Şrift:
Fərid Hüseynin anası: “Məni belə görüş qane eləmir”
19.07.2012 [10:25] - Sosial
İranda həbs olunan şairin anası: “Oğlumu on dəqiqəlik görmək istəmirəm"

İranda həbs olunan şair Fərid Hüseynin anası Tahirə Hüseynova övladı ilə görüşə icazə verilməsi haqda xəbərdən sonra münasibət açıqlayıb. Şairin anası oğlu ilə görüşə icazə verilməsinə sevindiyini desə də, bu görüşə hazır olmadığını bildirib. T.Hüseynovanın sözlərinə görə, İran tərəfindən valideynlərin görüşünə icazə verilməsinin onlar üçün heç bir ciddi əhəmiyyəti yoxdur.

“Dünən Fəridlə danışmışam. Məni belə görüş qane eləmir. Mənim oğlumu buraxmayacaqlarsa, nə əhəmiyyəti var bu görüşün. İstəyirəm ki, dövlət səviyyəsində görüşsünlər. Mən uşağımı on dəqiqəlik görmək istəmirəm. Oğlumu mənə qaytarsınlar, bunu istəyirəm. İki aydan çox övladı yoxa çıxan ana, gözləri yol gözləyən ana necə olar axı? Gözüm Fəridi axtarır hər yerdə. Mən belə görüş istəmirəm. Oğlumu bir dəfəlik istəyirəm, on dəqiqəlik yox.

Dövlət səviyyəsində görüşlərin aparılmasını istəyirəm. Valideynin ora getməsinin onlara heç bir köməyi dəyməyəcək. Övladlarımızı görəndən sonra bizim əzablarımız, istirablarımız daha da artacaq. Bu görüşün heç bir mənası olmayacaq. Mən övladımdan ötrü ölümə də getməyə hazıram. İrana gedib Fəridi on dəqiqəlik görməyə mən necə razı ola bilərəm ki? Bu məni qane etmir”, - deyə şairin anası vurğulayıb.

T. Hüseynova bildirib ki, dünən Fəridlə telefon vasitəsilə danışanda oğlu vəziyyətinin normal olduğunu deyib:

“Telefonda Fərid məni görmək istədiyini dedi. O ancaq məni görmək istəyir. Hələlik bilmirəm Fəridi görməyə gedəcəm, yoxsa yox. Xarici pasportum da yoxdur. Ürəyim artıq partlayır. Oğlum məni görmək istəyir, yolumuzu gözləyir. Çünki məndən çox narahatdır. Telefonda mənə yaxşı olduğunu deyir, amma iki ay həbsdə olan adam necə yaxşı olar? Deyir ki, onlara yaxşı baxırlar. Hər halda iki ay yarım narahatdırlar, amma bildirmirlər. Hər dəfə televizorda Fəridi görəndə bir saat oturub ağlayıram. Mənim indiki günümü Fərid görsə daha da pis olacaq”.

T. Hüseynova mətbuat nümayəndələrindən başqa, heç kimin onlarla maraqlanmamasından gileylənib. “Heç kim bizi yada salmır, maraqlanmır. Bircə mətbuat işçiləri hər gün zəng vuraraq, məlumat almaq istədiklərini bildirirlər. Oğlumla bağlı heç bir rəsmi qurumdan bizimlə əlaqə saxlayan olmayıb”.

Qeyd edək ki, Xarici İşlər Nazirliyinin bu gün yaydığı məlumata görə, İranda həbs olunan şairlərlə görüşmək üçün yaxınlarına icazə verilməsi ilə bağlı razılıq əldə edilib.

Anar RÜSTƏMOV
Bu xəbər oxucular tərəfindən 1423 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed