Şrift:
Dünyanın ən insaflı 6 oğrusu - 5 əcnəbi və bir analoqu olmayan azərbaycanlı
15.10.2018 [10:17] - DAVAMın yazıları
Oğru və oğurluq anlayışı dünya yaranan gündən olub və olacaq da. Oğurluğun səbəbləri haqqında bir çox məqamlar önə çəkilir: Bəziləri deyir ki, imkansızlıqdan, digərlərinin fikrincə qisas məqsədilə, bir çoxlarının sözlərinə görə isə oğurluq genetik bir şeydir. Qanında varsa, axıra qədər də bu adam oğru olacaq.

Oğurluq bizim folklorumuzda da geniş işıqlandırılıb. Atalarımızın nə qədər desəniz oğurluqla bağlı atalar sözləri var:

Qıfıl oğru üçün deyil.

Oğurluq kişi işi deyil.

İşini möhkəm tut, qonşunu oğru tutma.

Oğru oğrunu tanıyar.

Oğru öz yatağında ölməz.

Oğru necə bağırdısa, doğrunun bağrı çatladı və s...

Müasir dünyamızda da oğurluqla bağlı el deyimləri formalaşıb. Birinin evi yarılanda qonşular mütləq iki versiya irəli sürürlər:

1. Oğru kimdirsə, tanıyan adamdır, yəni evin içini bilən biridir.

2. Polis istəsə, 2 dəqiqəyə oğrunu tapar.

Müasir dövrdə "oğru dünyası" deyilən anlayış da var ki, bu ayrı bir məsələnin mövzusudur.

Bütün dinlərdə də oğurluq pis əməl kimi qiymətləndirilir.

Oğurluqla bağlı ən gözəl fikirlərdən birinin müəllifi əfqan əsilli ABŞ yazıçısı Xalid Hüseyni özünün "Çərpələng uçuran" əsərində bunları qeyd edir:

"Bax, molla nə öyrədir öyrətsin, dünyada sadəcə bir günah var, bircə dənə. Bu da oğurluqdur. Bütün başqa günahlar oğurluğun müxtəlif formalarıdır:

Sən adam öldürəndə, onun həyatını oğurlayırsan. Arvadının ərli, uşaqlarının isə atalı yaşamaq haqqını oğurlayırsan. Yalan deyəndə başqasının həqiqət haqqını oğurlayırsan. Kələk gələndə, başqasının ədalət haqqını oğurlayırsan."
Bu dəfə sizə dünyanın ən maraqlı 6 oğrusu haqqında olan həssas faktları təqdim edirik. Bunlar dünyanın ən insaflı oğruları sayılırlar.

1. İsveç universitetinin professorunun "notebook"-nu oğurlayan şəxs, onun içindəki materialları "flash card"-a köçürərək, professora yollayıb. Professor bu oğurluğu aşkarlayandan sonra dəhşətə gəlmişdi, çünki həmin "notebook"-da onun 10 illik əməyi var idi.

2. Kanadada Jamie Mc`Leratın kamerası onun şəxsi avtomobilindən oğurlanmışdır. Oğru kamera sahibinin ölümcül xəstə olduğunu öyrəndikdən sonra dərhal onu qaytarmağa qərar verir. Xərçəng xəstəsi olan Jamie kamerada uşaqlarının şəkil və videolarını saxlayırdı. Oğru kamera sahibinin üzücü hekayəsini radio vasitəsilə öyrənmişdi.

3. İspaniyada 2011-ci ilin oktyabr ayında oğru maşından 2 mobil telefon və pulqabını götürür. Telefonların birini açıb baxanda, videoların içində uşaq pornoqrafiyası ilə bağlı lentlər görür və bu onu o qədər iyrəndirir ki, həmin telefonu da götürüb, polisə təslim olur. Onun bu köməkliyi ilə, uşaqlara zorakılıq tətbiq edən 46 yaşlı kişi tutulur. Telefon oğrrusuna isə cəmi bir ay həbs cəzası və kiçik cərimə tətbiq edilib.

4. Almaniyada, daha dəqiq Aşağı Saksoniyadakı evlərdən birinə silahlı oğru girir. Evin dayəsinə silahla təhdid etdiyi vaxt, evdəki uşaqlar yığdıqları pulları ona gətirirlər ki, dayələrini vurmasın. Oğru bu hadisədən o qədər təsirlənir ki, evdən heç bir şey götürmədən çıxıb gedir.

5. ABŞ-da Hyustonda gənc ailə balıq ovuna gedirlər. Cütlük hava sərin olduğu üçün uşağı maşında saxlamağa qərar verirlər. Elə bu anda avtomobilin açıq olduğunu görən oğru maşına soxulur. Maşını bir müddət idarə edən oğru avtomobildə körpənin olduğunu görür və avtomobili geri sahibinə qaytarır.

Sonuncu analoqu olmayan insaflı oğru isə Azərbaycanda olub. Bizim bir çox məsələlərdə dünyada analoqumuz olmadığından elə bu məsələdə də yuxarıdakı oğurluq nümunələrini geridə qoyuruq.

Belə ki, bu hadisə keçən il olub. Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən ərzaq dükanlarının birində qəribə oğurluq hadisəsi baş verib.
Ərazidə yaşayan şəxslərin verdiyi məlumata görə, gecə yarısı pəncərəni qıraraq mağazaya daxil olan naməlum oğrunun davranışı hər kəsi, o cümlədən mağaza sahibini də təəəccübləndirib. Belə ki, kassada 200 manat pulun olmasına baxmayaraq, həmin pulun 1 manatına da toxunmayan oğru yalnız özünün zəruri bildiyi məhsulları götürərək gedib. Onun mağazadan götürdüyü məhsulların siyahısı isə belə olub:

10 yumurta, 2 çörək və 4 uşaq bezi.

Oğurluq hadisəsindən səhər saatlarında xəbər tutan mağaza sahibinin bu olaydan çox təsirləndiyi və bu üzdən də hüquq-mühafizə orqanlarına müraciət etmədiyi bildirilir.
Bu xəbər oxucular tərəfindən 664 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed