Şrift:
Sərbəst güləşçilərimiz Avropa çempionatında 8 medal qazanmışlar
19.07.2012 [12:31] - Gündəm, İdman
Polşanın Katovitse şəhərində yeniyetmə güləşçilərin Avropa çempionatında sərbəst güləş yarışları başa çatmışdır.
Azərbaycan Güləş Federasiyasından bildirmişlər ki, ikinci yarış günü pəhləvanlarımız daha bir dəst medal qazanmışlar.
Çempionatda 63 kiloqram çəki dərəcəsində çıxış edən Ənvərbəy Dalqatov İsrail, Latviya və Ukrayna güləşçilərini məğlub edərək finala çıxmışdır. Güləşçimiz həlledici görüşdə Bolqarıstan təmsilçisi üzərində qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır.
Məhəmmədhacı Muxutov (76 kq) Ukrayna, Moldova, Gürcüstan və Türkiyə nümayəndələrinə qalib gəlmiş və qızıl medal uğrunda görüşdə isə Rusiya güləşçisinə uduzaraq ikinci olmuşdur. Elçin Vəliyev (54 kq) isə bürünc medal qazanmışdır.
Sərbəst güləş yarışlarının ilk günü 5 pəhləvanımız döşək üzərinə çıxmışdır ki, onların da hamısı medal qazanmışdır. Çempionatda 50 kiloqram çəki dərəcəsində çıxış edən Ruslan Surxayev finalda türkiyəli rəqibinə qalib gələrək Avropa çempionu olmuşdur. Coşğun Məmmədov (42 kq), Cahid Həsənzadə (58 kq) və Çermen Baqayev (85 kq) yalnız finalda uduzaraq gümüş medal qazanmışlar. Şamil Sadullayev (69 kq) isə bürünc medala yiyələnmişdir.
Beləliklə, qazanılan 2 qızıl, 4 gümüş və 2 bürünc medal sayəsində Azərbaycan yığması komanda hesabında Rusiya ilə birgə 78 xal toplasa da, qızıl medalların sayına görə Rusiya birinci, Azərbaycan ikinci olmuşdur. İlk üçlüyü 48 xalla Ukrayna tamamlamışdır.
Bu xəbər oxucular tərəfindən 1581 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed