Şrift:
“Türk-İslam dünyasının bir parçası olan Azərbaycanı öz təsirlərində saxlamağa çalışırlar” – Bahar Muradova (MÜSAHİBƏ)
04.10.2018 [11:01] - Xəbərlər, Müsahibə
Turkustan.info Azərbaycan Parlamentinin 100 illik yubileyi ilə bağlı Milli Məclis sədrinin müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Bahar Muradovanın “Xalq qəzeti”nə müsahibəsini təqdim edir.
– Bahar xanım, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə həm də müsəlman Şərqində ilk parlamentin əsası qoyuldu. Bu möhtəşəm tarixi hadisə 100 il sonra – sentyabrın 21-də müasir parlamentdə qeyd olundu. Dövlət başçısı, çoxsaylı parlament rəhbəri və təmsilçiləri, xarici qonaqlar bu möhtəşəm iclasda iştirak etdilər. Bir əsrlik fəaliyyətin və yubileyin əhəmiyyətini necə dəyərləndirərdiniz?
– AXC-nin Azərbaycan dövlətçiliyi tarixində və Azərbaycan xalqının taleyində möhtəşəm yeri və rolu vardır. Cəmi 23 ay yaşamasına baxmayaraq, AXC sübut etdi ki, Azərbaycan xalqı müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini sübut etməyə qadirdir. Hesab edirəm ki, AXC-nin yaranmasının ən böyük tarixi əhəmiyyəti məhz budur. Ötən 100 il ərzində Azərbaycan parlamentinin müxtəlif siyasi şəraitlərdə, fərqli ideoloji mühitlərdə fəaliyyət göstərməsinə baxmayaraq, sonda bütün mürtəce buxovlardan qurtularaq, müstəqil qanunverici orqan kimi həyata vəsiqə alması Azərbaycan xalqının azad ruhundan doğan məntiqi nəticədir. Xalqımız 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra parlament AXC ideyalarını davam etdirərək bu tarixi varislik missiyasını öz üzərinə götürmüş və ulu öndər Heydər Əliyevin hakimiyyətə dönüşündən sonra isə bu proses yeni keyfiyyətdə, mütərəqqi ideyalar əsasında inkişaf etməyə başlamışdır.
Ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə 2018-ci ilin ölkəmizdə “Cümhuriyyət ili” elan edilməsi və onun yubiley mərasimində söylədiyi nitqin məzmunu və qayəsi müstəqillik, azadlıq, demokratiya və milli-mənəvi dəyərlər baxımından cümhuriyyət ideyalarına sadiqliyin yüksək səviyyədə ifadəsidir.
Sizin sualınıza gəlincə isə, deyə bilərəm ki, Azərbaycan Xalq Cümhuriyyətinin əhəmiyyətini bir müsahibə çərçivəsində araşdırmaq çox çətindir.
Lakin bu gün geriyə yüz il öncəyə boylanarkən ictimai-siyasi şərait, Azərbaycan parlamentini elan etməyi şərtləndirən əsas səbəblər, mövcud tarixi-geosiyasi mühit üçün həm çətinliyin, həm də imkanların olduğunu görürük. Çox təəssüf ki, biz də qarışıq, o zaman, öz müstəqilliyini elan etmiş, oxşar arealda dövlət quran xalqların çoxu ilə eyni taleyi yaşadıq. Üstünlüyümüz onda oldu ki, biz bunu daha çox bağlı olduğumuz müsəlman Şərqində, İslam və türk dünyasında hamıdan əvvəl bəyan etdik. Bu gün Azərbaycan dövləti, parlamenti, onun keçdiyi yol, əldə etdiyi nəticələr haqqında danışanların Şərq və yaxud Qərb dünyasına aidliyindən asılı olmayaraq, ilk vurğuladıqları məqam məhz budur: Azərbaycan ilk olaraq demokratik cümhuriyyət quruculuğuna başlayıb, dövlət atributlarını formalaşdırıb, parlamentini yaradıb və insanlar arasında minillərlə mövcud olmuş bərabərsizliyi aradan qaldırıb. İrqindən, mənsub olduğu təbəqədən, cinsindən, dini və siyasi dünyagörüşündən asılı olmayaraq, hamıya bərabər hüquq verib və seçmək, seçilmək hüququnu tanıyıb. Düşünürəm ki, bu, qurucu babalarımızın, cümhuriyyət liderlərinin, milli ziyalılarımızın çox çətin bir tarixi-siyasi şəraitdə öz üzərinə çox böyük bir missiya götürməsinin nəticəsidir. O zaman bu ideyalar elan olundu, lakin təəssüf ki, həmin prosesi sona çatdırmaq Cümhuriyyət qurucularına müyəssər olmadı. Həm kənardan, həm də daxildən Azərbaycanın müstəqilliyinə qarşı qurulmuş planlar bunun qarşısını aldı. İmperiya niyyətlərini həyata keçirmək istəyən qüvvələrin təzyiqləri qarşısında kifayət qədər müqavimət potensialı olmayan Azərbaycan Xalq Cümhuriyyəti duruş gətirə bilməyərək süquta uğradı. Bununla da, parlamentimiz də fəaliyyətini dayandırmağa məcbur oldu. Tarixdən bəllidir ki, o dövrdə cümhuriyyət qurucularının hakimiyyətdən getməsi müəyyən şərtlər altında olmalı idi və bu barədə müvafiq razılıq da əldə olunmuşdu. Amma bu danışıqların heç birinə əməl edilmədi və əvəzində sovet hakimiyyətinin qəsbkar fəaliyyəti nəticəsində bu qürurverici tarixin insanların yaddaşından silinməsi istiqamətində kəskin addımlar atıldı. Amma zaman hər şeyi öz yerinə qoyur. Yüz il keçəndən sonra cümhuriyyət qurucularının bizim üçün qoyduğu əmanətlərdən, yaratdığı ənənələrdən danışırıq. Onların fədakarlığının, qəhrəmanlığının nəticəsi olan və müstəqilliyini yenidən bərpa etmiş, demokratik dəyərlərinə sadiq olan, öz müstəqil siyasəti ilə seçilən Azərbaycandan danışırıq.
– Demokratiyanın beşiyi sayılan əksər Avropa ölkələrində bizdən sonra qadınlara seçki hüququ verilib. Məlumdur ki, 100 il öncə AXC hökuməti qadınlara seçmək-seçilmək hüququ vermişdi. Amma bəzi xarici qüvvələr Azərbaycanın bu şərəfli keçmişini sanki görməzdən gələrək, ölkəmizə qarşı qara-piar kampaniyası aparırlar ? Bütün bunların səbəblərini əsasən nədə görürsünüz?
– Azərbaycan elə bir geosiyasi, geostrateji imkanlara malikdir ki, hər bir nöqtədən baxanda ölkəmiz müxtəlif maraq dairələrini cəlb edir. Təbii ki, ayrı-ayrı güc mərkəzləri və onların münasibətləri, apardığı siyasət nəticəsində dünya nizamı dəyişə bilir. Həmin o beynəlxalq güclər çox zaman, bunu demokrartiya adına layihələrlə pərdələməklə öz maraqlarını irəli sürürlər və məqsədlərini reallaşdırmaq üçün də hər addıma gedirlər. Bunu 100 il öncəki tariximiz də sübut edir. Müsəlman Şərqini, türk dünyasını daim öz təsiri altında saxlamaq istəyən qüvvələrin marağında deyildi ki, Cənubi Qafqaz regionunda özünün inkişaf resursları, təbii sərvətləri, öz taleyinin sahibi və müstəqil iradəsi olan bir dövlət yaransın. Bu dünyanın yenidən bölüşdürüldüyü bir vaxtda, imperiya niyyətlərini reallaşdırmaq istəyən qüvvələrin marağında deyildi. Təəssüflər olsun ki, həmin proses indi də davam edir. Üzərindən 100 illik bir zaman ötsə də bu regionda öz xalqının iradəsinə uyğun, bərabərhüquqlu, qarşılıqlı tərəfdaşlığa əsaslanan münasibətlər quran bir xalqın, ərazicə o qədər də böyük olmayan, müstəqil siyasət yeridən bir dövlətin varlığı rahat qəbul edilmir.
Tarix yeni dönəm üçün, yeni çalarlarla, yenidən təkrarlanmaqdadır. Amma bizim üçün müsbət məqam ondan ibarətdir ki, biz əvvəlki dönəmlərdə olduğu kimi zəif deyilik. Xalqın iradəsi də çox möhkəmdir. Onun içindən çıxan, istək və arzularını ifadə edən, bu istəkləri real əmələ çevirən liderlərimiz vardır. Ona görə də biz bu gün Azərbaycan dövlətinin uğurlarını görürük və həmin dairələr də bu uğurları qəbul etmək istəmirlər.
Bilirsiniz, tarixən və günümüzdə baş verən hadisələri təhlil edərək, ümumiyyətlə, belə bir nəticəyə gəlmişəm ki, bu dairələr Türk-İslam dünyasının bir parçası olan Azərbaycan kimi dövlətləri öz təsəvvürlərindəki çərçivələrə salmaq istəklərini reallaşdırmağa çalışırlar. Məsələn, deyək ki, bizim ölkədə səfərdə olan bəzi əcnəbilər Azərbaycanın gözəlliyinə, abadlığına və təmizliyinə qeyri-adi bir şəkildə heyrətlənirlər. Mənim qənaətimə görə isə onlar sanki öz təsəvvürlərindəkini deyil, fərqli Azərbaycanı görərək təəccüblənirlər. Kimin necə və hansı hisslərdən doğaraq dəyərləndirməsindən asılı olmayaraq, biz ölkəmizin müasir standartlara uyğun şəkildə inkişaf etdirmək üçün mümkün olan hər şeyi edəcəyik. Cənab Prezidentin təbirincə desək biz demokratik inkişaf yolunu özümüzü kiməsə göstərmək üçün deyil, sadəcə, bu dəyərlərə sahib olan bir millət olduğumuz üçün seçmişik. Biz yoxdan bir demokratik cümhuriyyət qurmuş babalarımızın varisi olaraq, bu yola hər zaman sadiq qalacağıq. Ona görə də əminəm ki, getdikcə biz bu rəylərin dəyişməsinin şahidi olacağıq. Amma düşünmürəm ki, bu qüvvələrin görməzlikdən gəlmək istədikləri hallar bitəcək. İnkişafımız, milli iradəmiz olduqca, bu kimi kampaniyaların zühur etmə ehtimalı mümkündür. Çünki bu gün bir çoxlarına az tanış olan deyil, artıq hamının daha yaxşı tanıdığı bir Azərbaycan vardır.

– Azərbaycan parlamentinin hazırkı beynəlxalq əlaqələri barədə fikriniz önəmlidir. Siz, həm də ATƏT Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin rəhbərisiniz. Bu sahədəki zəngin təcrübəniz sizə nə deyir?
– Mən sizə deyim ki, Azərbaycan siyasi və iqtisadi cəhətdən təcrid şəraitində olduğu vaxtdan keçən qısa müddət ərzində çox böyük inkişaf yolu keçmişdir. Bu, ölkədaxili istiqamətlərdə özünü konkret şəkildə göstərir. Bu vəziyyət bizim daxili siyasətimizə də təsir edirdi. Çox qısa müddətdə biz bu maneəni yara bildik və dünya ictimaiyyətinə Azərbaycanın təkcə bu regionun lider dövləti deyil, dünya ölkələri və xalqları üçün çox ciddi bir tərəfdaş ölkə olduğunu sübut etdik. Bu, bizim xarici siyasətimizdə öz əksini tapmışdır. Rəsmi diplomatiya, nümayəndəliklər, səfirliklərlə bərabər parlamentimiz də bu işə öz töhfəsini verir və ikitərəfli əlaqələrimizin inkişafını dostluq qrupları vasitəsilə davam etdirir.
Beynəlxalq təşkilatlar səviyyəsində təmsilçilik Azərbaycan üçün çox əhəmiyyətlidir. Biz mövqeyimizi ortaya qoymaq, töhfəmizi vermək baxımından israrlıyıq. Bilirsiniz ki, bütün beynəlxalq parlament assambleyalarında bizim daimi fəaliyyət göstərən nümayəndə heyətlərimiz var. Burada məqsədli, davamlı və məntiqi ardıcıllığa söykənən fəaliyyət qurulur. Biz beynəlxalq təşkilatların işinin qurulmasında bərabərhüquqlu üzv kimi yaxından iştirak edirik, bütün dünya xalqlarının qarşısına çıxan çağırışların, təhdidlərin nəzərə alınması üçün səylərin birləşdirilməsində maraqlıyıq. Azərbaycanın əldə etdiyi nailiyyətlərin təqdimatını edirik, xüsusilə, Dağlıq Qarabağ münaqişəsinin hələ də həll olunmamasını dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların diqqətinə çatdırırıq.
Əvvəlki onilliklərdən fərqli olaraq hazırda beynəlxalq arenada ölkələrin ərazi bütövlüyünü, suverenliyini qorumağın vacibliyini dəstəkləyən səslər artmaqdadır. Bu cəhətdən tək deyilik, səsimizi daha geniş siyasi arenada eşidirlər. Artıq hər kəs Azərbaycanın birmənalı mövqeyini anlayır. Bu baxımdan, Azərbaycan parlamentinin fəaliyyəti xarici siyasətimizdə mühüm yer tutur. 80-dən artıq ölkə ilə əlaqədar dostluq qrupları fəaliyyət göstərir. Qarşılıqlı səfərlər, tədbirlər, əməkdaşlıq zəminində əlaqələr ümumi mövqelərimizi gücləndirir.
Onu da qeyd edim ki, 44 ölkənin iştirak etdiyi yubiley iclasında 37 ölkənin nümayəndəsi çıxış etdi. Bu tədbirdə 14 spiker, 20 ölkənin vitse-spikeri, 9 beynəlxalq təşkilatın nümayəndəsi, digər ölkələrin dostluq qruplarının rəhbərləri iştirak edirdilər. Dünyada mövcud olan dövlətlərin dörddəbirinin iştirakı ilə parlamentdə möhtəşəm yubiley iclası gerçəkləşdi. Bu, həm də bir göstəricidir. Azərbaycanın və onun parlamentinin bu gün dünyada yerinin və rolunun göstəricisidir.
İngiltərə və Türkiyə nümayəndələri bu yubileyə münasibətdə eyni sözləri söyləyirdilər. İndoneziya, Bolqarıstan, ərəb ölkələrinin təmsilçiləri həmfikir olaraq, Azərbaycanın dünyaya açıq və demokratik, insanlar üçün azad və bərabər şərait, gözəl rifah yaradan bir ölkə kimi tanıdıqlarını qeyd edirdilər. Bunun açıq şəkildə onlar tərəfindən söylənilməsi ölkəmizin əldə etdiyi nailiyyətlərin nəticəsidir. Əlbəttə ki, bundan narahatlıq keçirənlər də var, lakin bunu dünya parlamentarizminin tarixi nailiyyətləri kimi qəbul edən mütərəqqi qüvvələr də var ki, onlar bu gün bizimlə bir sırada dayanırlar. Parlamentlərarası əlaqələr sahəsində əldə olunan nəticələr çox böyük əhəmiyyət kəsb edir. Parlament diplomatiyası heç də rəsmi dövlətin apardığı diplomatiyadan geri qalmır, hətta bir çox məsələlərdə bu siyasətin formalaşmasına töhfə verir.
Azərbaycan parlamenti uşaqdan tutmuş böyüyə qədər cəmiyyətin bütün təbəqələrinin daha çox üz tutduğu, daha çox tədbirlərində iştirak etdiyi, daha çox insanların inkişafına yönələn, onların istək və arzularının nəinki bəyan edildiyi, həm də qanunlarda əksini tapmasına və reallaşmasına, təmsilçilik, qanunvericilik və nəzarət funksiyaları vasitəsilə təsir göstərmək imkanlarına malik bir qurumdur. Azərbaycan parlamenti keçdiyi 100 il ərzində xalqın, cəmiyyətin təmsilçisi olaraq öz fəaliyyətini daha yüksək səviyyədə reallaşdıraraq dövlətimizin sütunlarından biri kimi öz missiyasını yerinə yetirməkdədir.
Yeri gəlmişkən, onu da qeyd edim ki, bu il Azərbaycan Prezidentinin sərəncamı ilə AXC ili elan olunması cəmiyyətimizdə böyük sevinclə qarşılandı. Azərbaycan Xalq Cümhuriyyəti və parlamentarizm ənənələrinin keçdiyi yolla bağlı Milli Məclis olaraq çoxsaylı dinləmələr, konfranslar keçirmişik. “Azərbaycanın parlamentarizm tarixi” adlı ikicildlik kitab üzərində işimizi xüsusi qeyd etmək istəyirəm. Ta qədimdən 1991-ci ilə qədər olan dövrü əhatə edən I cild artıq çap olunub, 1991-2018-ci illəri əhatə edən II cild üzərində isə iş davam edir.
Zirvə tədbirimiz yubiley iclası idi. Bilirsiniz ki, bu gün parlamentin binası da yüksək standartlara cavab verir. Burada işləmək, qonaqları qəbul etmək, iclaslar, toplantılar təşkil etmək üçün hər cür şərait yaradılıb. Bütün bunlar Bakıya gələn xarici rəsmi qonaqların diqqətini cəlb edir. Bu dəfə gələn qonaqlar da Parlament binasının möhtəşəmliyini xüsusi qeyd etdilər. Tədbirin təşkilatçılığı bütün qonaqların ürəyincə oldu. Dönə-dönə bütün işimizi yüksək qiymətləndirdilər. Hər şey müqayisədə ortaya çıxır. Mən heç də digər ölkələrin müstəqillik istək və arzularını, parlamentarizm ənənələrinin və əldə etdiyi nailiyyətləri kölgə altına almaq niyyətində deyiləm. Sadəcə, bu regionda və hətta daha geniş arealda əla bir yubiley təşkil edə bildik. Təkcə təşkilatçılıqdan söhbət getmir, həm də məzmun maraqlıdır. Burada edilən çıxışlar, səslənən fikirlər bizə, parlament diplomatiyasına verilən dəyər və digər göstəricilərlə bağlı aldığımız yüksək qiymət işimizin öhdəsindən gəldiyimizə bizi ­inandırır.
Əlbəttə ki, möhtərəm cənab Prezidentimiz İlham Əliyevin bu iclasda iştirakı ən yaddaqalan məqamlardan biridir. Onun AXC qurucularının demokratik cümhuriyyət, onun parlamentinin qurulması və gördüyü işlər barəsində, xüsusilə, Milli Məclisin, bütövlükdə, müasir dövr Azərbaycan dövlətinin qarşısında dayanan vəzifələrin yerinə yetirilməsinə, parlament diplomatiyası vasitəsilə Azərbaycanın maraqlarını qorumaq işinə verdiyi töhfələr haqqında fikirləri xüsusilə qiymətlidir.
Respublikamızın çətin dönəmlərində Heydər Əliyevin xalqımızla birlikdə həyata keçirdiyi tarixi xilaskarlıq missiyası, Azərbaycan dövlətinin və parlamentinin rəhbəri kimi müstəqilliyin qorunması və Azərbaycanın dünya miqyasında öz iradəsinin və taleyinin sahibi olan bir dövlətə çevrilməsindəki roluna, eləcə də özünün davamçısı olduğu Heydər Əliyev yolunun bu gün Azərbaycanı yüksək inkişaf tempinə malik, demokratik, vətəndaş cəmiyyəti quruculuğu ilə inamla irəliləyən bir məmləkətə çevirən siyasət olduğuna dair həqiqətləri parlamentin tribunasından iştirakçılara və bütün dünyaya bəyan etdi.
– Müstəqillik dövründə Azərbaycan parlamentinin qəbul etdiyi qanunvericilik aktları və dövlətimizin beynəlxalq aləmə inteqrasiyasında bu qanunların əhəmiyyəti barədə fikirlərinizi də eşitmək maraqlı olardı.
– Bildiyimiz kimi, müstəqilliyin bərpasından sonra bu məsələ parlamentin qarşısında daha kəskin şəkildə dayanırdı. Çünki o zaman yeni bir sistem formalaşırdı. Həyatımzın bütün sahələrini əhatə edən qanunlar yenidən hazırlanmalı, yenidən qəbul edilməli idi. Xüsusilə, müstəqilliyin ilk illərində, yəni 90-cı illərdə parlament çox gərgin işlədi. Nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələr quruldu, bir çox beynəlxalq konvensiyalara qoşulduq. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın əsas qanunu olan Konstitusiyanın qəbulu uğurla həyata keçirildi. Bundan sonra qanunlarımız bu Konstitusiyaya və beynəlxalq konvensiyalara uyğunlaşmalı idi, eyni zamanda, müasir dövrdə əldə etdiyimiz nailiyyətləri, həyatımızın günbəgün diktə etdiyi sosial sifarişləri nəzərə almalı idi. Bu dönəmdə bütün istiqamətlərdə əsas çərçivə qanunlar qəbul olundu.
Götürdüyümüz öhdəliklərimizə uyğun şəkildə üzərimizə düşən vəzifələrin yerinə yetirilməsi istiqamətində önəmli addımlar atıldı. Bu gün qətiyyətlə söyləmək olar ki, əsas bünövrə, yəni bu günümüz üçün əldə etdiyimiz nailiyyətləri, ictimai-siyasi münasibətləri tənzimləyən qanunverici əsaslar tam formalaşmışdır. Lakin zamanla hər şey dəyişir, inkişaf edir və əlbəttə ki, həyat öz diktəsini edir. Biz yeni-yeni beynəlxalq sənədlər imzalayırıq. Ayrı-ayrı ölkələrlə ikitərəfli əsasda müqavilələri parlamentdə ratifikasiya edirik. Bununla bağlı müəyyən öhdəliklərimiz var ki, biz bunu zaman-zaman qanunlarda dəyişikliklər və əlavələr nəticəsində nəzərə almalıyıq. Bu gün Azərbaycan parlamenti məhz bu istiqamətdə fəaliyyətini davam etdirir. Demək olar ki, parlamentin həm də ikitərəfli və çoxtərəfli əlaqələrinin hüquqi bazasının formalaşması üçün bu prosesin çox böyük əhəmiyyəti vardır. Cəmiyyətimiz inkişaf etdikcə, iqtisadiyyatımız gücləndikcə və yeni münasibətlər meydana çıxdıqca, biz də milli qanunvericiliyimizin daha da mükəmməl səviyyəyə qaldırılması üçün səylər göstəririk.
Bu gün ölkəmizdə struktur və iqtisadi islahatlar çox çevik şəkildə həyata keçirilir. Son illərdə Azərbaycanın inkişafının əsas bir xarakterik xüsusiyyəti var: dinamiklik! Azərbaycan qanunları da bu dinamikanı sürətlə tənzimləməlidir. O dəyişiklik mütləq qanun yaradıcılığında əksini tapmalıdır. Düşünürəm ki, biz hökumətin səyləri və əldə etdiyi nailiyyətlərlə qanun yaradıcılğı prosesini ahəngdarlıqla uzlaşdıra bilirik. Bu gün Azərbaycan parlamenti hakimiyyətin müstəqil qanadlarından biri omaqla yanaşı, ali qanunvericilik orqanı kimi həm də vahid dövlət siyasətinin birgə aparılmasında öz mühüm rolunu oynamaqdadır.

Müsahibəni qələmə aldı:
Anar TURAN,
“Xalq qəzeti”
Bu xəbər oxucular tərəfindən 999 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed