Şrift:
MİSKİN ABDAL VƏ BƏDİİ TƏRƏKKÜR (IV yazı)
24.09.2018 [13:14] - Gündəm, DAVAMın yazıları
Miskin Abdalın həyatı haqqında əvvəlki üç yazıda məlumatlar verildi. Bu yazıda isə mütəffəkir alim və şairin yaradıcılığı haqqında nəzəri araşdırmalar, bədii təsvir, ifadə vasitələri haqqında məlumatlar veriləcək.
Dövlətçilik tarixinmizdə xüsusi yeri olan və Səfəvi dövlətinin qurulmasında mübariz ideoloqlardan biri Hüseyn bəy Lələ-Miskin Abdal olmuşdur. Bundan əlavə, bu məfkurəni sona yetirən filosof şair, dahi mütəffəkir Miskin Abdal-Hüseyn bəy Lələ aşıq poeziyasında müstəsna rolu olan bədii təfəkkür məktəbi yaratmışdır. Həmin məktəb aşıq poeziyasında ustad sənətkarlar yetişdirmişdir. Bu məktəbin ucalığında birinci Dirili Aşıq Qurbannini, sonra isə Aşıq Alı zirvəsini görürük.
Aşağıda şeiriyyətimizdə Miskin Abdal tərəfindən əsası qoyulan forma və məzmunca ilkin yaranan şeir növlərini təqdim edirik...

Aşıq yaradılıcılığında ilk təcnis...

EL ATA
(qoşma təcnis)

Yaz olanda büsatıdı dağların,
Ətəyində yer eliyər elata. ----------(elata dağlar yer eləyir-insan hərəkətinin köçürülməsi-metafora ...)
Qarı düşmən qovğa salsa üstünə,
Bata bilməz süvar olsa el ata. -----(elin igidləri atlanıb döyüşə girsə...)

Bir Allahdı ərşi-gürşü yaradan,---(kainatı yaradan-usta,sənətkar ...)
Adı çoxdur, bir adı da Yaradan,---(Allah nəzərdə tutulur: Ad dəyişmə-metonimiya)
Nə yaratsan, Yaradanı yarat, an, --(yarat-xitab, an-düşün)
Qorx ki, sana qara daşı el ata.-----(Allahı unutsan, haqsız iş görsən, el səni daşa basar)

Miskin Abdal, şeytan anma, nər div an, ---(nər-mərd-metonimiya...)
Müxənnəsə tutacaqsan nə divan!----------- (divan-cəza...)
Haqqa doğru sən qoyubsan nərdivan,------(nərdivan-doğru yol...)
Ona görə deyir sənə el: “Ata”.--------------(Ata- (metonimiya) ustad, elin öndəri...)


Təcnis müxəmməs növündə:

BİLMƏRƏM

Ey dost, sənin bağın cənnət, narın üzə bilmərəm,
Ha silkinsəm, dəryan dərin, narın üzə bilmərəm.---------üzmək
Qırxlar piri özü süzüb ayağına atəşi,
Alışıram Səməndərtək, narın üzə bilmərəm. --------------oddan qurtarmaq

Dərviş gərək bu meydanda qurban olsun baş-başa,------ əvəz-əvəzə
Mürşüdündən üzü dönməz, dünya gəlsə baş-başa, ------ qarşıqarşıya
Ayıq olan uzaq olsun, yetsin gərək baş-başa, -------------axıra, sona
Fələk nə vaxt sökər üzüm, narın üzə bilmərəm. ----------üzün qırtışı

Miskin Abdal, eşq əhlisən, ömrün vermə badə hey, -----hədər
Özün haqsan, haqq əlindən götür nuş et bada hey.-------içmək
Məhşər günü tab etməzsən, salxum-salxum bada hey, --təndir, kürə badı
Nə tutmusan özün dərviş, narın üzə bilmərəm. ----------dərdini anlaya bilmərəm

Gəraylı növü:

DÜŞƏRSƏN

Adamsansa, tələ qurma,
Tələyə, fəndə düşərsən.
Üzə durma, ara vurma,
Zülmündən anda düşərsən.

Hər yetənlə olma tanış,
Yazın olar boranlı qış.
Fikir eylə, sonra danış,
Qəfil kəməndə düşərsən.

Miskin Abdal, vəfadar ol,
Ilqarında düz ilqar ol.
Çətin günə şükürdar ol,
Dönüb asanda düşərsən.

Qoşma növü:

DAĞLAR

Məğribdən məşriqə çəkilib durub,
Qüdrətden çatıbdı baş başa dağlar.
Itaət boynuna salıb hemayıl,
Misli pesend, xotkar, xan, paşa dağlar.

Ağ çeşmən sərindən car eler seli,
Yaşıl tirme qurşaq, ədağa beli,
Dağıstan kölgəsi, zabite yeli,
Sərin səfalıdı həmişə dağlar.

Nəs illərdən satın aldın pis günü,
Çağırdın dumanı, tökdün çiskini.
Gözü yaşlı qoydun cüda Miskini,
Eyle gülə-gülə tamaşa dağlar.

Həz. Əlinin şəninə ilk dəfə deyilən aşıq şeir nümunəsi:
YA ƏLI

Ələsti-Rəbbi cəm xitab olanda,
Xub qailəm o adına, ya Əli.
Sənin pənahına iman gətirdim,
Bərqəraram o sevdana, ya Əli.

O “zey”, “fey” adına o nuri səfa,
Yetişsin şəninə hər quli-kəfa,
Varlığın mənası dini-Mustafa,
Sərxeyli-karvanın cüda, ya Əli.

Fəthi şəhri – Zərrin, qatili – Salsal,
Mürşüdi-Cəbrayıl, şahi-beyzaval,
Qəşəmşəm, Qəzənfər, Şiri-Zülcəlal,
Müsəmmasan bir Minada, ya Əli.

Əzrayıl çəngəlin cana çalanda,
Ruhlar pərvaz olub cəsəd qalanda,
Üz xakə döşənib zəlil olanda,
Özün yetiş o fəryada, ya Əli.

Məhşər günü özün tutarsan camı,
Tutmuş ətəyindən nikü-bad, hamı,
Seçmə muxsullardan Miskin Qulamı,
Kərəm et kövsərdən badə, ya Əli.

Ərəb əlifbası(Quran əlifbası olduğu üçün) əsasında ilk dəfə işlədilən sufi-fəlsəfi şeir. Sonralar yaradıcı aşıqlar təkrar etsələr də bu mövzunun fəlsəfəsini bu yüksəklikdə verə bilməmişlər.


ƏLİF-LAM


Təmiz əkilmişəm, pak doğulmuşam,
Atadan-anadan lütfi-halalam.
Dərsimi haqq verib, ağdan almışam,
Dilimdə əzbərdi doxsan min kəlam.

Qafdan qərar tapmış, kafdan kainat,
Isti feylğ-hərfi olmuş əsli-zat,
Veydən bəna tutub, kaf-nunnan nicat,
Yeydən bişərikdi, bişərikdi lam.

Əlifdən əladı, alidən ali,
Cimdən dücahandı, böyük cəlalı,
Mimdən mehribandı məddi-məalı,
Nun–hər vaxt zəmini xəlq edib tamam.

Şin- şükrü sənalar, vav vahid ismə,
Hey -həlim, rey rəhmi acı yel əsmə,
Zey- zəlil bəndədən, sin nəzər kəsmə,
Sat -sahib ixtiyar, mən həqir qulam.

Ocaqzadə bir təb əhli nökərəm,
Küyində qələndər, sinə dəftərəm,
Mimnən Məhəmmədəm, cimnən Cəfərəm,
Ləqəbi çox olan Miskin Abdalam.

“Olmaz” rədifi Miskin Abdaldan sonra yaradıcı aşıqlar tərəfindən öz şeirləri sırasında nəzirə kimi çox işlədilmişdir.

OLMAZ

Sultanın fərmanı, paşa qəzəbi...
Paşam, mürvət eylə, belə kar olmaz.
Üzdü məni bu yolların əzabı,
Paşam, mürvət eylə, belə kar olmaz.

Canım qoydum mürşüdümün yolunda,
Sərdakərdan qalmışam Urum elində,
İslam bada gəlir cəllad əlində,
Paşam, mürvət eylə, belə kar olmaz.

Cüda Miskin çəkər qəmi-möhnəti,
On ikidi Peyğəmbərin züryəti.
Sünnü, şiə Məhəmmədin hümməti,
Paşam, mürvət eylə, belə kar olmaz.

Şah İsmayıl haqqında ilk şeir:


İSMAYILA

Bu tac, bu taxt, qılınc vəfa,
Şıx oğlu Şah İsmayıla.
Xızır Nəbi ol Mustafa,
Olsun pənah İsmayıla.

Haxdan yerə gəlir bir səs,
Bəxdin üzü dönməsin tərs.
Qır qazana düşər nakəs,
Etsə günah İsmayıla.

Abdal telə mizrab vurar,
Gün gələr ki, dastan qurar,
Yerdə Əli kömək durar,
Göydə Allah İsmayıla.

Bu təqdimatda nəzəri məsələlər qısa verilmişdir. Oxucular tərəfindən elmi-nəzəri yanaşmalar da çox maraqlı olardı. Münasibət bildirən hər kəsə əvvəlcədən minnətdalığımı bildirirəm!..

Niftalı Göyçəli
Bu xəbər oxucular tərəfindən 838 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed