Şrift:
Fərəc Quliyev: - Mən inanıram ki, günün birində Təbrizdən gələn əsgərlər də Milli Ordumuzla birlikdə parad keçirəcəklər.
28.09.2018 [13:00] - Xəbərlər, Müsahibə, Siyasi partiyalar, Fərəc Quliyev
“Əli Kərimli və tərəfdaşları bu vaxtadək hansı proqramla çıxış ediblər, hansı məsələyə düzgün münasibət bildiriblər? Yalnız söyüş, təhqirlə “sən o stuldan qalx, mən bu stolda oturum” məsələsini qabardıblar. Ancaq öz şəxsi maraqları və mənafelərini düşünüblər...”.

Bu sözləri AzNews.az-a müsahibəsində Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev dedi.

Onunla olan söhbəti təqdm edirik:


- Cənab Quliyev, Sədri olduğunuz Milli Dirçəliş Hərəkatı partiyasının bugünkü fəaliyəti və prioritet istiqaməti nədən ibarətdir?

- Bəzən siyasi partiyaların fəaliyyətindən danışanda kənardan radikal müxalifət və ya yumşaq müxalifət kimi qiymətləndirmələr olur. Əvvəlcə, buna münasibət bildirmək istəyirəm. Sovet dönəmində biz radiakal fəaliyyət göstərirdik və mən ən radikal qanadda təmsil olunurdum. Radikal adlandırılanlar isə Şimali Azərbaycan Demokratik Partiyası yaratmaqla, “Komsomol”da olmaqla, orada-burada işləməklə məşğul idilər. Amma bu gün bizim dövlətimiz var. Bugünkü dövlətimizdə yalnız qanunlar çərçivəsində və sivil formada hakimiyyətə gəlmək üçün öz alternativ proqramlarını təklif etməlisən. Yəni mübarizə artıq fərqli formada aparılır. Amma indiki radikal boylar hakimiyyəti qoyub dövlətə müxalifçilik edirlər. Məsələyə düzgün yanaşılmır. Ona görə də mən bu məsələdə milli və qeyri-milli müxalifət bölgüsünü təklif edirəm. Çünki milli maraqları əsas götürən müxalifət hansı yolla olur-olsun, yalnız millətin mənafeyini müdafiə edir.

Bizim partiyamızın ən ümdə davranışı nədən ibarətdir? Əgər bir hərəkət və ya fikir milli maraqlara uyğundursa, onun kim tərəfindən deyilməsi və edilməsi əsas deyil, biz onu müdafiə edirik. Bir fikir və ya hərəkət ümummilli mənafeyə ziddirsə, bunun kim tərəfindən edilməsindən asılı olmayaraq, biz onun qarşısındayıq. Yəni bizim müxalifliyimiz problemlərə qarşıdır, insanlara qarşı deyil. Mübarizəmiz təhqirlər üzərində qurulmayıb. İkincisi, digər partiyalar kimi bizim də məqsədimiz öz düşüncələrimizi hakimiyyətə daşımaqdır. Həm də partiyamızın quruluşu başqa partiyalardan fərqlənir. Bizdə deportamentlik institutu var. Bunlar Türk Dünyası, Borçalı, Dərbənd, Qarabağ, Güney Azərbaycan deportamentləridir. Adlarından da göründüyü kimi, biz bu məsələlərin hamısını gündəmdə saxlayırıq. Düşünürük ki, Qərbi Azərbaycandan köçürülən insanlarımız bir gün oraya qayıtmalıdırlar. Azərbaycan bütün itirilmiş ərazilərinə sahib olmalıdır. Azərbaycanın Türk dünyasına inteqrasiyası daha da dərinləşməlidir və s. Əsas prioritetlərimiz bunlardır. Başqa partiyalar kimi biz də təbii ki, sivil yolla hakimiyyətə gəlməkdə maraqlıyıq.

- Vaxtilə eks prezident Əbülfəz Elçibəyin 1-ci müavini olmusunuz, bu şəxsi bir insan, bir preizdent kimi necə xarakterizə edərdiniz?

- Bəzən Azərbaycanda müxtəlif siyasi qanadda olanlar Azərbaycanın taleyinə siyasi partiyaların mövqeyindən yanaşırlar. Bu, doğru deyil. Biz bir ideya ətrafında birləşməliyik. O ideya nədən ibarətdir? Ədalətli status-kvoda bütöv Azərbaycan ideyası var. Müxtəlif ideologiyalar ola bilər və partiyalar bu ideologiyadan çıxış edərək hərə bir yol göstərə bilər. Hesab etmirəm ki, Azərbaycanda vətəninə bağlı olan hər hansı bir insan ölkəsinin bütövlüyünü istəməsin. Bu, mümkün deyil. Aydın məsələdir ki, siyasi rəqabət başqa bir şeydir. Mən bunu niyə xüsusi qeyd edirəm? Hər partiyanın özünün öndəri, liderləri var və biz buna sayğı ilə yanaşmalıyıq, xüsusən də keçmişimizə...

Əbülfəz Elçibəyin Milli Azadlıq Hərəkatındakı rolunu heç kim dana bilməz, eləcə də Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulmasında və sabitliyin təmin olunmasındakı xidmətlərini heç kəs dana bilməz. Həmçinin, bu gün Prezident İlham Əliyevin fəaliyyətində vətənpərvər mövqedən çıxış etməsini, böyük çətinliklərə baxmayaraq, Azərbaycanın milli maraqlarını qurban verməməsini kimsə dana bilməz. Yəni biz hansı siyasi qanadda oluruqsa-olaq, bunlara normal baxmalıyıq, bunlar bizim ortaq tariximizdir. Ona görə də hesab edirəm ki, 1988-ci ilin sonlarında baş verən hadisələrdən sonra Azərbaycanın müstəqilliyə nail olması təsadüfi deyildi. Azərbaycanda buna təkan verən qüvvə Xalq Cəbhəsi hərəkatı idi. Onun da lideri Əbülfəz Elçibəy olub. Biz bunu danmamalıyıq. Əbülfəz bəy öz ziyalılığı, elmi ilə həmişə fərqlənirdi. Onun dövründə xeyli islahatlar da aparıldı. Düzdür, noqsanlar da var idi, amma ən azından Milli Azadlıq Hərəkartının lideri kimi Əbülfəz Elçibəy o zaman əvəzolunmaz şəxs idi.

- İndiki AXCP lideri Əli Kərimli ilə bağlı cəmiyyətdə birmənalı fikirlər yoxdur. Bəziləri hesab edirlər ki, o, Elçibəy ideyalarına naxələf çıxır və ya özünün ayrıca bir siyasi yolu var.

- Bu müqayisənin özü belə doğru deyil, kimi kimlə müqayisə edirik? Əvvəla, Xalq Cəbhəsi adı altında çıxış edəndə bilməlidirlər ki, o təşkilatın prioritet istiqamətləri olub. Özünü Əbülfəz Elçibəyçi adlandıranlar ən azından Turançı, milliyyətçi, bütöv Azərbaycançı olmalıdır. Azərbaycanın Dərbəndini, Borçalısını düşünən olmalıdır. Türk dünyası ilə əlaqələri düşünməlidir və sair və ilaxır. Baxın, bu adam neçə dəfə Türk dünyası, bütöv Azərbaycan haqqında danışıb? Təbriz sözünü dilinə gətiribmi? Adamlar gedib Rusiyada Cərrahiyyə İnstitutunda Rusiya rəhbərlərindən Valodinin tapşırığı ilə “Milli Şura” yaradıb, gəlib Azərbaycanda çevriliş etmək istəyirdilər. Bir imperiyanın əlində oyuncaq olan adamları Elçibəylə müqayisə etmək, adlarını bir arada çəkmək mümkündürmü, təbii ki, mümkün deyil.

Ona görə, hesab edirəm ki, Əbülfəz Elçibəyin yanında olanların hamısı ona sadiq deyildilər. Bir lideri necə öldürmək olar, liderlər ölməzdir, bir liderin ideyasını öldürərlərsə, onun özünü öldürmüş olarlar. Bu gün mövcud olan, Elçibəyin təşkilatının adını zorla özündə saxlayanlar bayaq dediyim məsələlərdən danışmırlarsa, deməli bu ideyaları öldürürlər. Cəmiyyət üçün də birmənalı şəkildə aydındır ki, kim kimdir.

- Əli Kərimli uzun illərdir ki, özünü müxalifət lideri hesab edir və uğursuz fəaliyyətinə baxmayaraq, bu postu tərk eləmək fikrində deyil...

- Axı bu adamlar lider deyillər, onlar kimin lideridirlər? Mitinq keçirməklərinə rəsmi icazə verilir min adam toplaya bilmirlər. Deyirlər ki, təşkilatımızın filan qədər üzvü var, haradadır onlar? Sosial şəbəkədə bir adam 15-20 adla, hətta kişilər qadın adı altında çıxış edərək bir-birini “layk” eləməklə məşğuldurlar. Siyasi fəaliyyət budurmu? Hakimiyyətə müxalif olmaq normal bir şeydir, hakimiyyət də bunu normal qəbul edir. Məslən, mən parlamentdə büdcə müzakirələrindən tutmuş, bütün çıxışlarımda tənqidi fikirlər səsləndirmişəm, təkliflər vermişəm. Bu adamlar bu vaxtadək hansı proqramla çıxış ediblər, hansı məsələyə düzgün münasibət bildiriblər? Yalnız söyüş, təhqirlə “sən o stuldan qalx, mən bu stolda oturum” məsələsini qabardıblar. Ancaq öz şəxsi maraqları və mənafelərini düşünüblər. Bunu vaxtilə öz yanlarında olan ən yaxın partiyadaşları belə etiraf edirlər.

Müxalifət hakimiyyətə müxalif olmalıdır, dövlətə deyil. Ən azından, Türkiyədən örnək götürsünlər. Türkiyədə partiyalar az qala bir-birini qırır. Amma milli məsələ zamanı hamısı bir yumruq kimi birləşir. Biz öz milli maraqlarımızı təkcə hökumətin marağı kimi təqdim etməməliyik. Əgər bu adamalar milli maraqlara da qarşıdılarsa, artıq hakimiyyətə yox, dövlətə qarşı müxalifətçilik edirlər. Dövlətə qarşı müxalifətçilik isə xəyanətdən başqa bir şey deyil.

- Fərəc bəy, sizin hərbi sahədə də geniş təcrübəniz var. Azərbaycan ordusunun bugünkü uğurlarını görürsünüz: hərbi paradlar, sərgilər, xüsusən də Türkiyə Silahlı Qüvvələri ilə birgə təlimlər və s. Bu barədə fikirlərinizi almaq istərdik.

- Bir neçə il əvvəl kim təsəvvür edə bilərdi ki, Azərbaycan və Türkiyə orduları Bakının mərkəzində, Azadlıq Meydanında birgə parad keçirəcək... Mən inanıram ki, günün birində Təbrizdən gələn əsgərlər də Milli Ordumuzla birlikdə parad keçirəcəklər. Bu gün Azərbaycan-Türkiyə münasibətlərini qısqananlar, gözdən salmağa çalışanlar var. Bütün bunlara baxmayaraq, Türkiyə Silahlı Qüvvələri ilə həmrəy davranışlar, müştərək hərbi sənaye komplekslərinin yaradılamsı, Azərbaycan Ordusunun güvənli bir qardaş ölkə ilə bir olması bizi qürurlandırır. Təbii ki, Azərbaycan Ordusu təkbaşına, öz imkanları hesbına xeyli inkişaf yolu keçib. Əvvəllər sərgilərə silah almaq üçün çıxırdıqsa, indi silah satmaq üçün çıxırıq. Yüzlərlə silah növü, sursat və hərbi texnikalar Azərbaycan tərəfindən təqdim olunur. Silah satışından böyük miqdarda vəsait qazana bilirik. Bütün bunlar çox böyük irəliləyişdir.

Bu gün Azadlıq Meydanında Azərbaycan əsgəri öz istehsal elədiyi hərbi maşında, əlində “İstiqlal” silahı, öz bayrağı altında keçirsə, İrəvanda ermənilər rus bayrağı altında, rus maşını və rus silahı ilə parad keçirirlər. Bizim ordumuz 2016-cı ilin aprel savaşlarında öz gücünü sübut elədi. Göstərdi ki, Azərbaycan Ordusu bir neçə günə işğal olunmuş ərazilərini azad edə bilər. Amma mən açıq deyirəm, bu məsələdə Rusiya bizə mane olur. Düşünürəm ki, yaxın zamanda bu məsələ də həllini tapacaq.

- Vaxtilə “Yeni Dirçəliş” qəzetinin nəzdində “Təbiz qəzeti çıxarmısınız. O zaman Güney Azərbaycanın problemlərini xüsusi diqqətdə saxlayırdınız. Bəs bu gün oradakı soydaşlarımızla, onların problemləri ilə bağlı düşüncələriniz nədir?

- Biz o vaxt “Təbriz” qəzetini müstəqil şəkildə buraxmaq istəyirdik, amma mümkün olmadı. Ona görə də məcbur olub bunu “Yeni Dirçəliş” qəzetinin içərisində etdik. Əsas məqsədimiz bu qəzeti müxtəlif üsullardan istifadə etməklə Güney Azərbaycanda yaymaq idi. Amalımız da Güney Azərbaycanın problemlərinə sahib çıxmaq idi. Hesab etmirəm ki, bir millətin yarımçıq milli azadlıq hərəkatı ola bilər. Yəni Güney və ya Quzey Milli Azadlıq Hərəkatı deyə, bir şey yoxdur. Bütöv Azərbaycan Milli Azadlıq hərəkatı var və onun bir hissəsi Quzey Azərbaycanda nailiyyət əldə edib. Güney Azərbaycanda isə bu proses davam edir. Ona görə də insanlarımız ruhən bölünməli deyillər. Biz dünyanın harasında olursa-olaq, Güneydə gedən proseslərə də azı mənəvi cəhətdən dəstək veməliyik. İran bu gün qeyri-rəsmi də olsa hər cür vasitə ilə Azərbaycana təsir göstərməyə çalışır. Açıq şəkildə Ermənistana dəstək olur, silah-sursat verir. İran həmçinin Azərbaycan daxilində radikal qanadların dirçəlməsində maraqlıdır. Amma bizim məqsədimiz mehriban qonşuluq siyasəti aparmaqdır. Bunula belə, biz oradakı insanlarımıza da sahib çıxmalıyıq. Düzdür, lazımi dəstəyi göstəririk, amma ən böyük məsuliyyət soydaşlarımızın öz üzərinə düşür. Çünki onlar baş verən məsələləri və nə etməli olduqlarını daha yaxşı bilirlər.

- Bir az da yaradıcılığınızdan danışaq. Bir neçə kitabınız və elmi məqaləniz var. Bu istiqamətdə fəaliyyətiniz davam edirmi?

- Bəli, bir neçə kitabım çap olunub. Hətta ABŞ-da ingilis dilində və Türkiyədə çap olunan “Yeni dünya düzənində Azərbaycanın yeri və rolu” kitabı ilə bağlı Kandalize Raysdan mənə xüsusi rəy də gəlmişdi. Bu, ən çox sevilən kitablarımdan biridir. Hazırda daha 3 kitabım çapa hazırlanır, amma onlar üzərində hələ də işləyirəm. Bunlardan “21-ci əsrdə Azərbaycan siyasətinin əsasları” adlı kitabın mütləq çap olunmasına ciddi ehtiyac duyuram. Təbii ki, günlük olaraq da müəyyən yazılar, məqalələr yazıram.

- Bildiyimizə görə, Sambo üzrə idman ustası olmusunuz. Hazırda idmanla hansısa formada məşğul olursunuzmu?

- Artıq qocalmışam. Əlbəttə, əvvəllər sambo ilə məşğul idim, göstəricilərim olub. İndi də elə bir gün olmur ki, həmin gün idmanla məşğul olmayım. Yüngülvari də olsa ev şəraitində idman edirəm. Başqa formada, yəni professional şəkildə idmanla məşğul olmaq artıq mümkün deyil. Həm zaman yoxdur, həm də yaş buna imkan vermir.

Elgün MƏNSİMOV
AzNews.az
Bu xəbər oxucular tərəfindən 1433 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed