbi dilinin olub-olmaması məsələsi deyil, din məsələsidir - yəni «islam birliyi»nin zühura gəlməsidir: «Bədbəxt türklər! Böhtan, yalan və iftira altında qol çalan türklər! İnsafsız, mürvətsiz və vicdansız junalistlər qələminin oynağı (oyuncağı - F.Ə.) olmuşsunuz. Hər əli qələm tutan sizin barənizdə bir iftira yazmasa olmaz! Əcaba buna səbəb nədir? Qafqaz iğtişaşıdırmı? Elə isə genə bədbəxt türklər».

Azərbaycan türklərinin millət kimi formalaşması baxımından millət və din mənsubiyyəti məsələsinə aydınlıq gətirmək istəyən Ü.Hacıbəyli yazırdı ki, Qafqaz müsəlmanların etnik mənşələri türk, dilləri türk dili olduğu halda, özlərini və dillərini «müsəlman» kimi qələmə vermələri doğru deyildir. Onun fikrincə, müsəlman adında nə millət, nə də dil var; müsəlman islamı qəbul etmiş bir adam deməkdir. Bu baxımdan ərəb və fars təşəbbüsündə olmayan Azərbaycan türklərinin türklüyündə qaldıqlarını bildirən Hacıbəylinin sözlərinə görə dilimizdə türk dilidir. Bu baxımdan türklər öz etnik mənsubiyyətlərini, doğma dilini tanımalı və onun tərəqqi etməsinə, islahına çalışmalıdırlar: «Çünki doğrudan da əgər biz öz ana dilimizə indiyə qədər baxdığımız nəzərlə baxmaqda davam edərsək, yəni heç bir əhəmiyyət verməsək, ola bilər ki, günlərin bir günü dilimiz itər, batar, yox olar və bir millətin də ki dili batdı, onda o millət özü də batar, çünki bir millətin varlığına, isbati vücud etməsinə səbəb onun dilidir».

Bu dövrdə Azərbaycan türk dili ilə yanaşı, Azərbaycan türklərinin bir millət kimi varlığında müdafiə etməyə başlayan Ü.Hacıybəli M.Ə.Rəsulzadə, N.Yusifbəyli, Ö.F.Nemanzadə və başqaları kimi, milli bir ictimai təşkilatın yaranmasını zəruriliyndən də bəhs etmişdi. Onun fikrincə, indiyə qədər yaradılan ümummüsəlman təşkilatlarının gözə görünən və işə yaradılan nəticələri olmasa da, mənəvi əhəmiyyəti olmuşdur. Bu baxımdan yeni istər ümumRusiya müsəlmanları, istərsə də xüsusi Qafqaz müsəlmanları təşkilatının yaranması zəruriliyini vurğulayan Üzeyir bəy qeyd edirdi ki, artıq ümumi və təkrarçı sözlərdən işə keçməyin vaxtıdır: «…Bu milli ehtiyaclarımızın, və mili məsələlərimizin bundan belə quru danışmaq deyil, bəlkə felən rəf və dəfini və həllini təmin edə biləcək yollar xüsusunda danışıb və ictimalar qurmağımız daha münasib deyilmi? Və bundan sonra məhz bu yolların aranılmasının vaxtı deyilmi?».

Hacıbəyli qeyd edir ki, Rusiya millətləri arasında sayına görə ikinci olmasına baxmayaraq (30 milyon), türklər arasında milli birlik yoxdur. Əgər bəzilərində milli və ictimai işlərə qarşı bir həvəs əlaməti görsənirsə, bu həvəs də tez yatıb yenə qeydsizlik zülməti içində yox olur. Müsəlmanlar yalnız şəxsi mənafeyi ilə bağlı olduqda bu cür milli və ictimai işlərə maraq göstərirlər. Halbuki 1905-ci il 1-ci rus inqilabının verdiyi azadlıqlar sayəsində milli qəzetlər, milli məktəblər, maarif və xeyriyyə cəmiyyətləri və s. təşəkkül tapmışdı ki, indiyə qədər bundan daha çox faydalanmaq olardı. Ancaq ötən on il ərzində bütün bunlardan faydalanmaq əvəzinə milli qəzetlər və müsəlman intelligentlər arasında əlaqə kəsilmək həddinə çatmışdır. Bunun nəticəsində «Həyat», «İrşad», «Molla Nəsirəddin» və bu kimi mili qəzet-jurnallar bağlanmış, «Səadət», «Nur» və b. milli məktəblərin, eyni zamanda mədəni-maafri cəmiyyətlərinin («Nicat» və b.) fəaliyyəti zəifləmişdi.

Milli mətbuat, milli məktəb və milli cəmyyətlər məsələsinə xüsusi diqqət yetirən Ü.Hacıbəyli hesab edirdi ki, bütün bunlar ciddi şəkildə meydana çıxmadığı üçün Dövlət Dumasında Qafqaz müsəlmanlarını siyasi sima kimi tanımırlar. Çünki Dumada olan kadetlər, nasionalistlər, oktybabristlər və başqaları müsəlman fraksiyasının hansı siyasi firqəyə bənzədyini və ya xüsusi siyasi sifətinin olmasını müəyyən edə bilməyiblər. O, bundan çıxış yolu kimi, Qafqaz müsəlmanlarının bir millət kimi meydana çıxmasının vaxtının çatdığını yazır: «Hal-hazırda əsil bunun vaxtıdır ki, biz öz-özümüzə məhəl qoyaq, millətimizin qədrini bilək , müsəlman millətinin içini və çölünü o crüə düzəldək ki, bizə də bir millət olub millətlər arasına girməyə laiyq olaq. Ehtiyacımızın deyil, tək-tük ağızlardan bəlkə ümummillət ağzından çıxan bir səs olduğuna və bu səsə də rus camaatı, rus mətbuatı və Dövlət Dumasının tərəqqipərvər vəkilləri ağzından da səs verilib kömək edilməsinə və qonşu millətlər tərəfindən də haqlı görülməsinə yol göstərən şərait ilə dolanmaq xüsusunda danışmağımızın və çalışmağımızın vaxtıdır».

Qeyd edək ki, bu dövrdə Hacıbəyli islamı isə Azərbaycan türkçülüyü ideyasının tərkib hissəsi kimi görmüşdü. Onun fikrincə, islam və türklük bir-birini tamamlayır. O, buna misal kimi türk millətinin islama və onun peyğəmbərinə olan sevgisini göstərirdi. Onun fikrinə görə, peyğəmbər haqqında qəlbimizdə bəslədyiimiz böyük bir məhəbbət, başqda dinlərdə olanların qibtə edə biləcəyi dərəcədə səmim və həqiqidir. Bu baxımdan Hacıbəyli qeyd edirdi ki, milli ictimai və siyasi bir əqidə yoxdursa da, dini əqidəmiz mətin və möhkəmdir. Hətta, o, 2-ci rus fevral burjua inqilabından sonra islam aləminin birliyinin vaciblyindən yazırdı: «Bu gündən belə amalımız və əfkarımız bu olmalıdır ki, hər bir yerin, şər bir diyarın müsəlmanları bir-birinə var-qüvvələri ilə kömək edib əcnəbi hakimiyyəti altından azad edilsinlər. Ondan sonra əl-ələ verib islam aləmi təhtində birləşsinlər və almanlar kimi güclü bir «müşt-zireh» əmələ gətirib həmişə davaya hazır olsunlar. Aləmi-islamn əzəmət və şövkəti ancaq ittizad və ittifaqə bağlıdır».

Qeyd edək ki, Ü.Hacıbəyli Azərbaycan türkçülüyü ideyasının nəticəsi olaraq istiqlalın əldə edilməsini təbii qarşılamışdı. Azərbaycan Cümhuriyyətinin istiqlalının ildönümü ilə bağlı «Bir yaş» məqaləsində Ü.Hacıbəyli yazır ki, Azərbaycan Türk dövlətinin istiqlalı «türk irqində sağlam bir milliyyət hissi oyatdı, millət nə olduğunu milliyyətini unutmuş türklərə bildirdi: Onlara - sən əvvəl-əvvəl bir türksən dedi və «türkəm» dedirtdi». Onun fikrincə, Azərbaycan Cümhuriyyəti türklüyün ümidgahı, islamın pənahı və dünya mədəniyyətinin daşıyıcısıdır. İslam ölkələri arasında, ilk dəfə Azərbaycan türkləri dinimizin, Quranımızın, peyğəmbərimizin bir olduğunu ortaya qoydu. O, türklərin müstəqil hökumət qura bilməyəcəyi fikrini səsləndirənlərə cavab olaraq isə yazır: «Adamlar var ki, bizim istiqlalımızı istəmirdilər, halbuki bizə düşmən deyil idilər və bu istəməməklikləri düşmənçilik üzündən deyil idi. Fəqət onlar qorxurdular. Qorxurdular ki, biz hökumət etməyə, məmləkət dolandırmağa, dövlət saxlamağa qabil olmayıb da müxtəlif millətli təbəəmizin can və malını mühafizə edə bilməyən məmləkətdə asayiş bərpa edə bilməyək, nizam və qaidə qoya bilməyək, siyasətdə bacarıqsızlıq göstərib xalqın istirahətini pozaq».

Qeyd edək ki, Ü.Hacıbəylidə olan bu milli ruhu inkar edə bilməyən sovet müəllifləri yazırdılar ki, 1920-ci il aprel işğalına qədər Ü.Hacıbəyli marksizmə yiyələnə bilməmiş, «bəzi digər demokratik ziyalılar kimi, müsavatçıların «milli istiqlaliyyət» pərdəsi altında apardıqları hiyləgər millətçilik siyasətinin həqiqi mənasını düzgün başa düşməmişdi. Müsavatçıların hakimiyyəti illərində o, dərin mənəvi böhran keçirir, millətçilik təsiri altında ciddi ideya-siyasi səhvlərə yol verirdi». Sovet müəlliflərinin Ü.Hacıbəylidə «ciddi ideya-siyasi səhvlər» kimi qələmə aldığı məsələlər, əslində onun vətəninə, millətinə, dininə, demokratik dəyərlərə və istiqlalçılığa bağlılığı idi.
Bu xəbər oxucular tərəfindən 1484 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed