Şrift:
"İran primitiv oyun oynayır" MDHP sədri, Millət Vəkili FƏRƏC QULİYEVİN "Şərq"ə müsahibəsi.
18.07.2012 [18:49] - Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: "Öz terrorçularını bizim dinc ziyalı adamlarımızla dəyişmək istəyirlər"
Təkcə iki şairimiz deyil, yüzlərlə soydaşımız, Güney Azərbaycan türkü İranda əsirlikdədir


Gələn il ölkədə keçiriləcək prezident seçkilərinə ilyarım qalmasına baxmayaraq siyasi arenada süstlük müşahidə edilir. Hər zaman aktivliyi ilə seçilən siyasi təşkilatların önəmli məsələlərlə bağlı adi bir bəyanatına da rast gəlinmir. Bir neçə müxalif təşkilatın birləşdiyi İctimai Palatanı (İP) nəzərə almasaq, digər müxalif qüvvələr meydanda görünmür.



Halbuki 2013-cü il seçkilər ili olduğu üçün, təşkilatlar aktiv hərəkətə keçməli idilər. Fəaliyyəti nəzərə çarpmayan partiyalardan biri də millət vəkili Fərəc Quliyevin rəhbəri olduğu Milli Dirçəliş Hərəkatı Partiyasıdır (MDHP). Deputatla söhbətimizə də elə bunun səbəbləri ilə start verdik. F.Quliyev İran-Azərbaycan münasibətlərindən, Tehran rejimi tərəfindən həbs edilən 2 şairimizdən də danışdı. Ölkədəki ictimai-siyasi vəziyyətin stabil olduğunu deyən millət vəkili proseslərdə heç bir dəyişikliyin olmadığını söylədi...

- Siyasi proseslərdə hansısa dəyişiklik yoxdur. Dünyanın hər yerində olduğu kimi Azərbaycan siyasi arenasında da süstlük yaşana bilər. Amma qarşıdan seçkilər ili gəlir. Və bütün siyasi qüvvələr seçkilərə hazırlıq aparır. Başqa partiyaların işləri ilə bağlı hansısa söz deyə bilmərəm. Amma bizim təşkilat həmişə olduğu kimi fəaliyyətdədir. Partiyamızın bir neçə departamenti var ki, hər biri işini görməkdədir. Bundan əlavə, millət vəkili olaraq üzərimə düşən işləri görmüşəm. Hazırda parlament tətildədir, amma payız sessiyası başlayacaq ki, ona hazırlaşıram. Amma təbii ki, yay ayları olduğu üçün bizdən asılı olmayan səbəblərdən proseslər ləng gedir. Hazırda bütün dünya istirahətdədir. Buna baxmayaraq gələn il keçiriləcək prezident seçkilərinə hazırlıq görülür. Gündəmin əsas mövzusu isə həmişə olduğu kimi Qarabağ münaqişəsi məsələsidir. Artıq münaqişə ilə bağlı müəyyən gəlişmələr var. Hesab edirəm ki, ölkəmizin siyasi mühiti də daha çox Qarabağ probleminin həlli məsələlərinə konsentrasiya olmalıdır.

- Prezident seçkilərində MDHP hansı formada iştirak edəcək? Namizədləri dəstəkləyəcək, yoxsa öz namizədi ilə iştirakçı olacaq?

- Biz seçkilərdə hansısa namizədə dəstək verməyəcəyik, öz namizədimizlə qatılacağıq prosesə. Ola bilər namizəd mən olum və yaxud da partiyamızdan bir başqası olsun. Əgər seçkiyə qatılırıqsa, o zaman öz namizədimizi dəstəkləyəcəyik. Amma mətbuatda müəyyən narahatlıq doğuran informasiya var. Məsələn, bu günlərdə mətbuat yazıb ki, guya mən Rəsul Quliyevlə danışıqlar aparıram, onunla bir yerdə olmaq haqqında fikir mübadiləmiz var və s. Amma bunlar kökündən yanlış informasiyalardır. Öz təxəyyüllərinin məhsullarıdır ki, "etibarlı mənbəmiz" verib deyərək, çap edirlər. Sadəcə "qara piar"dan istifadə edilir MDHP-yə qarşı. Mən parlament seçkilərində iştirak edib, mandat qazandığım üçün, düşmən kimi baxırlar. Amma mənə və rəhbərlik etdiyim partiyaya qarşı iftiralar atan insanlar anlamırlar ki, seçkilərdə ona görə iştirak edilir ki, qazanasan. Bəyəm mən parlament seçkilərində mandatdan imtina etmək üçün iştirak etməliydim ki? Amma biz seçkilərə bu üsulla hazırlaşmayacağıq, kiməsə böhtan atmayacağıq. Normal şəkildə prezident seçkilərinə qatılmaq istəyirik.

- Bəs əməkdaşlıq necə?

- Azərbaycan cəmiyyətinə əməkdaşlığımızın formasını bəyan etmişik. Bildirmişik ki, ölkəmizin milli maraqlarına uyğun olan istənilən davranış, fikir kim tərəfindən deyilməsindən asılı olmayaraq tərəfimizdən dəstək alacaq. Azərbaycanın milli mənafelərinə zərər gətirən davranışlar isə pislənəcək. Kim olursa olsun, dövlətin milli maraqlarına zərər yetirmək istəyənlər bizi qarşısında görəcək. Bizim üçün fikrin kim tərəfindən deyilməsi önəm kəsb etmir, fikrin özü önəmlidir. Yazılı əməkdaşlıq sazişimiz olmasa da, milli maraqlar baxımından hər kəslə əməkdaşlıq edə bilərik. Amma MDHP siyasi bloklara qoşulmaqdan imtina edib. Və bu qərar da qüvvədədir. İstəmirik ki, hansısa bloklarda təmsil olunaq. İmtinanın da səbəbi var. Bloklar gördük, birliklər yaradıldı. Amma bunların heç biri uğur qazana bilmədi. Belə bloklar ambissiyalara görə parçalanırlar. Ona görə də hesab edirəm ki, bloklarda iştirakın önəmi yoxdur. Bizim bir çox departamentlərimiz fəaliyyət göstərir. Özümüzün kifayət qədər imkanlarımız, resurslarımız var ki, seçkilərdə sərbəst şəkildə, heç bir blokda, birlikdə təmsil olunmadan iştirak edək.

- Deyirsiz ölkədə təmsil olunmaq fikrimiz yoxdur, amma əməkdaşlığa hazırıq. Bəs bu əməkdaşlıq hansı formada mümkündür?

- Yenə də deyirəm ki, Azərbaycanın milli mənafelərinə uyğun davranış olacaqsa, həmin qüvvə ilə rəsmi sazişimiz olmasa da, dəstəyimiz olacaq. Yəni əməkdaşlıq deyəndə, bu formanı nəzərdə tuturam.

- Bu gün müxalif qüvvələrin toplaşdığı İctimai Palata (İP) var. Bu birliyin fəaliyyətini necə dəyərləndirirsiz?

- Açığını deyim ki, mən o qurumla maraqlanmıram. Desəm ki, İP-nin fəaliyyətindən xəbərim var, izləyirəm, yalançı olaram. İP təmərküzləşmə yerlərindən biridir. Əgər cəmiyyətdə hər hansısa təmərküzləşmə varsa, müxalif fikir, sağlam düşüncə, komanda ortaya qoymaq istəkləri varsa, buna normal yanaşıram. Müstəqil fəaliyyət göstərdiyimizə görə İP-dən heç bir asılılığımız yoxdur. Ona görə də maraqlı deyil, fəaliyyətlərini izləmək.

- Bir müddət bundan öncə keçmiş döyüş yoldaşlarınızdan biri haqqınızda yazılar dərc etdirdi mətbuatda. Və o yazılarda sizi xəyanətdə, dövlət maraqlarına zərbədə ittiham etdi...

- O yazılar gedən vaxt mən xaricdə səfərdəydim. Amma qayıtdıqdan sonra geniş şəkildə, detalları ilə cavab verdim. Kiçikliyə varmadan tam detalları ilə ittihamlara cavab verdim. Açığını deyim ki, mən bunlara cavab verməyəcəkdim. Amma bizim hərəkatçının davranışından, yazdığından ovaxtkı qiyamçı Sürət Hüseynovun dilinin açılmasını gördüm. O üzdən də məcbur olub məlum 108 saylı əmr haqqında, 9 fevral bəyanatı haqqında detallı açıqlama verdim. Əsaslandırdım ki, həmin vaxtlar nə baş verirdi. Ola bilər ki, bu məsələlərlə keçmiş bir neçə hərəkatçıdan istifadə etmək istəyirlər. Özləri bilərlər. Təmiz insana çamur heç vaxt yapışmaz, bu mümkün deyil. Gördüm ki, iranpərəst və rusiyapərəstlər "restovrasiya" olmaq istəyirlər. Onda bunu bir nəfərin mənə qarşı atmaq istədiyi çamur kimi qəbul etmədim. Minlərlə üzvü olmuş AXC-dən bir nəfərin danışmasına əhəmiyyət verməmək olardı. Amma anladım ki, başqa məqsədlər var, bir neçə adamlar mənə qarşı ədalətsiz kampaniyaya start veriblər, susmadım. Cavablarını verdim və hesab edirəm ki, fikirlərimi kifayət qədər əsaslandırdım.

- Son aylar İran-Azərbaycan münasibətləri gərgin olaraq qalır. Hazırda iki gənc şairimiz də qanunsuz olaraq, heç bir əsas gətirilmədən Təbriz zindanındadır. Aydındır ki, münasibətləri gərginləşdirən məhz İrandır. Sizcə bu ölkənin Azərbaycana qarşı siyasətinin arxasında nə dayanır?

- İranın Azərbaycana qarşı münasibəti hər zaman məkrli olub. Bu ölkə Quzey Azərbaycanın inkişafında heç zaman maraqlı olmayıb. Azərbaycan həmişə istəyir ki, bütün qonşularla xoş münasibətdə olsun. Amma neyləyək ki, Cənubda İran, Qərbdə Ermənistan, Şimalda isə Rusiya kimi qonşularımız var. Biz Azərbaycanı qəbul etməyən, ölkəmizin inkişafını istəməyən dövlətlərin əhatəsindəyik. Bunlar bizim iradəmizdən asılı deyil təbii ki. Qonşu dövlətləri biz özümüz seçməmişik ki. İran Güney Azərbaycanla Quzey birləşənədək, bu məkrli siyasətini davam etdirəcək. Mütəmadi olaraq İran KİV-ində Azərbaycana qarşı "qara piar"dan istifadə olunub, səfirimiz döyülüb, 30 milyondan çox Azərbaycan türkünün elementar hüquqları tapdalanır. Adi bir məsələni götürək, bu gün İran bilmirmi Ermənistan Azərbaycan torpaqlarını işğal edib? Müsəlman qardaşlığından danışan Cənub qonşumuz işğalçı Ermənistana nəfəslik verməkdə davam edir. İranın ana prinsipi var, kim Azərbaycanın düşmənidi, bu dövlət onunla dostdur, kim dostudur, İran həmin dövlətlə düşməndir. Sevindirici hal odur ki, İranın qarşısında Azərbaycan dayanır və layiqli cavab verir. Dünyanın bütün qaydalarını pozan, insan haqlarını tapdalayan, sanksiyalara məruz qalan İranın Azərbaycana meydan oxuması absurddur. İki gənc şairimizin, ən əsası vətəndaşlarımızın orada həbsi mənim üçün sürpriz olmadı. Çünki İran zindanlarında olan təkcə iki şairimiz deyil, yüzlərlə soydaşımız, Güney Azərbaycan türkü İranda əsirlikdədir. Hesab edirəm ki, bu əsirlərin qaytarılması üçün Güney Azərbaycan Hərəkatına dəstək verməliyik. İran imperiyasının yaratdığı problemlərdən o zaman qurtulacağıq.

- Gənc şairlərin qanunsuz həbsi ilə bağlı rəsmi Bakı Tehrana 5 nota göndərdi. Bu notaların heç birinə cavab verməyən Tehran rejimi vətəndaşlarımızı hələ də həbsdə saxlayır. Şairlərin azad olunması üçün hansı addımlar atılmalıdır?

- İran terrorçu bir dövlət olmaqla yanaşı, dünyanın qanunlarını saymır. Məsələn, MAQATE orada nüvə məsələsi ilə bağlı araşdırma aparmaq istəyir, imkan yaradılmır. Beynəlxalq aləm tələb edir ki, İranda nüvə silahı əldə edilməsinə son qoyulsun, demokratik dəyərlər sistemi yaradılsın, qonşu ölkələr təhdid edilməsin, ölkə daxilindəki bütün millətlərə azadlıq verilsin. Amma İran bu çağırışların heç birinə məhəl qoymur. İndi biz hansı formada vətəndaşlarımızı Təbriz zindanından azad edə bilərik ki? Əgər İran MAQATE-nin orada araşdırma aparmasına imkan vermirsə, azərbaycanlı bir qrup jurnalistin araşdırma aparmasına şərait yaradarmı? Bu mümkün görünmür. Hətta İran KİV-i bu günlərdə belə bir məlumat dərc etmişdi ki, Azərbaycandan ora gedə biləcək tanınmış ictimaiyyət nümayəndələri də həbsə alına bilər. Məsələ ondadır ki, İran heç bir əsas gətirmədən ora gedən vətəndaşlarımızı həbs etmək fürsəti tapır. Bu şairləri İranın həbsdən azad etməməkdə bir məqsədi var. Azərbaycanda terror aktı törətmək istəyən qruplaşmalar milli təhlükəsizlik orqanları tərəfindən zərərsizləşdirilib ki, bu da İranı qıcıqlandırır. İndi İran primitiv siyasət oyunu oynayır. Öz terrorçularını bizim dinc ziyalı adamlarımızla dəyişmək istəyirlər. Amma Azərbaycan beynəlxalq təşkilatlara çağırış etməlidir. Mən parlamentdə də bu məsələyə toxunmuşdum, indi də deyirəm ki, Azərbaycan İrana qarşı beynəlxalq sanksiyalara qoşulmalıdır. Bunun artıq zamanıdır. Çünki İranla başqa dillə danışmaq mümkün deyil. İctimaiyyət də hesab edirəm ki, bu işdə dövlətə dəstək verməlidir.


Anar Bayramoğlu
Bu xəbər oxucular tərəfindən 2890 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed