Şrift:
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ölkələri Azərbaycana 12 milyard dollardan artıq sərmayə yatırıb
06.10.2018 [10:23] - Xəbərlər, Türk dünyası-Turan
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) ölkələri Azərbaycana 12 milyard dollardan artıq sərmayə yatırıb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amreyev ilə görüşündə deyib.

Nazir Şahin Mustafayev yeni vəzifəyə təyin edilməsi münasibətilə Bağdad Amreyevi təbrik edib, fəaliyyətinin türkdilli ölkələr arasında əməkdaşlığın daha da genişləndirilməsinə töhfə verəcəyinə əminliyini vurğulayıb. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev türkdilli ölkələrlə əlaqələrin inkişafına böyük önəm verir.

Türkdilli ölkələr arasında iqtisadi münasibətlər inkişaf edir, ticarət əlaqələri genişlənir. 2017-ci ildə Azərbaycanın TDƏŞ ölkələri ilə ticarət dövriyyəsi 11,4 faiz, 2018-ci ilin 8 ayı üzrə isə 16 faiz artıb. İnvestisiya sahəsində qarşılıqlı səmərəli əməkdaşlıq həyata keçirilir. Azərbaycan TDƏŞ ölkələrinə 14 milyard ABŞ dollarından çox, TDƏŞ ölkələri isə Azərbaycan iqtisadiyyatına 12 milyard dollardan artıq sərmayə yatırıb. Nazir Şahin Mustafayev Azərbaycanın türkdilli dövlətlərin tədbirlərində fəal iştirak etdiyini və ölkəmizin bundan sonra da iqtisadi əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini qeyd edib, TDƏŞ-ə üzv ölkələr arasında ticarət, nəqliyyat-tranzit, turizm, İKT və s. sahələrdə də əlaqələrin genişləndirilməsi üçün böyük imkanların olduğunu diqqətə çatdırıb.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amreyev qurumun bütün istiqamətlərdə, eləcə də iqtisadi sahədə üzv ölkələr arasında əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. Bağdad Amreyev iqtisadiyyat nazirlərinin növbəti görüşünün Qırğızıstanda keçiriləcəyini qeyd edərək, bu tədbirin türkdilli ölkələr arasında əlaqələrin inkişafında əhəmiyyətini vurğulayıb, iclasda türkdilli ölkələr arasında əməkdaşlığın genişləndirilməsi üçün qarşılıqlı maraq kəsb edən məsələlərin müzakirə ediləcəyini bildirib.
Bu xəbər oxucular tərəfindən 507 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed