Şrift:
İranda saxlanılan şairimiz: “Ata,niyə məni görməyə gəlmirsən?”
20.07.2012 [09:39] - Güney Azərbaycan xəbərləri
Azərbaycanın Təbrizdəki Baş konsulluğunun və Tehrandakı səfirliyinin göstərdiyi səylər nəticəsində İranda saxlanılan azərbaycanlı şairlərin ailə üzvləri ilə görüşməsi barədə razılıq əldə olunub.Bu barədə jurnalistlərə çərşənbə günü XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev bildirib.

Şəhriyar Hacızadənin atası Hacı Mayıl Hacızadə bildirib ki, Azərbaycan Xarici İşlər Nazirliyindən ona bu barədə məlumat verilməyib. “Mənə məlumat verilməyib. Amma axşam saat 20:15-də oğlum Şəhriyar mənə zəng etmişdi. Dedi ki, ata, bəs mən ötən dəfə də demişdim, məni görməyə niyə gəlmirsən?”
M.Hacızadə qeyd edib ki, Şəhriyar zəng edəndə deyib ki, gəlmək istəsən şəxsiyyət vəsiqəni götür, Təbriz Mərkəzi Məhkəməsinə get. “Ora müraciət edəcəyəm. Xarici pasportu və azərbaycanlı olduğunu təsdiq edən şəxsiyyət vəsiqəsini təqdim edəndən sonra Təbriz Şəhər Mərkəzi Məhkəməsi icazə kağızı yazacaq. Bundan sonra ETTELAT-ın Təbriz şəhərində olan bölməsinə məlumat veriləcək. Onlar bizim görüşməyimizi təmin edəcəklər”.
Bundan öncə Şəhriyarın yanına getməməsinin səbəbini isə Hacı Mayıl belə açıqladı: “Mən gözləyirdim ki, yaxın günlərdə onları buraxacaqlar. Ona görə getmirdim”.
“Mən indi Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət edəcəyəm ki, dövlətin də xəbəri olsun. Ondan sonra yaxın 3-4 gündə Şəhriyarı görməyə gedəcəyəm”.
Atası Şəhriyar və Fəridin vəziyyətinin yaxşı olduğunu deyib: “Şəhriyar dedi ki, normal yemək-içməyimiz var. Heç bir təzyiq olunmur”.
Mayıl Hacızadə bildirib ki, bu yaxınlarda onların öz otaqlarında miqrasiya ilə əlaqədar bir məhkəmə olub. “Uşaqlara deyiblər ki, Azərbaycan tərəfi lazımi sənədləri təqdim etmədiyi üçün onları həbsdə saxlayırlar. Sənədlər tam formada təqdim olunan kimi onlar azadlığa buraxılacaq. Onların həbs olunması sırf miqrasiya məsələsidir”.
Hacı Mayıl Hacızadə: “Mən Şəhriyara dedim ki, bütün sənədləşmələr aparılır. Bu yaxınlarda sənədlər İran məhkəməsinə təqdim olunacaq. İnşallah, yaxın günlərdə onları buraxacaqlar”.
Bu xəbər oxucular tərəfindən 953 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed